Min ildə bir dünyaya gələn sənətkar - FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

Min ildə bir dünyaya gələn sənətkar - FOTO/VİDEO

Xalqımızın ilk bəstəkarı olaraq bütün Şərqdə opera və operettanın əsasını qoymuş Üzeyir Hacıbəylinin bu gün dünyaya gəlməsindən 130 il ötür. Onun həyatının bəzi məqamlarına məhz bu gün bir də nəzərət etməyə ehtiyac duyaraq "El" jurnalında (tam versiya ilə ANS Şirkətlər qrupu məhsulu olan "El" jurnalın 2011-ci ilin 100-cü nəşrində tanış olmaq mümkündür) Südabə Sərvi tərəfindən hazırlanmış "Erməni xisləti və səhv müalicə" adlı məqaləni (ixtisfrla) oxucularımıza təqdim edirik:

"Azərbaycan professional musiqi sənətinin banisi, bəstəkar, musiqişünas, alim, publisist, alim, tərcüməçi, dramaturq, akademik, dirijor və ictimai xadim Üzeyir bəy haqqında çox yazılıb, çox deyilib. Amma onun həyatının və yaradıcılığının elə məqamları var ki, oxucular bu barədə az məlumatlıdırlar. Biz bununla bağlı Üzeyir Hacıbəyli irsinin və yaradıcılığının tədqiqatçılarından biri Səadət Qarabağlı ilə görüşdük.

Səadət xanım, necə oldu ki, siz Üzeyir Hacıbəyli irsinin tədqiqatı ilə məşğul olmağı qərara aldınız? Bu istək sizdə hardandır?

Gözümü açandan Üzeyir bəyin musiqisi ilə böyümüşəm. Anam mənə laylaları Üzeyir bəyin musiqiləri ilə çalıb. Universitetdə oxuduğum zaman «Ədəbiyyat və incəsənət» qəzeti üçün (indiki «Ədəbiyyat» qəzeti-red.) Üzeyir bəyin ev- muzeyi haqqında bir yazı yazmağı xahiş etdilər. 1979-cu il idi. Bir bazar günündə Üzeyir bəyin ev muzeyinə gəldim. Muzeylə tanış oldum. Muzeyin işçilərinə bir neçə sual verdim, amma bəzələrinə cavab ala bilmədim. İşçilərdən biri dedi ki, bir dəqiqə gözləyin, gəlirəm. Bir-iki dəqiqə keçmiş, içəri kübar görkəmli, döş cibində səliqə ilə qatlanmış dəsmal, əlində əsası olan hündür, yaşlı kişi daxil oldu. Tanış olduq. Heç demə bu mötəbər şəxs Üzeyir Hacıbəylinin böyük baldızının oğlu, Ev- muzeyin direktoru Ramazan Xəlilov idi. Bu adam canlı ensiklopediya idi, Üzeyir bəy haqqında çox şeylər bilirdi. Mən onda hiss etdim ki, Üzeyir bəy necə böyük bir insandır. Sonradan tale elə gətirdi ki, mən böyük insanın Ev-muzeyinin direktoru oldum.

İstərdim Üzeyir bəyin uşaqlığı haqqında danışasınız.

Üzeyir bəy 1885-ci il sentyabrın 18-də böyük sənətkarları ilə məşhur olan Şuşa qəzasının Ağcabədi mahalında dünyaya göz açıb. Atası Əbdülhüseyn bəy Xurşud Banu Natəvanın şəxsi mirzəsi idi. Çox savadlı, zadəgan təbiətli insan olub. Üzeyir bəyin uşaqlığı Şuşada keçib


Üzeyir bəy 5 yaşında atası ilə. 1890-cı il


İndi çox mübahisələr gedir, şuşalılar deyirlər ki, Üzeyir bəy Şuşada doğulub, ağcabədililər isə Ağcabədidə. Əslində Üzeyir bəyin bacı-qardaşlarının hamısı Şuşada doğulub. Təkcə Üzeyir bəy Ağcabədidə doğulub. Bunun da səbəbi odur ki, anası Şirin xanım ona hamilə olanda Ağcabədidə olan həyat yoldaşına baş çəkmək istəyir. Şirin xanımın bacıları Ağdamda ərdə idilər. O, əvvəlcə Ağdama gəlir, bacılar hərəsi bir az onu qonaq saxlayırlar, sonra Ağcabədiyə gedir, elə orada sancısı tutur. Beləcə Üzeyir bəy Ağcabədidə doğulmalı olur. Bir aydan sonra isə dəvənin üstünə kəcavə qoyurlar və Şirin xanım kəcavədə balaca Üzeyirlə bərabər Şuşaya qayıdır.

Üzeyir bəy hələ kiçik yaşında olarkən çox maraqlı bir hadisə baş verib. Bir gün o, qardaşları və qonşu uşaqlarla Natəvanın bağına meyvə yığmağa gedirlər. Bu məqamda Xan qızı həyətə düşür, bağına baxmağa gedir. Uşaqlar onu görüb almaları da götürüb qaçırlar. Üzeyir bəy isə bir-iki almanı buxara papağının altında gizlədir, amma qaça bilmir. Natəvan ona yaxınlaşanda balaca Üzeyir ona salam vermək üçün baş əyir. Bu vaxt papaq başından düşür və almalar yerə tökülür. Natəvan bunu görür və gülümsəyir. Soruşur:

-Siz burada neynirsiniz?

-Alma yığmağa gəlmişdik...

-Sən məni tanıyırsan?

-Bəli, tanıyıram. Siz Xan qızı Xurşid Banu Natəvansınız. Siz şairəsiniz, şeir yazırsınız.

Sonra balaca Üzeyir başlayır Natəvanın bir neçə qəzəlindən əzbər deməyə. Natəvan mat qalır: 5-6 yaşlı uşaq onun qəzəllərini əzbər deyirdi. Bu, Natəvanın çox xoşuna gəlir. Ona deyir:

-Sən çox qoçaq, ağıllı oğlansan. Sənin gələcəyin parlaq olacaq.

Üzeyir bəy ilk təhsilini Şuşada mədrəsədə aldığı zaman orada ərəb, fars dillərini mükəmməl öyrənir. Sonra Haşım bəy Vəzirovun ikiillik rus-Azərbaycan (o vaxt rus-tatar adlanırdı) məktəbində təhsil alır. 13 yaşında olarkən «Kitabi -məzhəkə» hekayələr toplusunu yazır. Özü də əl yazısı ilə. Həm də onlara illüstrasiyalar çəkir və kitabı özü cildləyir. Gündə üç dənə kitab yazırmış. Şuşada xeyli adam bu kitabı alır. Kitabın qiyməti də üstünə yazılmışdı;15 qəpik. Üzeyir bəy kitablardan qazandığını anasına verirdi.

Üzeir 14 yaşında olanda Qori Müəllimlər Seminariyasında oxumağa gedir. Üzeyir bəy ilk dəfə musiqi alətində çalmağı öyrənir: özü də 3 alətdə: violonçel, bariton adlanan nəfəsli alət və skripkada. Burada o həm də xalq mahnılarını nota salmağı öyrənir. Orada oxuduğu müddətdə -1903-cü ildə "Dəllək" adlı ilk hekayəsinin yazır.

Qori seminariyasını bitirdikdən sonra Üzeyir bəy harada işləyir?

1904-cü ildə oranı bitirdikdən sonra Hadrud məktəbinə işləməyə göndərirlər. Üzeyir bəy orada bir il rus dili, nəğmə, musiqi dərsi dedi. Hətta Hadrut məktəbinə piano da alıb bağışlamışdı. Bir il keçmir ki,1905-ci ildə erməni-müsəlman davası başlayır. Kəndin ağsaqqalları narahat olurlar ki, ona nəsə ola bilər, ona görə gecə ilkən , Üzeyir bəyi kənddən çıxarırlar, Yevlaxa gətirirlər, oradan qatara mindirib Bakıya yola salırlar. Üzeyir bəy 1905-ci ildən ömrünün axırına qədər Bakıda yaşayır.

Səadəd xanum,«Arşın mal alan əsərinin 1945-ci ildə, müharibə vaxtı çəkilməsinin səbəbi nə idi?

Əslində film 43-cü ildə çəkilib, amma 45-ci ildə ekranlara buraxılıb. Bunun da səbəbi vardı.1942-ci ildə İranda sovet qoşunları xidmət edirdi. Bir dəfə Şimali Azərbaycandan mədəni xidmət üçün ədəbiyyat və incəsənət xadimləri İrana gedirlər. Orada kinoteatrda bir filmə baxırlar. Görürlər ki, bu film tamamilə Üzeyir bəyin «Arşın mal alan» əsəri əsasında çəkilib, hətta sujeti, musiqisi də Üzeyir bəyin əsərindəndir. Lakin heç yerdə Üzeyir bəyin adı göstərilməyib. Bunu Amerikada yaşayan erməni rejissoru Mamoliyan çəkmişdi. Titrlərdə yazılmışdı ki, bu film şərq motivləri əsasında çəkilib. Bizim Azərbaycanlı nümayəndələrSüleyman Rüstəm , Şəmsi Bədəlbəyli , Məmməd Əkbər , Qılman İlkin və başqaları bu filmə baxır və çox əsəbləşirlər. Onlar Bakıya gələn kimi bunu Üzeyir bəyə xəbər verirlər. Üzeyir bəy Mircəfər Bağırova və daha sonra Molotova məktub göndərir. Molotov bu barədə SSRİ dövlət rəhbəri Stalinə xəbər verir. Stalin bir az fikirləşir və deyir ki, "SSRİ müəllif hüquqlarının müdafiəsi beynəlxalq konvensiyasına daxil olmadığı üçün biz Üzeyir bəyin hüquqlarını birbaşa müdafiə edə bilməyəcəyik. Bunun yalnız bir yolu var ki, təcili olaraq Bakı studiyasında «Arşın mal alan» filmi çəkilsin və bütün dünya ekranlarında göstərilsin".


"Arşın mal alan" tamaşası, Aşqabad 1917-ci il


1938-ci ildə Moskvada Azərbaycan incəsənəti günlərində Üzeüir bəyin əsərləri böyük uğur qazanır, hətta Stalin özü ona böyük dəyər verir. İstərdim bu barədə danışasınız…

"Bəli1938-ci ildə Moskvada Azərbaycan incəsənəti dekadası keçirildi. Nümayəndə heyətinin incəsənət üzrə rəhbəri Üzeyir bəy idi. Orada Üzeyir bəyin "Arşın mal alan", "Koroğlu" ,Müslüm Maqomayevin "Nərgiz" , Qliyerin "Şahsənəm" operaları göstərilib. Üzeyir bəyin əsərləri çox böyük uğur qazanır, Moskva tamaşaçıları onu çox alqışlayırlar. Dekadada hər əsər iki dəfə göstərilməli idi. Amma Üzeyir bəyin "Koroğlu" operası Stalinin xahişi ilə üç dəfə göstərilir. Stalinin o qədər xoşu gəlib ki, hər üçündə də şəxsən özü baxır. O əsərdən sonra Üzeyir bəy SSRİ bəstəkarları içərisində ilk dəfə SSRİ xalq artisti adına layiq görülür və Stalin mükafatı alır. Həmin ərəfədə "dostluq şarjı" da çəkilir- bütün Sovet bəstəkarlarını Üzeyir bəy öz arxasınca aparır.


"Dostluq şarjı" - bütün Sovet bəstəkarlarını Üzeyir bəy öz arxasınca aparır.


Dekadadan sonra Azərbaycandan gedən nümayəndə heyətinin şərəfinə Stalin şəxsən ziyafət verir. Həmin ziyafətdə Stalin şəxsən özü «Arşın mal alan»dan bir parça- Əsgərin ariyasını oxuyur. Və Stalin orada şəxsən etiraf edir ki, mən sizin əsərinizi lap gənclik yaşlarımdan çox sevmişəm. Sizin "Koroğlu" operanız mənim çox xoşuma gəldi. Siz burada Şərq musiqisi ilə Qərb musiqisininn sintezini yaratmısınız. Bu, bütün sovet bəstəkarlarına bir örnək olmalıdır:

- Çünki orada Şərq musiqi ilə bərabər, Şərq musiqi alətləri də səslənir. Yaxşı olar ki, sovet musiqiçiləri arasında bir müsabiqə keçirək. Xalq musiqisi alətlərində ifaçıların müsabiqəsi. Həmin müsabiqəyə də siz rəhbərlik edəsiniz.


Üzeyir bəyin yaratdığı Azərbaycan xalq alətləri not ansamblı (1932-ci il )

Hətta Stalin vaxt da qoyur: 39-cu ilin oktyabrında bu müsabiqə keçirilməli idi. Üzeyir bəy Bakıya qayıdan kimi bütün respublikalara xəbər göndərir ki, respublikalararası belə bir müsabiqə keçirilsin oradan da qalibləri seçsinlər. Üzeyir bəy münsiflər heyətinin sədri idi. Elə olur ki, bir neçə erməni birinci turdan ikinci tura keçə bilmir. Onlar dərhal Moskvaya, Molotova şikayət məktubu yazırlar ki, bəs Üzeyir Hacıbəyov milliyətçidir, erməni olduğumuza görə bizi ikinci mərhələyə keçməyə qoymadı. Halbuki münsiflər heyətində bütün respublikalardan nümayəndələr vardı. Amma onlar Üzeyir bəyi ləkələmək, əsəbləri ilə oynamaq üçün Molotova belə bir məktub yazdılar. Molotov da məktubu Üzeyir bəyə göndərir. Həmin dövrdə Ramazan bəy də Üzeyir bəylə Moskvada bir yerdə imiş. Ramazan bəy danışırdı ki, o vaxt mən də Üzeyir bəyin yanında idim. Deyir, «o məktubu oxuyandan sonra Üzeyir bəy çox əsəbiləşdi, böyük stress keçirdi. Həmin o stressin nəticəsində şəkər xəstəliyi onu tapdı. Getdikcə bu hadisə öz işini görürdü. Üzeyir bəyin şəkəri çoxaldı».
Onu «Leçkomissiya»nın xəstəxanasına qoyurlar. İşə baxın ki, orada Üzeyir bəyi müalicə edən həkim də erməni olur. Və erməni xisləti özünü göstərir: erməni həkim Üzeyir bəyi tərsinə müalicə edir. Üzeyir bəyə həm insulin iynəsi vurulurdu, həm də çox ciddi pəhriz qoyurdular. Bir ayın içində Üzeyir bəy 18 kiloqram arıqladı. Və tədricən ürəyi zəifləməyə başladı.


Birinci sırada sokdan ikinci Ü.Hacibəyli, üçüncü D.Şostakovic məhşur sovet bəstəkarların arasında (1946 -ci il)


1946-cı ildə Üzeyir bəyin xəstəliyi kəskinləşməyə başlayır. Mir Cəfər Bağırov Stalinə müraciət edir ki, Üzeyir bəyin vəziyyəti ağırdır. Stalin isə bildirir ki, təcili şəkildə onu Kreml xəstəxanasına göndərin, burada özümüz nəzarət edəcəyik.47-ci ildə onu Moskvaya göndərirlər. Kreml xəstəxanasında həkimlər baxıb bildirirlər ki, indiyə qədər Bakıda onu tərsinə müalicə ediblər. Üzeyir bəyi Yesenktuyə göndərirlər. Üzeyir bəyin vəziyyəti o dərəcədə ağırlaşır ki, həkimlər bəlkə heç onu Bakıya çatdıra bilməyəcəklərini söyləyir. Amma Ramazan bəy deyirdi ki, «sovet ordusunun terapevti vardı; Vovsi. Çox güclü həkim idi. Gedib onu tapdım. Gəldi müayinə elədi, dedi:

-Doğrudan da tərsinə müalicə olunub. Çox zəifləyib, ürək də zəifləyib. Güman yoxdur ki, sağalıb qalxsın. Mən ona iynə-dərman yazacam ki, siz onu Bakıya aparıb çıxara biləsiniz, hətta bir 3 ay da yaşayacaq.


Zülfüqar bəy Hacıbəyli qardaşı Üzeyir bəyi ziyarət edərkən. "Barhiva" sanatoriyası iyul, 1948

48-ci ildə gəldik Bakıya, Mərdəkana. Hökumət bağlarında qalırdı. Buranın həkimləri Üzeyir bəyə müalicəyə başlayırlar. Vəziyyəti bir az düzəldi, yaxşılaşdı. Başladı həyətdə gəzməyə. Amma çox çəkmədi ki,1948-ci ilin noyabr ayının 23-də dünyasını dəyişdi.

Səadət xanım necə düşünürsünüz, tarix bir də Azərbaycan xalqı üçün belə insan yetişdirəcək?

Fikirimcə yox. Bir dəfə televiziyada mənə sual verdilər ki, 100 ildən sonra Üzeyir bəy kimi insan yetişə bilərmi? Dedim ki, nəinki yüz ildən bir, Üzeyir bəy kimi dahi sənətkar heç min ildənbir də yaranmır. Üzeyir bəy Allah tərəfindən Azərbaycana göndərilən bir ərməğan idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm