50-60 minə başa gələn “pulsuz” müalicə - Azərbaycanda ölümünü gözləyən hepatitli xəstələr
Bizi izləyin

Qırmızı.az

50-60 minə başa gələn “pulsuz” müalicə - Azərbaycanda ölümünü gözləyən hepatitli xəstələr

Mübariz Zərbəliyev 2013-cü ildə təsadüfən Hepatit C virusuna (HCV) yoluxduğunu öyrənib. Elə öyrəndiyi vaxtdan da müalicəyə başlayıb. 2 il ərzində Hepatit C xəstəliyinin müayinə və müalicəsinə 25 min manatdan artıq vəsait xərcləsə də, sonra müalicənin səhv getdiyi məlum olub:

“Əvvəlcə İran istehsalı olan “Peqaferon” preparatı ilə müalicə olunmuşam. Sonra bu dərmanın keyfiyyətsiz olduğunu dedilər və bir müddət də İsveç istehsalı olan “Peqasis”lə müalicə olundum. İran istehsalı olan dərmanın qiyməti 50 dollar, digərininki isə 200 manatdır. Ümumiyyətlə, Hepatit C xəstəliyinin müalicəsi çox baha başa gəlir və buna görə bu virusa yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyaya müraciət etdim. Mənə müalicənin səhv aparıldığını dedilər. Yenidən analiz verdim, nəticələrim Almaniyada yoxlandı və hepatitin müalicəyə tabe olan növü aşkarlandı. Həkim bildiridi ki, bir il müddətində fasiləsiz müalicə getməlidir. Müalicə xərcləri isə 50-60 min manat təşkil edəcək.

Maddi imkanım olmadığı üçün Komissiyadan kömək istədim. Lakin mənə komissiyadan bildirdilər ki, biz hepatitli xəstələrə yalnız pulsuz həblər veririk, ampulaları isə özləri almalıdırlar. Məsələ burasındadır ki, iynələrin qiyməti çox bahadır, həbləri özüm də ala bilərəm. Həm də o dərmanlar iynəni alarkən üzərində pulsuz olaraq verilir”.

Pulunu boş yerə xərcləyən M.Zərbəliyevin maddi imkanı tükəndiyindən müalicəni dayandıraraq yalnız pəhriz saxlayır ki, xəstəlik qara ciyərinə keçib sirroza çevrilməsin.

Əslində Hepatit C xəstəliyinə yoluxub diaqnozun doğru-düzgün qoyulması üçün maddi imkanı olmayan nə qədər insan var. Hələ xəstəlik qara ciyər sirrozuna çevrildikdə, transplantasiyaya ehtiyac olduqda ayağını uzadıb ölümünü gözləyənləri demirəm.

Hepatit B (HBV) daha çox qara ciyər xərçənginə, HCV isə sirroza gətirib çıxarır. Sirrozun yeganə effektiv müalicə yolu qara ciyər transplantasiyasıdır. Bu prosedurun qiyməti dünyada 100-150 min dollar aralığında dəyişir.

Proqnoza əsasən, yaxın 10-20 ildə hepatitlər üzündən qara ciyər sirrozu 60 faiz, qara ciyər xərçəngi 68 faiz, qara ciyər mənşəli digər xəstəliklərdən ölüm halları isə iki dəfə artacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildə hepatitli viruslara yoluxmuş 2381 insan olubsa, bu rəqəm 2009-cu ildə 1861, 2011-də 780, 2012-də 665, 2013-cü ildə isə 524 olub. Amma bu, real vəziyyəti əks etdirmir. Yüzlərlə insan hepatitli olduğunu ya bilmir, ya da bilib qeydiyyatdan keçməyib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 130-150 milyon insan xroniki hepatit C infeksiyasından əziyyət çəkir. Hər il 500 min insan bu xəstəlikdən dünyasını dəyişir.

Hepatit C nədir və necə yoluxur?

Hepatit C qara ciyər hüceyrələrini zədələyən virus mənşəli iltihabi xəstəlikdir. Virus qara ciyər hüceyrələrini zədələyərək xroniki hepatitə, sirroza və ya hepatosellülar karsinomaya (xərcəngə) gətirib çıxarır. Virus yüksək dərəcədə mutasiya qabiliyyətinə malik olduğundan hüceyrə daxilinə keçərək onu dağıtmağı bacarır. Bir sutka ərzində mutasiya nəticəsində 20-dən çox kvazi-virus (mutant) yaranır.

Xəstəlik bir neçə yolla yoluxur. HCV daşıyan donor qanının köçürülməsi; cərrahi əməliyyat və prosedurlar zamanı sterilizə qaydalarının pozulması; qanı “təmizləmə” prosedurları - hemodializ, plazmoferez, hemosorbsiya; stomatoloji, ginekoloji və kosmetoloji prosedurlar (pirsinq, tatu döyülməsi, manikür, pedikür) prosedurlar zamanı sterilizə qaydalarının pozulması; venadaxili narkotik qəbulu zamanı (yoluxmuş qanla qarışmış narkotik məhluldan və ya yoluxmuş iynədən istifadə); yoluxmuş vasitələrdən istifadə zamanı yoluxa bilər.

Xəstə anadan hamiləlik zamanı körpənin yoluxması ehtimalı 5 faizə qədərdir. Beynəlxalq statistikaya görə, 30 faiz hallarda yoluxma mənbəyi naməlum qalır. İnkubasiya (gizli) dövrü 1 aydan 6 aya qədərdir.

Xəstəliyin əlamətləri - ümumi zəiflik, halsızlıq, yuxunun pisləşməsi, əksərən əzələ və oynaqlarda ağrılar, bir sıra hallarda köpmə, ürəkbulanma, iştahanın itməsi, 30 faiz hallarda zəif sarılıq. Yoluxmadan 6 ay sonra proses xroniki hesab edilir.

Nikahdan əvvəl müayinəyə hepatit virusları da salınmalıdır

Hepatit C xəstələrinin üzləşdikləri problem təkcə maddi problem deyil. Bunu hepatitə yoluxmuş xəstədən yaxşı heç kim hiss edə bilməz. Bu xəstəliklə mübarizə aparan insanlar bir çox hallarda ailə üzvləri və yaxınları ilə də mübarizə aparmalı olurlar. Bəzən belə ailə üzvünə elə ailədə ayrı-seçkilik qoyulur, dost-tanışları bu şəxsləri öz məclislərində görmək istəmirlər. Bir çox hallarda isə həkimlər belə xəstələri müalicə etməkdən imtina edirlər. Mübariz Zərbəliyevin sözlərinə görə, hepatit virusuna yoluxmuş xəstənin istənilən orqanının əməliyyatı, müalicəsi də adi xəstələrdən qiymətinə görə fərqlənir:

“Dişimi çəkdirmək üçün həkimə getmişdim. Həkim ağır hepatit xəstəsi olduğumu bilmirdi. Mən bu xəstəlikdən kifayət qədər əziyyət çəkmişəm. Müalicənin çətin və uzun bir proses olduğunu, çox vəsait tələb etdiyini bildiyimə görə ehtiyatsızlıqdan kiməsə keçməsin deyə əvvəlcədən bu barədə həkimə məlumat verdim. Həkim isə bunu biləndə məndən təkcə dişin çəkilməsi üçün 100 manat aldı”.

Tibb sahəsində ekspert Adil Qeybullanın Publika.az-a bildirdiyinə görə, problemin bu qədər qabarıq olmasına baxmayaraq, nikahdan əvvəlki müayinələrə hepatit viruslarının yoxlanması daxil edilməyib. Mütəxəssis hesab edir ki, əgər əvvəlcədən belə tədbir görülsə, xəstəliyin geniş yayılmasının qarşısı alına bilər:

“Nikahdan əvvəlki müayinəyə nəinki hepatitlər, QİÇS, sifilis, bütün cinsi yolla yayılan infeksiyalar və virus hepatitlər mütləq daxil edilməlidir. Bununla yanaşı, bruselyozun, disteriozun, toksoplazmozun da təyin olunması çox yaxşı olardı. Bu preventiv tədbir sonradan ən azı iki nəfərin xəstəliyə yoluxması və ya sağalmaz xəstəliyə tutulmasının qarşısını alır”.

Hepatitlərlə bağlı xüsusi proqram olmalıdır

Hepatit B və C-nin getdikcə artdığını və bunun bəşəriyyət üçün böyük faciələrə yol açdığını, müalicəsinin də kifayət qədər baha başa gəldiyini və ölkədə İcbari Tibbi Sığortanın olmadığını nəzərə alsaq, bu xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə və əməliyyatına dövlət dəstəyi qaçılmazdır.

Millət vəkili Qənirə Paşayevanın Publika.az-a bildirdiyinə görə, Hepatit C ilə bağlı dövlət tərəfindən xeyli ciddi addımlar atılmağa başlanıb. Millət vəkili hesab edir ki, bu xəstəliyə tutulan insanlara dəstək proqramı həyata keçirilməli, müalicəyə və əməliyyata maddi imkanı olmayan şəxslərə yardım edilməlidir:

“Vətəndaş üçün 45 min manata başa gələn qara ciyər əməliyyatı 18% ƏDV-dən azad edilərsə, onun qiyməti xeyli azalar. Transplantologiya əməliyyatlarının 18% ƏDV-dən azad edilməsi əhali üçün çox vacibdir. Qara ciyər köçürmə əməliyyatlarının qiyməti daxilində dərman preparatlarının alınması və qiymətləri xeyli yer tutur. Əgər bu dərmanlar dövlət tərəfindən alınaraq təmin edilərsə, əməliyyatların qiyməti xeyli aşağı düşər və ƏDV-dən azad olunmaqla bərabər, əməliyyatın qiymətini 40%-ə qədər azalda bilər”.

Millət vəkili Musa Quliyev də Publika.az-a açıqlamasında hepatitlərlə bağlı xüsusi proqramın olmasını vacib saydığını bildirdi:

“Bəzi xəstəliklər var ki, Səhiyyə Nazirliyinin büdcəsindən xüsusi proqramla maliyyələşir. Bunu da ora salsalar, yaxşı olar. Hər halda, hepatit C və B ciddi xəstəlikdir, bunun profilaktikası ilə bağlı xüsusi proqram olsa, yaxşı olar. Biz Milli Məclisdə bununla bağlı təklif irəli sürəcəyik və bu il büdcə müzakirə olunanda hepatitlərlə bağlı məsələ qaldırılacaq”.

1000 nəfər pulsuz müalicə olunub

Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə komissiyanın sədri Murad Məmmədov isə yalnız dərmanların pulsuz verilməsi fikri ilə razılaşmır. Komissiya sədrinin Publika.az-a bildirdiyinə görə, xəstələrə həm iynələr, həm də həblər pulsuz verilir:

“İndiyə kimi müraciət edənlərin təxminən 1000 nəfəri pulsuz müalicə olunub. Əgər əks göstərişləri yoxdursa, bütün xəstələri götürürük. Əks göstərişi olanlara dərman vermirik”.

Pulsuz veriləcək dərmanların keyfiyyətinə gəldikdə isə M.Məmmədovun sözlərinə görə, dərmanlar ÜST-in tövsiyəsinə əsasən seçilib. Müalicədə interferon tərkibli dərmanlardan istifadə olunur ki, bu dərmanlar da digərlərindən keyfiyyət baxımından fərqli deyil”.

Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirovanın Publika.az-a bildirdiyinə görə, sentyabr ayının 10-na kimi komissiyaya 2900 nəfər hepatit virusuna yoluxmuş şəxs müraciət edib. Onlardan 75 faizi HCV, 20-25 faizi isə HBV yoluxmuş şəxslərdir. Pulsuz müalicəyə gəlincə isə, sədr müavini bildirdi ki, komissiyaya hər kəs müraciət edə bilər:

“İnsanlar bu xəstəliyə yoluxmalarını, orqanizmin vəziyyətini əks etdirən sənədləri və digər tələb olunan analizlərin nəticələrini toplayıb komissiyaya təqdim edə bilərlər. Sonra komissiya ayda 1-2 dəfə yığışaraq sənədləri təhlil edir. Ehtiyac olduqda müraciət edən şəxsləri də dəvət edirik və sonra müalicənin təyin olunub-olunmaması qərarlaşdırılır. Burada bir çox parametrlər - xəstənin vəziyyəti, onun xəstəlik dövrü, ağırlığı, qara ciyər sirrozu və ya qara ciyər xərçənginin olub-olmaması müəyyənləşdirilir. Əgər xəstədə əks göstəriş yoxdursa, onda müalicə təyin olunur”.

Müalicəyə gəlincə, H.Qədirovanın sözlərinə görə, bu, iki cür aparılır: Hepatit B zamanı 24 həftə ərzində həftədə 3 dəfə “İnterferon”, “Alfa interferon” preparatı, “Ukraferon” təyin olunur.

“Hepatit C xəstəliyində isə bu virusun genotipindən asılı olaraq, birinci, ikinci, üçüncü, dördüncü və s. hepatitlər ola bilər. 1 və 4-cü genotip olduqda “Ukraferon”, əlavə olaraq “Ribavirin” 48 həftə, qalan genotiplər olduqda isə 24 həftə verilir. Baxılan sənədlərin 57-58 faizi haqqında müalicə ilə bağlı qərar qəbul olunur”.

Pulsuz müalicə və ucuz ətin şorbası

Lakin ekspertlər “İnterferon” və “Ribavirin”lə müalicəni effektli saymırlar. Xəstəliyin müalicəsində daha tez nəticə verən yeni həblər var. Ekspertlərə görə, bu müalicə tam və effektli deyil. Yeni dərmanlarla 3 aylıq müalicə təyin etmək mümkündür. “İnterferon” və “Ribavirin”lə müalicə xəstəni tamamilə sağaltmayacaq. Bu dərmanları dövlət verir və ucuz başa gəldiyinə görə belə müalicə edirlər. Amma hər xəstə üçün bu iki dərman tətbiq oluna bilməz.

“Hazırda tətbiq edilən ikili müalicənin xərcləri hər kəsin büdcəsinə uyğun deyil. “Pegasis”, “Pegaferon” iynələrlə yanaşı, “Bolcepravir”, “Telapravir” dərmanlar da tətbiq edilir. Bu, müalicəyə cavab verən xəstələr üçün tətbiq edilir, cavab verməyən xəstələrdə isə əvvəlki müalicə vasitələrindən istifadə olunur. Çünki ikili müalicə çox bahadır və xəstələrin çox zaman buna imkanı olmur. Bu yaxınlarda ABŞ-da və Avropada istifadəyə verilən “Sofosfobir”la üç aylıq müalicə 86 min dollara yaxındır, bunun yanında bəzi dərmanlar da qəbul edilir. Hələ ki bu dərmandan istifadəyə sertifikat verilməyib, verilsə belə, yalnız imkanı olanlar istifadə edə biləcək”.

Müalicə müddəti isə virusun genotipindən asılı olaraq 6 aydan 18 aya qədər davam edir. Hazırda tətbiq edilən ikili müalicənin bir illik xərci 15 min avrodur. Üçlü müalicənin 3 aylıq müalicəsi 5 min avrodur. Bu da 36-48 həftə davam edir.

Əslində xəstəliyin müalicəsi olsa da, maddi imkansızlıq Hepatit C-i insanların gözündə çarəsizləşdirib. Pulsuz müalicə də ən yaxşı halda şorbası olmayan ucuz ətdən başqa bir şey deyil. Xəstələrin ümidləri bir tərəfdən hepatitə yoluxmuşların qeyri-rəsmi statistikasının ağırlığı, digər tərəfdən isə “əl çirki” olan qalaq-qalaq pulların altında qırılıb məhv olur. Bəs nəyi gözləyirik? Ölümü?!

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm