• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ADU-da Cabir Novruzun yaradıcılığına həsr olunmuş konfrans keçirilib

ADU-da Cabir Novruzun yaradıcılığına həsr olunmuş konfrans keçirilib

Martın 14-də Azərbaycan Dillər Universitetində (ADU) xalq şairi Cabir Novruzun yaradıcılığına həsr olunmuş konfrans keçirilib.

ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən Publika.az-a verilən məlumata görə konfransda universitetin professor-müəllim heyəti, tələbələr, tanınmış ziyalılar və şairin ailə üzvləri iştirak ediblər.

Konfrans Cabir Novruzun həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev çıxış edərək Cabir Novruzun poeziyasının XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil etdiyini bildirib. Ə. Əliyev vurğulayıb ki, şair ədəbiyyat aləminə gəldiyi ilk illərdən yüksək bəşəri və mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Prorektor qeyd edib ki, C. Novruzun ictimai fəaliyyəti də zəngin olub. Şairin ömrünün bütün mərhələlərində ölkədə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olduğunu deyən Ə. Əliyev xalqın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verilməsində C. Novruzun əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyini də diqqətə çatdırıb.

ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Afət Zeynalova “Cabir Novruzun həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edərək şairin poeziyasının XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq səhifələrindən biri olduğunu və onun əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə edilərək böyük şöhrət qazandığını qeyd edib.

Tələbələr şairin şeirlərini ingilis dilində söyləyiblər.

Tədbirdə şairin ingilis dilində çap olunmuş “Sağlığında qiymət verin insanlara” kitabının tədimatı da keçirilib. Kitabın tərcüməçisi Kamran Nəzirli çıxış edərək C. Novruzun yaradıcılığının zəngin olduğunu qeyd edib. K. Nəzirli kitabın ərsəyə gəlməsindən və şairlə olan xatirələrindən söz açıb.

Xalq şairinin onun həyatında mühüm rol oynadığını bildirən xalq artisti, professor Yalçın Rzazadə Cabir Novruz haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Bildirib ki, C. Novruzun şeirlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən bu gün də böyük rəğbət və sevinclə qarşılanır.

Y. Rzazadə xalq şairinin sözlərinə bəstələnmiş mahnılar ifa edib.

Tədbirdə, həmçinin əməkdar artist Nüşabə Ələsgərli, gənc müğənni Kərimin ifasında mahnılar dinlənilib.

Sonda şairin ailə üzvləri adından oğlu Müşfiq Novruz çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR