• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ləğv olunan marşrutlar, itirilən vaxt və boşalan cib - PROBLEM

Ləğv olunan marşrutlar, itirilən vaxt və boşalan cib - PROBLEM

Sentyabrın birindən paytaxt yollarında hərəkət edən bir sıra marşrut avtobuslarının hərəkət xətlərində dəyişiklik aparılır. Edilən hər dəyişiklikdən sonra məqsədin nəqliyyatdakı sıxlığı azaltmaq və sərnişinlərin rahatlığını təmin etmək olduğu bildirilir. Lakin reallıq bunun tam əksini göstərir.

Sentyabrın 1-dən bu günə kimi edilən dəyişikliklərdən sonra 1, 11, 38, 136, 184, əvvəlki 24, yeni 5 nömrəli marşrut xətlərinin dəyişdirilməsi və həmin istiqamətlər üzrə bir sıra avtobus xətlərinin ləğv edilməsi sərnişinləri çıxılmaz vəziyyətdə qoyub.

Hələ Birinci Avropa Oyunları ərəfəsində ləğv olunan marşrut xətlərinin oyunlardan sonra bərpa ediləcəyi sözü verilmişdi. Lakin oyunlar bitsə də, bu baş vermədi. Əksinə, vəziyyət daha da qəlizləşdi. Gündən-günə ləğv edilən marşrutlar avtobuslarda sərnişin sıxlığını artırmaqdan başqa bir işə yaramadı.

Məsələn, əvvəl “Nizami” metrostansiyasından Qaraçuxur qəsəbəsinə qədər hərəkət edən 25 saylı marşrut xətti ləğv edildi. Bu gün avtobusun keçdiyi ərazilərdən “Nizami” metrosu istiqamətinə gələnlər avtobusdan əlavə, metroya da minməlidirlər.

Daha bir misal, bir vaxtlar 15 saylı avtobusla birbaşa NZS qəsəbəsindən “Nəriman Nərimanov” metrostansiyası istiqamətində (NZS-Babək prospekti-8-ci km – “Q.Qarayev” - “M.Əzizbəyov”m.s -Dərnəgül qəsəbəsi-“Çermet” qəsəbəsi- “Nəriman Nərimanov” m.s) hərəkət edənlər yollarda əsir-yesir qalıblar. Onlar metro və əlavə bir neçə avtobusdan istifadə etməlidirlər.

Bir vaxtlar S.Vurğun bağı – Neftçilər pr. – Yusif Səfərov küç. – Heydər Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev pr. – Mərdəkan qəsəbəsi – Şüvəlan Şimal DRESS xətti üzrə hərəkət edən 136 saylı avtobusun marşrut xətti qısaldılaraq “Qara Qarayev” metro st. – “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – Mərdəkan qəs. – Şüvəlan Şimal DRESS kimi əvəzlənib. İndi S.Vurğun bağından Mərdəkan bağlarına gəlmək istəyənlər əlavə bir avtobusdan istifadə etməlidirlər.

24 nömrəli avtobus marşrut xətti 5 saylı avtobus xətti ilə əvəz edilib. Maraqlısı budur ki, 5 saylı “Baku Bus”ın avtobuslarının 20, 24 saylı avtobusları əvəz edəcəyi deyilsə də, hələ də 24 nömrəli avtobusu xətdə görmək olur. Amma əvvəlki kimi “Nəriman Nərimanov” metrostansiyası yaxınlığında həmin avtobusa minənlərə onun“28 May” stansiyasına getmədiyi deyilir.

Bunlar dəyişiklik edilən avtobusların bir neçəsidir. Bu sadaladıqlarımızdan aydın olur ki, nəqliyyatda edilən son dəyişikliklər sərnişinlərə heç də xeyir verməyəcək. Çünki eyni yolu əvvəl 20 qəpiyə gedənlər indi azı 40, 60 qəpik və daha çox xərcləməli olurlar.

Maddi itkilərdən əlavə, bu dəyişiklik həm də mənəvi əzab yaşadır. Səhər saatlarında işə tələsənlər üçün bu həm də əlavə stres deməkdir. Əvvəl bir avtobusla işə gəlib çatanlar indi bir neçə nəqliyyat vasitəsi dəyişməyə məcburdurlar. Hər marşrutun hərəkət qrafikini yadda saxlamaq və gecikmədən onun keçəcəyi dayanacaqda gözləmək stresdən başqa bir işə yaramır. Avtobus xətlərinin sayının azalması sərnişin sıxlığını da artırıb. Belə ki, 2-3 marşrutun yükünü bir avtobus daşımalı olub. İnsanlar gözlədikləri avtobusu uzaqdan görəndə minmək üçün az qala marafon yarışına çıxırlar. İctimai nəqliyyatdan istifadə edənlər bu mənzərənin hər gün şahidi olur.

Bir sözlə, avtobuslarla bağlı son “əməliyyat”lar insanlara yalnız problem yaratmış oldu.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, avtobus xətlərində edilən dəyişikliklər Bakıda sıxlığın artmasına səbəb olur.

“Masazır, Sulutəpə, Xırdalandan gələn avtobusların Bakı Avtovağzalından şəhərə buraxılmaması sərnişinlər üçün əlavə itkilər yaradıb. Belə ki, əvvəl bu ərazilərdən Bakıya gələnlər bir avtobusdan istifadə edirdilərsə, indi onlar ikinci bir avtobusa minmək məcburiyyətində qalırlar. İşə 4-5 nəqliyyat vasitəsilə gəlmək əziyyətini yaşayanlar potensial fərdi maşın istifadəçisinə çevriləcəklər. Maşınların sayının artması isə yenə də yollarda ucu-bucağı görünməyən tıxaclar deməkdir. Bu mənada hesab edirəm ki, bu, yanlış qərardır və sərnişindaşıma ilə məşğul olan sahibkarların marağına hesablanıb. Bu məsələni araşdırmağa ehtiyac var. Ümumiyyətlə, əvvəlki marşrut xətlərini yenidən bərpa etmək lazımdır”.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Publika.az-a açıqlamasında əhalinin bu narazılıqarından xəbərdar olduqlarını dedi.

“1 və 5 nömrəli marşrut xətlərində “BakuBUS”ın avtobusları fəaliyyətə başlayıb. Buna görə bizim avtobusların bəzilərinin xətləri dəyişdirildi, bəziləri xətdən kənarlaşdırıldı. Bu səbəbdən sərnişinlər getmək istədikləri ünvana ən azı iki avtobus dəyişərək getmək məcburiyyətindədirlər. Bu da əhalinin haqlı narazılığına səbəb oldu. Bununla bağlı “141” Qaynar xəttinə çoxlu sayda müraciətlər daxil olub. Avtobusların dəyişmə prosesi davam edir. “BakuBUS”ın yeni avtobusları da xəttə buraxılacaq”.

Ləğv olunmuş avtobus xətlərinin nə zaman bərpa ediləcəyinə gəlincə, Ş.Mehmanqızı bildirib ki, bu, yalnız həmin istiqamətdə heç bir marşrut xəttinin olmadığı halda mümkündür:

“BakuBUS”ın avtobuslarının hamısı xəttə buraxılandan sonra Nəqliyyat Nazirliyi narazılıq olan ərazilərdə xətləri uzatmaq və istiqamətlər barədə qərar verəcək. Ola bilər ki, bəzi avtobuslar bərpa edilsin. Bunun üçün həm də bu narahatlığı yaşayan sərnişinlərin müraciəti əsas götürüləcək. Eyni zamanda, “BakuBUS”ın nə qədər avtobus istifadəyə verəcəyini bilmədiyimizdən bu barədə qəti söz deyə bilmirik. Bu işlərin yaxın zamanda yekunlaşmasını gözləyirik. Ümumiyyətlə, qəsəbələrdən paytaxtın mərkəzinə gələn avtobusların bərpa edilməsi barədə qərar yoxdur. Çünki paytaxtın mərkəzində yetərincə sıxlıq var. Həmin avtobusların mərkəzdə dayanması həddən artıq sıxlığa səbəb olur”.

24 saylı avtobusların hələ də xətdən çıxarılmamasına gəldikdə, Ş.Mehmanqızı bildirdi ki, ehtiyac olduğundan həmin avtobuslar xətdən çıxarılmadı, sadəcə istiqaməti dəyişdirildi:

“Əvvəlcə 5 saylı avtobusun 24 nömrəli avtobusu əvəz edəcəyi bildirildi, lakin sonradan məlum oldu ki, Keşlə bazarı və Montin istiqamətində heç bir avtobus işləmir. Buna görə də 24 nömrəli avtobusun xətti dəyişdirildi. İndi həmin avtobus Keşlə bazarı, Nəriman Nərimanov m.s, Z.Bünyadov prospektindən keçib Azadlıq m.s-a qədər işləyir. Bu addım əhalinin ehtiyacı nəzərə alınaraq atılıb”.

Gün ərzində dəfələrlə “BakuBUS” MMC-nin saytında göstərdiyi əlaqə nomrəsinə zəng etsək də, cavab verən olmadı.

Görünür, hələ bir müddət 40-60 qəpik ziyanla işləyəcəyik. Aqibətimiz qalıb qurumların insafına.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR