Kiçik kara böyük qurban verənlər – Qurban bayramından FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Kiçik kara böyük qurban verənlər – Qurban bayramından FOTOREPORTAJ

Qurban bayramı haqqında nə yazmaq olar ki... Bu, velosipedi yenidən kəşf etməyə bənzər. Amma bayram səhəri tezdən kamera və çantanı çiyninə atıb şəhərə yollansan, olan-olmayan çox şeyə şahid ola bilərsən. Nələr gördüm, nələr...

Sadəcə, gördüklərimi nəql etməmişdən öncə bir-iki sətir yazmaq istəyirəm. Nədənmi? Elə “Qurban vermək” arxetipindən. Qısa arayış olaraq deyim ki, bu anlayış ilkin nümunə, köhnə tip mənalarını verir. Kollektiv şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər.

Kollektiv şüursuzluqda ta qədim sivlizasiyalarda tanrıları razı salmaq üçün qurbanlar verilirdi. Tarixin toz basmış, unudulmuş səhifələrində olduqca fərqli qurbanvermə ritualları mövcuddur. Bunları da bir-bir xırdalamaq istəmirəm. Sadəcə, insanlar fərd, şəxsiyyət, toplum, cəmiyyət olaraq hələ erkən dövrlərdən başlayaraq öz tanrıları ilə də alış-veriş ediblər. Bir şeyi dəqiq anlayıblar ki, nəsə verməlisən ki, əvəzində nəsə alasan. Bol məhsul üçün yağış lazımdır, yağışın yağması üçün tanrılara qurban vermək lazımdır.

Öncələri tanrılara insanların (gənc qızları, oğlanları, uşaqları və s.) ən gözəllərini, ən güclülərini, bir sözlə, tanrının adına layiq qüsursuzlarını qurban verdilər. Mədəniyyətlər inkişaf etdikcə kollektiv şüursuzluqda gedən dəyişikliklər bu məsələyə də fərqli yanaşmanı labüd etdi.

Din faktoru kollektiv şüura ən güclü təsir vasitəsi olaraq bunu qaydasına saldı. Bu ritualın kökü eyni olaraq qalsa da, məna və hökmlərində dəyişikliklər baş verdi. Burada İbrahimin hekayəsini də danışmağa ehtiyac yoxdur. Artıq qurban olaraq insan deyil, heyvanlar kəsildi. Kəsilən heyvanlar nə oda, nə çaya, nə də torpağa həvalə edildi. Məhz paylara ayrılaraq insanlara verildi. O kəslərə ki, həqiqətən bir tikə çörəyə, bir pay ətə möhtacdırlar. Bu zaman artıq yuxarıda dediyim kimi, tanrı ilə alış-veriş faktoru aradan qalxmış oldu. İnsan məninin özünütəstiqinə yönəlmiş bir addıma çevrildi.

Bu kontekstdən çıxış edərək “Qurban bayramı” deməklə əslində tanrıya yaxınlaşma, müəyyən mənada tanrılaşma ehtiva olur. Amma nəinki bu gün, hər il qarşılaşdığımız mənzərə onu göstərir ki, kollektiv şüursuzluq hansısa səviyyədə öz hökmlərini hələ də saxlayır. Cəmiyyət olaraq kiçik karlar uğruna böyük qurbanlar veririk.

Kimisi qurban kəsir ki, oğlum əsgərlikdən sağ-salamat qayıtdı. Kimisi qurban kəsir ki, körpəsi oldu. Kimisi qurban kəsir ki, yaxşı məvacibli işə sahib oldu və s. Bunlar sizə nəyisə xatırladırmı... Mən deyim, yuxarıda qeyd etdiyim antik qurban mərasimini. O zaman insanları tanrılara qurban edirdilər ki, yağış yağsın, məhsul bol olsun. İndi də heyvanları qurban verirlər ki, şəxsi mənafeləri hasil olsun. Məgər, Allah bir qoyuna, bir keçiyə, bir inəyə, bir dəvəyə görəmi bəndəsinə nəzər yetirir? Yox, bu qurbanı kəsmək sənin özün üçündür. Bu, heyvanın yarı cəmdəyini evdə soyuducuya qoyub, yarısını da qonum-qonşuya vermək deyil. Mövcud hökmlər qurban kəsmək, yetim-yesirə, bir sözlə, ehtiyac duyan hər ac qursağa bir pay ayırmaq sənin məninin bir təstiq forması olmaqla mənəvi rahatlığa, gəldiyin və gedəcəyin yerə yaxın olma fürsətindir.

Axı bu günün qurbanlığı sırf ruh, mənəviyyat məsələsi olmalıdır. Kosmik fəzaları fəth etdiyimiz çağda necə olur ki, öz cılız düşüncələrimizdən azad ola, bütünləşə bilmirik?

Nə isə, bu xırdalıqlara nəzər salsaq, bu yazı hələ çox “şrift” aparacaq. İndi isə bugünkü macəralarımdan yazım. Redaksiyanın tapşırığına əsasən, Qurban bayramı üçün təyin edilən yarmarkalardan bir-ikisinə baş çəkməli oldum. Oralarda da kimləri görmədim... Vicdanı əynində olan qəssabı, polisi, alanı, verəni, satanı... Daha kimlər, kimlər. Ona görə vicdanı əynində olan deyirəm ki, bu məsələdə bir bənzətməm var.

Ta uşaqlıqdan həmişə anam deyir ki, köynəyin altından alt geyimi geyin. Yoxsa tərləyib xəstələnərsən. Qulaq asmadığım vaxtlarda həqiqətən xəstələnmişəm. Böyüdükcə fərq etdim ki, pambıq materiallı bu geyim həqiqətən də cismimi soyuqdan qoruyur. Vicdan da belə bir geyimdir, amma o ruhumuzu hansısa zərərverici təsirlərdən qoruyur. Üst geyimimiz nə olursa olsun - polis mundiri, müəllim forması, qəssab paltarı və s.- altdan bu vicdanı geyinməmişiksə ruhumuz hər cür azara tutula bilər. Hə, məhz bu gün vicdanını geyinməmiş qəssaba, polisə, alana, satana, hətta dilənçisinə də rast gəldim.

Məlumdur ki, bu il qurbanlıq heyvanların satışı və kəsimi üçün xüsusi yerlər ayrıldı. Digər yerlərdə əsasən də kəsimə icazə verilmədi. Amma məlum məsələdir ki, bu iş belə də qalası deyildi. Şəhərdə keçirdiyim vaxt ərzində bəzi işbilən polis nəfərlərinin bu dırnaqarası alış-verişi içimi sızlatdı. Onların xəstəliyi sətəlcəmdən belə betərdi, sağalmaz dərddi.

Daha sonra qurbanlıq deyə çəpərlənmiş yerlərə qatılan heyvanların ah-vayı hansı bayram adına, hansı savaba yaraşır, onu da anlamadım. Bu heyvanlara potensial olaraq 100, 50 və s. pul əskinasları kimi baxan işbazların yadından çıxmışdı ki, bunlar da canılıdırlar, suya, yeməyə ehtiyac duyurlar. Antik yanaşmada, heç olmasa, qurban verilənə bir hörmət vardı. İndi isə bir neçə sivilizasiya üstün insan heyvandı deyə bu qurbanlıqlara niyə belə əzab verir - onu da anlamaqda çətinlik çəkdim. Bunlar bir kənara, heç olmasa, qurbanlıq adına, bu ritualın qəbul olunmuş hökmlərinə düzgün yanaşma olmalıdır axı. Heyvanı heyvanın gözü qarşısında kəsməzlər.

Onsuz da bir çox işbazlar bu bayrama ildə bir dəfə qoyun-quzu satışının “bum”u kimi baxır. Savabı, haqqı gözardı edib pul qazanırlar, heç olmasa, daha böyük günahlara bulaşmasalar…

Yazının sonunda hiss etdim ki, bu reportajdan fərqli bir şey oldu. Amma olsun. Yenə də çox danışmayım. Bir az da fotolara yer verim, unutduqlarımı da onlar desin.

Elçin MURAD

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm