• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Gündəlik”dəki səhvlər – Təhsil Nazirliyi məsuliyyəti üzərindən atdı - FOTOLAR

“Gündəlik”dəki səhvlər – Təhsil Nazirliyi məsuliyyəti üzərindən atdı - FOTOLAR

Yeni tədris ili başlayandan təhsillə bağlı problemlər gündəmə gəlib. Növbəti belə fakt məktəbli kitabçalarında (gündəlik) aşkarlanıb. Belə ki, şagirdlərin istifadəsinə verilən məktəbli kitabçaları səhvlərlə doludur.

Kitabçada Dövlət Bayrağı Günü 18 Oktyabr, Dövlət Müstəqilliyi Günü isə 9 Noyabr tarixi kimi göstərilib. Digər səhv isə dərs ilinin bitmə tarixi ilə bağlıdır. Bəzilərində son dərs günü 8, bəzisində isə 11 iyun kimi göstərilib. Bu isə şagirdlər arasında çaşqınlıq yaradıb. Bu ildən tədris ilinin uzadılması və onun tarixi ilə bağlı çaşqınlıq haqlı olaraq müəllim və şagirdlərin narazılığına səbəb olub. Bayram günləri ilə bağlı məlumatı şagirdlər başqa mənbələrdən dəqiqləşdirə bilər. Lakin dərs ilinin son günü məsələsində onlar "Gündəlik" məlumatına daha çox inanırlar.

Düzdür, məktəbli kitabçaları ayrı-ayrı nəşriyyatlar tərəfindən hazırlanır. Bu mənada məsuliyyətin əsas hissəsinin bu kitabçaları hazırlayan nəşriyyatların üzərinə düşdüyü qəbulolunandır. Lakin onların üzərində Təhsil Nazirliyinin razılığı ilə sözləri yazılıbsa, artıq burada məsuliyyət bölünür.

Təhsil eksperti Etibar Əliyev Publika.az-a açıqlamasında məktəbdə istifadə olunan vəsaitlərə görə nəşriyyatlar qədər nazirliyin də məsuliyyət daşıdığını deyib:

“Məktəbli kitabçaları tədris prosesində mühüm rol oynayır. Sovet dövründən fərqli olaraq bu kitabçalar indi daha rənglidir, məlumatlarla zəngindir. Düzdür, Təhsil Nazirliyi bu vəsaitlərin onlar tərəfindən çap edilmədiyini, buna görə də məsuliyyət daşımadığını bəyan edib. Lakin təhsillə bağlı metodik vəsaitlərdən tutmuş, dərsliklər, məktəbli kitabçaları mütləq Təhsil Nazirliyinin nəzarətində olmalıdır. Bu cür səhvlər aşkarlananda məsuliyyət məsələsi də gündəmə gəlir. Bu işə nəşriyyatlar cavabdehdirsə, nazirlik də mütləq məsuliyyət daşımalıdır. Bu vəsait şagirdlərin və müəllimlərin gündəlik istifadə etdiyi vəsaitdir, valideynlər də daim buna nəzarət edir. Məktəbli vasitələrində istənilən səhv xeyli ironik qarşılanır. Bu, utancverici haldır. Keçmiş nazirin vaxtında bu kitabçalar alver vasitəsinə çevrilmişdi. Bu vəsaitlər, kitablar tələsik hazırlandığına görə bu cür səhvlər olur".

Ekspert onu da əlavə edib ki, Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsi əməkdaşları bu işə nəzarət etməlidir.

“Həmin vəsaitin üzərində Təhsil Nazirliyinin icazə verdiyi yazılıbsa, məsuliyyətin bir hissəsi də həmin qurumun üzərinə düşür. Ya nazirlik təsdiq etdiyi ifadəni çıxartmalıdır, ya da məsuliyyətini qəbul etməlidir”.

Təhsil Nazirliyi Publika.az-ın sorğusuna cavab olaraq bildirib ki, nazirlik qeyd edilən məsələ ilə bağlı cavabdehlik daşımır. Həmçinin bununla əlaqədar müvafiq araşdırma aparılacaq. Dərslərin bağlanması ilə bağlı çaşqınlığa son qoymaq üçün nazirlik dərslərin sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacağını açıqlayıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR