Zakir Həsənov Belarus səfirini qəbul edib
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov Belarus səfirini qəbul edib

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səfirə diplomatik fəaliyyətində uğurlar arzulayan Z.Həsənov Azərbaycanla Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edərək dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan nazir qeyd edib ki, uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. Diplomat Azərbaycanla Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Bundan əlavə, görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən yeni hərbi texnologiyaların tətbiqi, mütəxəssislərin hazırlanması, Silahlı Qüvvələrin ekspertləri səviyyəsində qarşılıqlı təcrübə mübadiləsi, işçi görüşlərinin təşkili və digər məsələlər müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm