“Dövlətin verdiyi cəzanı çəkdim, Allahın verdiyi cəzanı çəkə bilmirəm” – ANS və ATV-nin keçmiş əməkdaşının həbsxana hekayəti
Bizi izləyin

Qırmızı.az

“Dövlətin verdiyi cəzanı çəkdim, Allahın verdiyi cəzanı çəkə bilmirəm” – ANS və ATV-nin keçmiş əməkdaşının həbsxana hekayəti

Paralel və kəsişən xətlərin arxasından həyat başqa cür görünür. Onlar günəşi də, dənizi də, səmanı da, nəfəs aldığımız havanı da bizdən daha artıq sevirlər. Onlar üçün dünya tam deyil. Hətta gördükləri səma da barmaqlıqların imkan verdiyi ölçüdədir. Həbsxana həyatını orada olmadan təsvir etmək mümkün deyil. Hətta ən təsirli təsvir belə içəridəki məhkumun keçirdiyi hisləri tam olaraq ifadə edə bilməz. Bunu həyatının bir neçə ilini həbsxanada keçirən keçmiş məhkum Sübhan Kərimov da söhbətində təsdiqlədi. Əslində İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirən 35 yaşlı Sübhan Kərimov ANS və ATV kanallarında operator kimi çalışıb. 2011-ci ilin fevral ayında Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum olunan keçmiş məhbus törətdiyi cinayət əməli haqda danışmaq istəməsə də, onu bildirdi ki, aldığı dərs onun həyatını bütünlüklə dəyişib. Şəklinin dərc olunmasını istəməsə də, müsahibənin kiməsə örnək ola biləcəyini düşünüb bizə həyatının ən ağrılı günlərini anlatdı. Ona ən böyük cəzanı isə yenə də həyat verib – 1 yaşlı qızı 4-cü mərtəbədən yıxılsa da, möcüzə nəticəsində sağ qalıb.

Publika.az keçmiş məhkumun həyat hekayəsini təqdim edir.

...“Bundan “otpusk” var, pensiya yoxdur”

Mən həbs olunma səbəbimlə bağlı danışmaq istəmirəm. Çünki o günlərə qayıtmaq mənə çox ağır gəlir. Ancaq onu deyə bilərəm ki, o vaxt ehtiyacdan oğurluq etdim. Səmimi etiraf edirəm ki, bu cinayəti törətmişəm və onun cəzasını çəkirəm. Əslində həbsxana mənə çox şey öyrətdi.

Həbsxanada insanlar bir neçə qrupa bölünür: ora təsadüfən düşənlər və həbsxananı özünə həyat devizi seçənlər. Dustaq yoldaşlarım nərd, domino oynayıb vaxtlarını “öldürəndə” mən kitabxanadan çıxmırdım. Kitabxanaçı deyirdi ki, çıx get, mən də gedim yemək yeyim. Mən isə kitabxanadan çıxmadım, unutduğum qanunları təkrar oxudum, hüquqlarımı öyrəndim. Heç kəs bundan sığortalanmayıb. Amma cəzaçəkmə müəssisəsindən çıxanda 7 təşəkkür almışdım. Orada düşünməyə vaxt daha çoxdur. Elə etməlisən ki, heç olmasa, bir də ora düşməyəsən. Prezident tərəfindən hər dəfə əfv fərmanı imzalananda mənim əfv xahişi yazdığım ən azı 7 məhkum azadlığa buraxılırdı. 2 il 9 aydan sonra cəzam yüngülləşdirildi və məntəqətipli cəzaçəkmə müəssisəsinə köçürüldüm.

Mən həbsxanada çox şeylər görmüşəm. Cəmiyyətimizin bir nömrəli bəlası olan narkomaniyanın qurbanları ilə həbsxanada tez-tez mübahisələrim olurdu. Mən onlara izah etməyə çalışırdım ki, bu həyat sonu görünməyən qaranlıqdır. Təsəvvür edin ki, onların ən yaxşı düşünənləri ilə söhbətdə bu sözləri eşidirdim: ““Bacıoğlu, bundan “otpusk” var, pensiya yoxdur”. Yəni gör bu insan özünü necə inandırıb. Düşünür ki, bundan biryolluq ayrılmaq mümkün deyil. Elə insanlar var idi ki, onlar həbs olunmalarına görə hətta dövlətə təşəkkür edirdilər. Deyirdilər ki, ölən ayağımız idi, əgər tutulmasaydıq, artıq narkotikin yüksək dozasından öləcəkdik.

“Bəxtiyar Hacıyevlə həbsxana yoldaşı olmuşam”

Mənim həbsxanada yoldaşlıq etdiyim ən yaxın adam Bəxtiyar Hacıyev idi. Onunla söhbətim yaxşı tuturdu. Savadlı adam üçün savadsızlar arasında cəza çəkmək çox çətindir. Onların öz düşüncələri var. Amma onu da deyim ki, elələri savadlı insanlara çox hörmət edirlər. Biz o şəxslərin hüquqlarını tələb edirdik.

Mən həbs ediləndə ailəli idim, iki övladım var idi. İçəri düşəndən iki ay sonra balaca qızım 4-cü mərtəbədən yıxıldı. Hökumətin verdiyi cəza məni o qədər sarsıtmadı, nəinki Allahın verdiyi bu dərs. Əvvəlcə, çox pis oldum, sonra düşündüm ki, görünür, bu, Allahın mənə görküdür. Hökumətin verdiyi 4 il 3 ay cəzası gəldi keçdi. Körpə 4-cü mərtəbədən yıxılıb dünyasını da dəyişə bilərdi. Lakin o sağ qaldı. 4 il 3 ay mənə görə heç nədir, onun ayağını çəkdiyini görmək məni məhv edir. Bəlkə də, mən bu cinayəti törətməsəydim, qızımın yanında olsaydım, bu hadisə də baş verməzdi. Doğrudur, hazırda qızım yeriyir, amma əməliyyata ehtiyacı var.

Məhkumu evindən yalnız 4 divar ayırmalıdır

Mən cəzaçəkmə müəssisəsində olanda Ombudsman və digər qurumlar həbsxanaya baş çəkirdilər. Rəisdən mənim necə məhkum olduğumu soruşduqda bildirirdilər ki, biz ona məhkum kimi baxmırıq. Mənə həmişə hörmət edilirdi. Avropa Konvensiyasını oxuduqdan sonra həbsxana rəhbərliyi ilə böyük bir mübahisəmiz oldu. Dedim ki, məhkumu evindən yalnız 4 divar ayırmalıdır, qalan hər bir şey evindəki kimi olmalıdır. Bunu oradakı digər məhbuslar bilmirdilər. Axı məhbus da insandır, cəzaçəkmə yerləri də cəhənnəmi xatırlatmamalıdır. Bəzən mənə deyirdilər ki, sən onları niyə ayıldırsan? Amma rəisimiz Nazim Kəngərli təcrübəli adam idi və deyirdi ki, düz edir, biz maarifləndirə bilmirik, qoy o etsin. Ən azından 3 adam buradan çıxıb normal iş sahibi ola bilər. Amma hamı onun kimi düşünmürdü və elələri də var idi məsləhət verirdilər ki, başını ağrıtma, bu, sənə lazımdır?

Tanınmış aktyor dostlarım həmişə yanıma gəlib-gediblər. Adlarını çəkmək istəmirəm. Mən həbsxanadan çıxandan sonra onlar məndən xahiş etdilər ki, obrazlı şəkildə həbsxana ilə azad həyatın fərqini izah edim. Bir az düşündükdən sonra dedim ki, siz uşağınızı yuxuda pis görəndə nə edirsiniz? Yəqin ki, qalxıb uşağın beşiyinə baxırsınız və deyirsiniz ki, Allahım, şükürlər olsun ki, bu, yuxudur. Təsəvvür edin ki, mən yuxuda uşağımın başına bir iş gəldiyini görən kimi oyanırdım, sağımda da, solumda da kişiləri görürdüm. Səhərə qədər yata bilmirdim, ailəmlə telefonla danışacağım anı həsrətlə gözləyirdim. Bax həbsxana ilə azadlığın fərqi budur.

“Oxran” baba, atam gəlib...”

Qızım eyvandan yıxılan gecə onu yuxumda gördüm. Gördüm ki, uşaq evin önündəki eyvanda əlimdən yerə düşdü. O, mənə agah oldu. Düzdür, 11 ay bunu məndən gizli saxlayıblar. Öyrənəndə pis oldum, amma Allaha şükür etdim.

Mən evə dönəndə dedim ki, 6 ay məni sıxmayın. Düşünürdüm ki, cəmiyyət mənə inanmayacaq. Sonra özümü doğrultdum və işləməyə başladım. Amma zülm çəkdim, 1-2 ay insanlardan qaçdım. Dostlarım adaptasiya olunmağıma kömək etdilər. Dedilər ki, sınma, sən artıq cəzanı çəkmisən.

Çıxandan bir neçə gün sonra evdə mənə dedilər ki, heç olmasa, uşaqları bağçaya sən apar. Mən onları aparanda bağçanın qarşısında elə bir mənzərə ilə rastlaşdım ki, o səhnəni heç kəsə arzulamıram. Qızım əlimdən çıxıb mühafizəçinin yanına qaçdı və məni ona göstərdi ki, “Oxran” baba, bax, atam gəlib. Mən sənə deyirdim atam gələcək...” Həbsdə olduğumu bilmirdilər, ailəm onlara Rusiyada çalışdığımı demişdi. Mən qızımın gözündəki ifadəni heç cür təsvir edə bilmirəm. Axı bu uşaqların nə günahı var idi ki, onları 2 il 9 ay özümə həsrət qoydum? Xüsusən də qız uşaqları çox həssas olurlar.

Öz-özümə bunu həmişə təkrar edirəm ki, ikinci dəfə ora düşsən, özünü as öldür. İnsan bura təsadüfən düşə bilər, avtoqəza törədər və s. Amma mən bilə-bilə cinayət törətmişdim. Düzdür, deyirlər bu, şeytan işidir, amma şeytan savadsız adamları yoldan çıxarır. Savadlı adam ona getməməlidir.

“Məktub yazdım ki, ailəmi də həbsxanaya göndərin”

Həbs olunandan sonra dükanımızı əlimizdən aldılar, ailəm çox çətin vəziyyətə düşdü. Mən onda rəhbərliyə müraciət etdim ki, ailəmi, uşaqlarımı da həbsxanaya göndərin. Heç olmasa, burada dövlət gündə 3 dəfə yemək verir. Mən balamın evdə ac qaldığını bilə-bilə buradakı yeməyi neyləyirəm? Rəis mənə deyirdi ki, sənin xətrini ona görə istəyirəm ki, bura düşəndən heç vaxt qarnının davasını etməmisən. Sən burada oturub evini fikirləşirsən, onlara gün ağlamaq istəyirsən. Prezident müstəsna hüququndan istifadə edib ildə 4 dəfə əfv fərmanı verir. Mən prezidentə məktub yazmışdım ki, doğrudur, mən cinayət törətmişəm, cəzamı çəkirəm, amma bunda balamın günahı yoxdur. Həmişə həbsxanada məhbus yoldaşlarıma deyirdim ki, heç olmasa, özünüz bir addım atın, prezidentə yazın ki, bizi əfv elə, səhvimizi başa düşmüşük.

Cəzaçəkmə müəssisələrində əsas problem ondadır ki, əsgərlikdən qaçan 18 yaşlı uşaqla 6 dəfə cinayət törətmiş canini eyni kameraya salırlar. Avtomobil qəzası törədənlə ağır cinayətkarı eyni yerə salmaq düzgün deyil.

“Zülmətə açılan səhər”

Mən həbsxanada “Zülmətə açılan səhər” adlı ssenari yazdım. Sırf faktlara söykənir. Bunu ekranlaşdırmaq bir qədər çətindir, vəsait tələb edir. Amma gələcəkdə film çəkmək fikrim var. Burada əsas yeri narkomaniyaya ayırmışam. Bir gənclə söhbət etdim. Onun da iki uşağı var, həyat yoldaşından boşanmaq istəyirdi. Uşaqlarının şəklini mənə göstərdi. Soruşdum ki, bu boyda uşaqları necə atmaq olar? O artıq bu uşaqlara lazım olmadığını, onlara heç nə verə bilməyəcəyini bildirdi və dedi ki, heç olmasa, həyat yoldaşım bundan sonrakı həyatını başqası ilə xoşbəxt yaşasın.

Azadlıqda azadlığın qədrini bilə bilməzsiniz. Həbsdə 4 divardan o tərəfi görmürsən, gördüyün ancaq səmadır. Orada itirilmiş azadlığın dəyəri bilinir. Ora bizə çox şey öyrətdi, həbsxanada düşünməyə vaxt çox olduğundan insan çox fikirləşir. Vaxt var, düşün və bundan sonrakı həyatını düzgün qur...

Ad çəkmək istəmirəm, amma həbsxanada öyrəndim ki, elə məşhur və zəngin insanlar var ki, vaxtilə mənim olduğum cəzaçəkmə müəssisəsində cəza çəkiblər. Hətta həbsxanadan çıxanda ciblərində yolpulu olmadığından rəis onlara 1 manat verib evə yola salıb. Yəni bir insan həbsxanaya düşüb deyə öldürmək olmaz ki. Həbsxanadan çıxanları hamı eyni cür qəbul etmir. Başa düşənlər, normal qəbul edənlər etməyənlərdən çox azdır.

Hara gediriksə, hansı təşkilatdan iş istəyiriksə, məhkum olduğumuzu biləndə işə götürmürlər. Buna görə həbsxanadan çıxanların 80 faizi yenidən cinayət törədir. Çünki məhkum damğası alınlarındadır.

“Məhkum ailəsindən sosial yardım üçün 6 ayın pulunu “şirinlik” istəmişdilər”

İrandan olan bir məhkumla eyni həbsxanada qalmışam. Onun üçün də əfv müraciəti yazdım və həbsdən azad edildi. O, dizlərini yerə atıb Allaha dua etdi. Mənə dedi ki, qızını gətir Məşhədə, özüm müalicə etdirəcəm. Bəlkə də, o dualara görədir ki, qızım bu gün həyatdadır.

Elə bir vəziyyətə düşmüşdüm ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinə müraciət edəndə daha heç kimə inanmırdım. Amma yenə də Allahdan ümid kəsilməz. Orda dedim ki, ağlamaq kimi olmasın, amma bu, ailəmin yaşadığı ünvandır, gedin onların vəziyyəti ilə yerində tanış olun. Bir həftədən sonra onlar evimizdə oldular və həqiqətən də ailəmə kömək etdilər. Sosial yardım almaq üçün ailəm müvafiq dövlət qurumuna müraciət etmişdi. Baxmayaraq ki, orada işləyən öz sinif yoldaşım idi, məhkum ailəsindən 6 ayın pulunu “şirinlik” istəmişdi. Cəmiyyət bu işdə də ailəmə kömək etdi və onları çətin vəziyyətdən çıxardı.

Bir dəfə olduğum zonda konsert verirdilər. Mən meyxanaçılara dedim ki, siz buradakı insanlara yuxarıdan aşağı baxmayın. Onların içərisində filosoflar var ki, sizi sözlə bağlayarlar.

Həbsxana nə uşaq bağçasıdır, nə də qocalar evi

Cinayət aləminin öz qayda-qanunları var. Orada hər cinayətə görə sorğu-sual olunurlar. Sən kimi soymusan, bəlkə bu, onun son pulu idi. Həbsxanadakı vəziyyətlə bağlı onu deyə bilərəm ki, bu gün Azərbaycan həbsxanasında cəza çəkən məhkumların 90 faizi narkomanlardan ibarətdir. Ümumən deyə bilərəm ki, insan nəfsinin ucbatından həbsə düşür.

3 aydan bir ailəmlə görüşə bilirdim. Rəis ailəmə, uşaqlarıma olan sevgimi dəyərləndirib mənə təşəkkürnamə verdi və bəzən ay yarımdan sonra ailəmlə görüşə icazə verirdi. Ümumiyyətlə, buradakı “paqon”lular ailəsinə, uşağına bağlı məhkumlara hörmət edirlər, onları yenidən pis mühitə düşməyə qoymurlar. Burada da haqsızlıq var, orada da. Həbsxananın öz qanunları var. 60 yaşlı kişi ilə 18 yaşlı gənc eyni həbsxanada qalır və hamı qab da yuyur, başqa işlər də görür. Oranın bir qanunu da var, həbsxana nə uşaq bağçasıdır, nə də qocalar evi. Əgər cinayət etmisənsə, cəza çəkməlisən və bunu da normal çək. "Mən xəstəyəm, oram ağrıyır-buram ağrıyır" deyib boyun qaçıra bilməzsən. Hamı qaldığı yeri təmizləməlidir. Orada hərə öz yerini tanıyır. Həbsxananın yeganə yaxşı cəhəti budur. Bir də həbsxana mənə səbir, dözüm öyrədib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm