Nazirlik: Dərmanların yeni qiymətlə satışında problemlər var
Bizi izləyin

Qırmızı.az

Nazirlik: Dərmanların yeni qiymətlə satışında problemlər var

Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev dərmanların vahid qiymətə satılması ilə bağlı apteklərdə yaranan bəzi problemlərə münasibət bildirib.

Trend-in məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı bəzi problemlərin olduğunu deyib: “Sözsüz ki, işin əvvəlidir və problemlərdən qaçmaq mümkün deyil. Müəyyən qədər problemlər var. Satışda qiyməti düzgün göstərilməyən, ölkədə qeydiyyatdan keçməyən dərman preparatları var. Hesab edirəm ki, qısa zaman kəsiyində problemlər aradan qaldırılacaq”.

Gələn ilin ortalarına qədər ölkədə satışa çıxarılan bütün dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənəcəyini deyən E.Ağayev qeyd edib ki, ölkə rəhbərinin tapşırığı ilə dərman preparatlarının qiymətlərinin tənzimlənməsi istiqamətində çox sürətli addımlar atılır: “Nazirlər Kabinetinin qərarı ilə ölkədə qeydiyyatdan keçmiş dərman preparatlarının tənzimlənməsi və onlara nəzarət mexanizmləri hazırlanıb, qərar qəbul olunub, Tarif Şurası qiymətlərin qoyulması üçün təlimat hazırlayıb. Artıq 25 təsiredici maddə üzrə 1057 dərmanın qiyməti tənzimlənir və 15 sentyabrdan qiymətlər qüvvəyə minib”.

E.Ağayev qiymətləri tənzimlənən bəzi dərmanların apteklərdə tapılmamasına, Asiya ölkələrindən gətirilən dərmanların qiymətinin ucuzlaşması barədə əhali arasında yayılan fikirlərə də münasibət bildirib.

Nazir müavini deyib ki, bu gün Azərbaycanda qeydiyyatdan keçən dərmanların 57 faizi Avropa, 26 faizi MDB ölkələrinin (12 faizi Rusiyanın) payına düşür. Hindistan və Asiya ölkələrinin payına isə çox kiçik pay düşür: “Söz yox ki, qiymətlərin tənzimlənməsi müəyyən problemlər də yaradacaq. Amma biz bu problemlərdən qorxmamalıyıq və işimizi davam etdirməliyik. Sözsüz ki, sonda yaxşı nəticə əldə olunacaq. Məqsədimiz odur ki, ölkə əhalisinə satılan dərmanlar birinci növbədə keyfiyyətli olsun, ikinci növbədə isə onların qiymətləri aşağı olsun. Tarif Şurasının qərarına baxdıqda görmək olur ki, qiymətləri bir necə dəfə endirilən dərmanlar var. Çox baha qiymətə olan dərmanlar varsa və onların qiymətləri süni şəkildə qaldırılıbsa, təbii ki, biz onların bazarda olmasının tərəfdarı deyilik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm