Moskvada Azərbaycan İcması Evinin açılışı olub
Bizi izləyin

Qırmızı.az

Moskvada Azərbaycan İcması Evinin açılışı olub

Moskvada Azərbaycan İcması Evinin təntənəli açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən ölkəmizin Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov Azərbaycan rəhbərliyi və səfirlik adından mərasim iştirakçılarını salamlayaraq deyib: “Bu gün Rusiyadakı Azərbaycan diasporu üçün tarixi gündür. Azərbaycan İcması Evində elmi, mədəni və humanitar xarakterli tədbirlər keçiriləcək. Unutmaq olmaz ki, güclü Azərbaycan icması həm də güclü Rusiya cəmiyyəti deməkdir. Güclü Azərbaycan diasporu Rusiya ilə Azərbaycan arasında möhkəm dostluğun əsaslarındandır”.

Dövlət Dumasının deputatı Ruslan Qostyev Azərbaycan İcması Evinin açılışının təkcə Azərbaycan üçün deyil, bütünlükdə Rusiya üçün önəmli hadisə olduğunu qeyd edərək deyib: "Rusiya ərazisində olan diasporlar milli azlıqların cəmiyyətə inteqrasiyası istiqamətində böyük işlər görürlər. Azərbaycan diapsoru Rusiya cəmiyyətində özünəməxsus yer tutur. İnanıram ki, Azərbaycan İcması Evinin açılması Azərbaycan diasporunu daha da gücləndirəcək".

Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov çıxışında açılış mərasiminə Rusiyanın regionlarından da diaspor nümayəndələrinin gəlməsinə diqqət çəkərək deyib: “Artıq regionlarda və şəhərdə olan diasporlar bir-biri ilə dostluq edir. Bu, çöx önəmli hadisədir. Rusiya ilə Azərbaycan arasında əlaqələr gün-gündən genişlənir. Bütün sahələrdə hər iki ölkə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq özünü diaspor siyasətində də göstərməlidir. Moskvada Azərbaycan İcması Evinin açılması ölkələrimiz arasında mövcud münasibətlərin təcəssümüdür".

Moskva Şəhər Dumasının sədri Azərbaycan İcması Evində fəaliyyət göstərən diaspor təşkilatlarına uğurlar arzulayıb.

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmmədbağır Əliyev Rusiyadakı diasporumuzun Azərbaycan Respublikası və Rusiya Federasiyasını birləşdirən sinir olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan diasporu qarşılıqlı əlaqələrin bundan sonra da möhkəmlənməsi üçün əlindən gələni edəcək.

Tədbirin rəsmi hissəsindən sonra rəmzi qırmızı lent kəsilib, Azərbaycan İcması Evinin önündə Rusiya, Azərbaycan, Moskva meriyası və Ümumrusiya Azərbaycan Konqresinin bayraqları qaldırılıb, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Mərasimdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm