• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əsgərlər xidmətlə bağlı olmayan işlərdən azad edilir - Zakir Həsənov

Əsgərlər xidmətlə bağlı olmayan işlərdən azad edilir - Zakir Həsənov

"NATO ordularında mülki şəxslərdən geniş istifadə olunur. Bizim məqsədimiz ordumuzu digər müasir ordulara uyğunlaşdırmaqdır. Digər tərəfdən, çalışırıq ki, əsgərlərimizi xidmətlə bağlı olmayan digər işlərdən azad edək. Bu, çox mühüm məsələdir, cənab Prezident, Ali Baş Komandanının tapşıırğıdır". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Z.Həsənov bildirib ki, bütün bunlar həyata keçiriləndən sonra ilk növbədə orduda nizam-intizam gücləndiriləcək: "İkinci növbədə isə əsgərlərimiz döyüş hazırlığı ilə məşğul olmaq üçün daha çox vaxt əldə edəcəklər".

Nazirin sözlərinə görə, ordu quruculuğu elə bir məsələdir ki, islahatlar daim həyata keçirilir: "Gündən-günə yeni müasir silahlar, avadanlıqlar alınır".

Z.Həsənov qeyd edib ki, bunların hamısının zabit və əsgərlər tərəfindən istifadə olunması üçün təbii ki, müxtəlif tədbirlər həyata keçirmək lazımdır: "Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident ordu quruculuğu ilə bağlı xüsusi tapşırıqlar verib. Bu tapşırıqlar yerinə yetirilib və davam etdiriləcək".

"Bu gün bizim yalnız bir problemimiz var, o da Dağlıq Qarabağ münaqişəsidir"- deyə o bildirib.

Nazir qeyd edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı qarşımıza işğal olunmuş ərazilərin azad olunması kimi məsuliyyətli bir vəzifə qoyub: "Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək. Ölkə rəhbərinin böyük iftixarla qeyd etdiyi kimi, Azərbaycan bayrağı işğal olunmuş torpaqlarda qaldırılacaq".

O, Heydər Əliyevin adının Ali Hərbi Məktəbə verilməsinin 10-cu ildönümü münasibətilə tədbirdə iştirak edən generalları, zabitləri, gizirləri və kursantları təbrik edib.

Z.Həsənovun sözlərinə görə, müasir mütəşəkkil ordunun yaradılması Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biridir. Ulu öndər hələ ötən əsrin 70-ci illərdə Azərbaycanın öz müstəqilliyini öncədən görərək Cəmşid Naxçıvanskı adına hərbi məktəbi yaradıb. Həmin kadrlar müxtəlif hərbi ixtisaslara yiyələniblər. Respublikanın ərazi bütövlüyünün qorunmasında, Ermənistanın təcavüzünün qarşısının alınmasında Cəmşid Naxçıvanski adına hərbi məktəbin məzunlarının əvəzsiz rolu və xidmətləri olub".

Nazir qeyd edib ki, Heydər Əliyevin adını daşığıdı məktəbdə təhsil almaq həm şərəfli, həm də məsuliyyətlidir.

Z.Həsənov bildirib ki, Ordumuzun daha güclü olması üçün ən müasir texnika və silahları ixtira etməyi bacaran, xüsusilə də milli-mənəvi dəyərlərə əsaslanan milli kadrlara bu gün ehtiyacımız var. Bu məktəbdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələrdən də təhsil alan xarici ölkə vətəndaşları var. Ölkə rəhbərliyi sayəsində yüksək ixtisaslı zabitlərin hazırlanması üçün hər cür şərait var və bu diqqət daha da artırılacaq: "Əminəm ki, Heydər Əliyev adına Ali Hərbi Məktəb Ali Baş Komandanın hər bir əmrini hər an yerinə yetirməyə hazır olacaq".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR