Dərsliklər necə hazırlanır - saxtakarlıq, qeyri-peşəkarlıq, məsuliyyətsizlik - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Dərsliklər necə hazırlanır - saxtakarlıq, qeyri-peşəkarlıq, məsuliyyətsizlik - FOTOLAR

- Alə, axşam gedey gəzməyə?

- Hara, brat?

- Nə bilim, çıxaruğ şəhərə, bir az mırt tutarığ.

- Alə, dibilsən?Camaatnan nə işimiz var? Bir də axşam hazırlığım var. Allah haqqı, evdə məni nadayet eliyiblər. Oxu, oxu... Lap adamı təkərə salırlar eyy...

- Karoçi gedirsən, getmirsən?

- Yox da, qırıl dedim.

Bu söhbəti küçədə eşitməmişəm, 8-ci sinif "Azərbaycan dili" dərsliyində oxumuşam. Tapşırığın şərtinə baxsaq, Həsənlə Mehdinin söhbəti verilmiş mətndə şagirdlərə bu cür danışmamaq tövsiyə edilir. Amma tövsiyə üçün elə vulqar sözlər seçilib ki, parta arxasında oturan Həsən də, Mehdi də, bəlkə də, ömründə heç vaxt belə sözlər eşitməyib. Bu lap “dəlinin yadına daş salmaq”dır.

Qəribəsi isə budur ki, Təhsil Nazirliyindən heç də belə hesab etmirlər. Nazirliyin tədris şöbəsinin müdir müavini Əsgər Quliyev fikrini belə əsaslandırır ki, elə həmin mətnin yanında eyni adamlar arasında dialoqun vulqar olmayan variantı verilib. Bununla şagirdlərə anladılır ki, "elə yox, belə danışmaq lazımdır".

Görəsən, həqiqətənmi XXI əsrin uşaqları bu mətndən həmin nəticəni çıxarır?

Diqqətçəkən digər məqam odur ki, nazirlik rəsmisi 11-ci sinif dərsliklərində “Dəli Kür” əsərindən verilən məlum dialoqu xatırladıb və ona da bir daha haqq qazandırır.

Təhsil eksperti Əjdər Ağayev isə məsələyə o qədər də sadə yanaşmır.

“Dərsliklərdəki problemlərlə bağlı müzakirələrin bir neçə ildir davam edir, lakin hələ də problemlər qalır. Xüsusən, ibtidai sinif, riyaziyyat, 11 və 8-ci siniflərin “Azərbaycan dili” dərsliklərində elmi və dil səhvləri də var. Bu səhvlər həm ictimaiyyət, həm də Təhsil Nazirliyinə bəllidir. Hər dəfə dərslik komissiyasında müzakirə edilib, səhvlərin aradan qaldırılması tapşırılıb. 11 və 8-ci siniflərin “Azərbaycan dili” dərsliklərində dil səhvləri daha çoxdur. Düzdür, dərslikdə normal sözlərlə yanaşı, vulqarizmlər də öyrədilə bilər. Lakin vulqarizm seçərkən diqqətli olmaq lazımdır. Elə sözlər var ki, onları insanlar içərisində işlətmək doğru qəbul edilmir, yalnız kobud insanlar işlədə bilər. Müəlliflər tapşırıq hazırlayarkən hansı vulqar sözün seçilməsinə diqqət etməlidir. İxtisasca filoloqam və illərdir dərs dediyim müddətdə kitablarda heç zaman belə sözlərlə qarşılaşmamışam. Indi dərsliklərə metodik və pedaqoji yanaşma yoxdur. Dərslik hazırlamaq üçün dili bilmək yetərli deyil. Dərsliyin hazırlanmasına pedaqoq və psixoloq cəlb edilməlidir”.

Ə.Ağayev hesab edir ki, əsas problemlərdən biri məhz redaktə ilə bağlıdır. Ona görə də dərsliklər yenidən redaktə olunmalıdır.

“Bu məsələdə yalnız müəllif yox, redaktorlar da günahkardır. Faktlar var ki, kitab nəşr olunur, redaktorun adı qeyd olunur, lakin onun kitabdan xəbəri olmur. Sadəcə hörmətli adam olduğuna görə, adı siyahıda verilib. Belə faktlar ortaya qoyulanda həmin hörmətli insan da pis vəziyyətə qalır. Dərsliklərlə bağlı bu problemlərdə digər tərəf nəşriyyatdır. Bir sözlə, dərslik hazırlanmasında həm saxtakarlıq, həm qeyri-peşəkarlıq, həm də məsuliyyətsizlik var. Təhsil Nazirliyindən əvvəl dərslikləri müstəqil qurum olan Dərsliyi Qiymətləndirmə Şurası qiymətləndirir. Hesab edirəm ki, bu şuranın tərkibi yenilənməlidir. Onun sədri dərsliklər üzrə mütəxəssis deyil. Bu cür dərsliklərə müsbət qiymət verilib nazirliyə təqdim edilməsi şuranın günahıdır. Bir vaxtlar bu şuranın sədri dərsliklərdən birinə rəy verərkən, hər şeyin qaydasında olduğunu, lakin şagirdlərin yaşına uyğun olmadığını bildirmişdi. Bircə bu ifadə kifayət idi ki, o dərslik qəbul edilməsin. Lakin həmin dərsliyə icazə verildi. Şuranın rəyindən sonra nazirliyin əlavə rəyə verməyə, etiraz etməyə imkanı da olmur. Çünki məktəb dərslik gözləyir. Bəzən ehtiyaca görə, qüsurlara göz yumub dərslik çap edirlər. Bu məsələdə ciddi proqram ortaya qoyulmalıdır”.

Təhsil Nazirliyinin rəsmisi tərəfindən həm bu dərslik, həm də 11-ci sinif dərsliyində “Dəli Kür” əsərindən gətirilən sitatın normal qarşılanmasına gəldikdə ekspert, yanaşmanın qüsurlu olduğunu dedi:

“Dəli Kür” əsərini çox bəyənirəm, onun müəllifi də çox dəyərli şəxsdir. Lakin o əsərdən elə ifadə seçilib ki, adam onu oxumağa utanır. Həmin dialoqda nisbətən işlədilə bilən kobud ifadələr var, onları verib, həmin vulqar ifadəni üç nöqtə ilə vermək olar. Əsərdə obrazın dilində o ifadənin işlədilməsi normaldır, amma hər şeyi dərsliyə gətirmək olmaz. Təəssüf ki, Təhsil Nazirliyi bu məsələni normal qəbul edir. Bu isə özünümüdafiədən başqa bir şey deyil. Ümumişlək sözlər arasında kobud ifadələr var, onları verə bilərlər. Gərək elə ifadə versinlər ki, milyondan bir insan istifadə etsin?”

Dilçi alim Fəxrəddin Veysəllinin sözlərinə görə, dərsliklərdə bu ifadələrin yer alması nə sadə insanlar, nə də dilçilər tərəfindən qəbul ediləndir.

“Hesab edirəm ki, bu halların tez-tez yaşanmasının əsas səbəbi dərsliklərin ekspertizasının olmamasıdır. Dərlsik hazırlanandan sonra məzmunu və dili müzakirə olunmalıdır. Bizdə isə əksinə, heç kim heç nə oxumadan rəy verir. Bəzi müəllif və redaktorların adları qeyd olunan dərsliklərdə səhv axtarmaq ehtiyacı duyulmur. Beləliklə, səhvlərlə zəngin kitablar şagirdlərin istifadəsinə verilir. Adətən, bir dərslik 10-15-ci dəfə təkrar nəşr edilir. Onlar hər dəfə nəşr ediləndə səhvlər ciddi müzakirə edilməlidir. Dərslik çapında vərəsəlik olmalıdır. Hər dəfə nəşr edəndə əvvəlki nəşrdən müsbət məqamlar nəzərə alınmalı, mənfi məqamlar silinməlidir”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı hesab edir ki, problem müəlliflərdən qaynaqlanır.

"Dərsliklərin yazılması sahəsində ölkəmizdə böyük işlər görülüb, təcrübə toplanıb. Şagirdlərimiz ana dilimizdə yazılmış milli dərsliklərimizdən istifadə edirlər. Təhsil Nazirliyinin müvafiq şöbəsinin fəaliyyəti bu baxımdan müsbət qiymətləndirilməlidir. Lakin dərsliklərdə müəyyən nöqsanlar hələ də qalır. Bəzi dərsliklərdə qarışıq cümlələrə, Azərbaycan dilinin ədəbi normalarının pozulmasına, yad, vulqar ifadələrə rast gəlinir. Bu hal əsasən dərslik müəlliflərindən qaynaqlanır. Məlum olduğu kimi, hər bir alim, müəllim dərslik yaza bilməz. Dərsliklər ana dilimizin tələblərinə uyğun olaraq, sadə, anlaşıqlı yazılmalı, yad, vulqar kəlmələrdən uzaq olmalıdır. Dilimizi zibilləmək olmaz. Çünki bu dil təkcə anamızın deyil, eyni zamanda dövlətimizin də dilidir. Şagirdlərin bir qismi isə gələcəkdə müxtəlif işlərdə çalışacaqlar, valideyn olacaqlar. O zaman belə vulqar, yad ifadələrin necə ziyan vurduğunu indidən təsəvvür etmək çətin deyildir. Ona görə də Azərbaycan dilinin tələblərini pozan dərsliklərin tenderdən keçməsinə müvafiq tender komissiyası qətiyyən imkan verməməli və tələbkarlığını artırmalıdır. Nəşr edilən dərsliklər isə daim təkmilləşdirilməlidir".

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm