İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional
Şurasının prezidenti xanım Debora Serakkianinin rəhbərlik etdiyi
nümayəndə heyəti Azərbaycanda səfərdədir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə
verilən məlumata görə, martın 14-də İtaliya nümayəndə heyəti Fəxri
xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib,
xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Qonaqlar
görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını
da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. İtaliyalı
qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın
xatirəsini ehtiramla yad ediblər.
Həmin gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev
D.Serrakiani ilə görüşüb. Görüşdə nazir Azərbaycanın Avropa
İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət
verdiyini, ölkəmizin Cənubi Qafqazda Avropanın əsas ticarət
tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynadığını qeyd edib. Bildirilib ki, yüksək səviyyəli səfərlər,
keçirilən görüşlər, eləcə də parlamentlərarası əlaqələr üzrə işçi
qrupları, Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiya ölkələrimiz arasında əməkdaşlığın
inkişafında mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan və İtaliya
arasında iqtisadi sahədə də əlaqələr inkişaf etməkdədir. İndiyədək
ölkələrimiz arasında iqtisadi sahədə investisiyaların təşviqi və
qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, kiçik və orta
müəssisələr sahəsində əməkdaşlıq və s. kimi 20-yə yaxın sənəd
imzalanıb. Azərbaycanda ticarət, sənaye, rabitə, nəqliyyat,
tikinti, xidmət, bank və sığorta sahəsində 50-dən çox İtaliya
sərmayəli şirkət fəaliyyət göstərir. İtaliya şirkətləri
Azərbaycanda həyata keçirilən layihələrdə podratçı kimi də iştirak
edirlər. İtaliya Azərbaycan əsas ticarət tərəfdaşlarındandır.
2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 7%-dən çox
artıb. Mütəmadi olaraq iki ölkə arasında qarşılıqlı biznes
forumlar, işgüzar görüşlər keçirilir ki, bu da ölkələrimiz arasında
əlaqələrin genişlənməsində əhəmiyyətlidir".
Ş.Mustafayev İtaliya regionları ilə iqtisadi əlaqələrin
genişləndirilməsinin, Azərbaycanda yaradılan sənaye parklarında
İtaliya şirkətlərinin iştirakının, kənd təsərrüfatı məhsullarının
istehsalı, emalı və qablaşdırılması, həmçinin şərab və bitki
yağları istehsalı sahəsində əməkdaşlığın, hər iki ölkənin
investisiya imkanlarının araşdırılması və qarşılıqlı investisiya
qoyuluşlarının təşviqi məqsədilə məlumat mübadiləsinin təşkilinin,
İtaliyada həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin
iştirakının dəstəklənməsinin, iş adamlarının iştirakı ilə biznes
forumların, sərgi və yarmarkaların təşkilinin əməkdaşlığın daha da
inkişafı baxımdan əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir siyasi
və makroiqtisadi sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa
malik olan Azərbaycanın Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni
mərkəzi olduğunu vurğulayıb, yaradılmış əlverişli biznes və
investisiya mühiti nəticəsində Azərbaycan iqtisadiyyatına yatırılan
investisiyaların həcminin ildən-ilə artdığını qeyd edib, ölkəmizin
artan iqtisadi imkanları nəticəsində investisiya ixracatçısına
çevrildiyini, iri regional enerji və nəqliyyat layihələrinin
iştirakçısı olduğunu diqqətə çatdırıb.
İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının
prezidenti D.Serrakiani Azərbaycana səfərindən məmnunluğunu ifadə
edib, İtaliya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da
genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin
əhəmiyyətini qeyd edərək, təmsil etdiyi region ilə Azərbaycan
arasında əlaqələrin inkişafında maraqlı olduqlarını diqqətə
çatdırıb.
|