Qırmızı.az
Prezident nekroloq imzaladı
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib.
Respublikanın görkəmli iqtisadçı alimi, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor,
Əməkdar Elm Xadimi Asəf Abbasqulu oğlu Nadirov 2014-cü il mart
ayının 14-də vəfat edib.
Asəf Nadirov 1929-cu il martın 13-də Naxçıvan Muxtar
Respublikasının Şərur rayonunda anadan olub. Orta məktəbi başa
vurduqdan sonra 1946–1951-ci illərdə Azərbaycan Dövlət
Universitetinin geologiya-coğrafiya fakültəsində iqtisadi coğrafiya
ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Respublikası Ali
Sovetinin Rəyasət Heyətinin aparatında məsləhətçi kimi başlayan
Asəf Nadirov 1952-ci ildə Azərbaycan Elmlər Akademiyasının
aspiranturasına daxil olub və 1956-cı ildə Moskva şəhərində SSRİ
Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasını
bitirib. 1956-cı ildən etibarən həyatının yarım əsrdən artıq bir
dövrünü o, Azərbaycan Elmlər Akademiyası ilə bağlayıb, burada
Coğrafiya İnstitutunun iqtisadiyyat bölməsində 1956–1958-ci illərdə
kiçik elmi işçi və baş elmi işçi, İqtisadiyyat İnstitutunda
1958–1964-cü illərdə şöbə müdiri və 1964–1981-ci illərdə elmi işlər
üzrə direktor müavini işləyib. 1981-ci ildən akademiya sistemində
rəhbər vəzifələr tutmuş Asəf Nadirov 1997-ci ilədək Azərbaycan
Elmlər Akademiyası Rəyasət Heyətinin baş elmi katibi və
akademik-katibi, 1997–2000-ci illərdə Azərbaycan Elmlər
Akademiyasının müşaviri kimi məsul vəzifələr icra etmiş,
2000–2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət
Heyətinin üzvü olmuş və 2007-ci ildə yenidən Azərbaycan Milli
Elmlər Akademiyasının müşaviri təyin edilərək ömrünün sonuna qədər
bu vəzifədə çalışıb.
Asəf Nadirov 1956-cı ildə Moskvada namizədlik, 1968-ci ildə
doktorluq dissertasiyalarını müdafiə etmiş, 1970-ci ildə professor
elmi adını alıb. O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.
Akademik Asəf Nadirov Azərbaycan iqtisad elminin görkəmli
nümayəndələrindəndir. Respublika iqtisadiyyatının ən mürəkkəb və
aktual problemləri üzərində o, bütün ömrü boyu səmərəli və intensiv
araşdırmalar aparıb. Azərbaycanda regional iqtisadiyyatın tədqiqi
və elmi istiqamət kimi əsaslarının müəyyən edilməsi Asəf Nadirovun
adı ilə bağlıdır. İqtisadiyyatın kompleks inkişafını əsaslandıraraq
onun mövcud imkanlarını düzgün qiymətləndirən alim respublikada
sənayenin inkişafı və quruluşunun təkmilləşdirilməsi, məhsuldar
qüvvələrin səmərəli yerləşdirilməsi, ərazi planlaşdırması və
iqtisadi rayonlaşdırma məsələlərinin nəzəri-metodoloji həllini daim
diqqət mərkəzində saxlayıb. Azərbaycanın iqtisadi rayonlarında
ərazi-istehsal kompleksləri məhz onun tövsiyələrinə uyğun
formalaşdırılıb.
Asəf Nadirov 600-ə yaxın araşdırmanın, o cümlədən 20-dən çox kitab,
monoqrafiya, metodik material və dərsliyin müəllifidir. Alimin
əsərləri müxtəlif xarici dillərə tərcümə edilərək nüfuzlu elm
nəşriyyatlarında çap olunmuş və elmi ictimaiyyət tərəfindən maraqla
qarşılanıb. Mötəbər beynəlxalq simpozium və konfranslarda o,
Azərbaycan iqtisad elmini layiqincə təmsil edib.
Səmərəli elmi yaradıcılıqla yanaşı, uzun illər ərzində pedaqoji
fəaliyyətlə də ardıcıl məşğul olan Asəf Nadirov yüksək ixtisaslı
kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəməyib. Alimin
rəhbərliyi ilə 50-dən artıq elmlər namizədi və elmlər doktoru
yetişdirilib.
Akademik Asəf Nadirovun ölkəmizdə iqtisad elminin inkişaf
etdirilməsi sahəsində mühüm xidmətləri və elmi-təşkilati fəaliyyəti
yüksək qiymətləndirilib. O, bir sıra orden və medallarla təltif
edilmiş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından
“Şərəf” və “Şöhrət” ordenlərinə layiq görülüb.
Görkəmli alim və tanınmış pedaqoq, bacarıqlı elm təşkilatçısı və
səmimi insan Asəf Nadirovun xatirəsi onu tanıyanların qəlbində
həmişə yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Akif Əlizadə
Fatma Abdullazadə
İsa Həbibbəyli
Tofiq Nağıyev
İsmayıl Hacıyev
Ziyad Səmədzadə
İsa Alıyev
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi