• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məhəlləmizə yolçəkənlər gəlib – bir yarımçıq abadlaşmanın izi ilə – FOTOLAR

Məhəlləmizə yolçəkənlər gəlib – bir yarımçıq abadlaşmanın izi ilə – FOTOLAR

- Xəbərin var?

- Nədən?

- Məhəlləmizi asfaltlayırlar.

- Nə yaxşı, səni şad xəbər olasan.

Binədəqi rayonu, Mirmahmud Kazımovski küçəsinin sakinləri təxminən 3 həftə əvvəl yaşadıqları ərazinin abadlaşdırılmasına bu cür sevinirdilər. Elə güman edirdilər ki, illərdir asfalt üzünə həsrət qalan küçələrinin yamaqlı günləri başa çatdı. Söhbət bu ərazidə Respublika Əlillərin Bərpa Mərkəzinin inşası ilə əlaqədar küçəyə yeni asfalt örtüyünün çəkilməsindən gedirdi. Lakin onların sevinci küçənin abadlığı kimi yarımçıq qaldı. Məlum oldu ki, müvafiq qurumlar yolun ancaq mərkəzə qədər olan hissəsini, başqa sözlə desək, göz qabağında olan yerini abadlaşdırıblar.

Bununla bağlı Publika.az-a müraciət edən sakinlər Mirmahmud Kazımovski küçəsində həyata keçirilən kosmetik işlərdən narazılıq ediblər. Biz də həmin əraziyə gedib, söylənilənlərin həqiqətə uyğun olub-olmadığını yerindəcə araşdırdıq.

Mirmahmud Kazımovski küçəsindəki müşahidələrimizə yeni istifadəyə verilmiş Respublika Əlillərin Bərpa Mərkəzinin qarşısından başladıq. Yeni asfalt örtüyü, təmir olunmuş səki, avtomobillər üçün xüsusi zolaq burada abadlıq işlərinin görüldüyünü göstərir. Lakin mərkəzdən 15 metr aralandıqdan sonra abadlıq işlərinin əsl mahiyyəti üzə çıxır. Məlum olur ki, asfalt Bərpa Mərkəzinin hasarı bitən yerə qədər döşənib. Həmin yerə qədər qazon salınıb, hətta çiçəklər də basdırılıb. Lakin bütün bunlar təxminən küçənin dörddə bir hissəsini əhatə edir. Yolun qalan 200-250 metrlik hissəsinə əl dəyilməyib. Bu səbəbdən də çala-çuxurlar qalmaqdadır. Axı harada görünüb ki, təxminən 300 metrlik yolun cəmi 60-70 metri üçün smeta ayrılsın?

Başqa sözlə desək, küçənin yarısı şüşə kimi asfalt, gülüstanlıq, yarısı isə dağılmış vəziyyətdədir. Küçədə dağılmış elə yerlər var ki, dağ yollarına bənzəyir.

Heç olmasa, təmiri sona qədər edəydilər

Sakinlər bildirirlər ki, elə bu səbəbdən Mirmahmud Kazımovski küçəsi yağıntılı günlərdə palçıqlı əraziyə çevrilir: “Siz o təmir vaxtı buradakı texnikanı görəydiniz. Kranla evlərin fasadının ağardılmasını elə tələm-tələsik həyata keçirirdilər ki. İki növbəli iş sisteminin fəhlələri küçənin ancaq göz qarşısında olan yerini qaşıyıb yuyur, sonra asfalt döşəyirdilər. Küçənin asfalt örtüyünün yenilənməsini Bakı Şəhər İcra Hakimiyyəti, qazon örtüyünün salınmasını isə Yaşıllaşdırma Təsərrüfat Birliyi həyata keçirirdi.

Küçəni təmizləyəndə nasosla qazılmış asfaltı göyə sovururdular. Buna görə də ərazidəki yaşayış binalarının pəncərələrini açmaq mümkün deyildi. Təmir vaxtı hamımız yol sarıdan günlərlə əziyyət çəkdik. Heç olmasa, təmiri sona qədər edəydilər”.

Yağıntılı havalarda bu ərazidə hərəkət etmək çətindir

Başqa bir sakin də küçədə təmir-bərpa işinin çox pis vəziyyətdə həyata keçirilməsindən şikayətləndi. Bildirdi ki, bütün bunlar qarşıdan gələn qış mövsümündə də Mirmahmud Kazımovski küçəsi sakinlərinin ötənilki yolsuzluq çətinliyi ilə üz-üzə qalacaqlarını göstərir. Çala-çuxurlu küçənin nəqliyyat problemi bu il də bitib-tükənməyəcək: “Abadlaşmamış yol əlil və şəhid ailələrinin yaşadığı binanın qarşısındadır. Yağıntılı havalarda bu ərazi ilə hərəkət etmək çətindir. Bu qədər sakini olan küçədən əvvəllər 122, 116, 13 və 52 saylı marşrut avtobusları keçirdi. Onlar sakinləri “Gənclik”, “İçərişəhər”, “28 May” metrostansiyalarına aparıb-gətirirdilər. Lakin indi bircə 52 saylı marşrut avtobusu işləyir. Onların sayı cəmi 4 ədəddir. Buna səbəbdən də avtobuslar iyirmi dəqiqədən bir gəlir”.

Bura sonuncu dəfə 1995-ci ildə asfalt çəkilib

Küçənin illərdir asfalt üzünə həsrət qalmış, örtüyü cadar-cadar olmuş hissəsində foto çəkilişləri apardığımızı görən taksi sürücüləri özləri bizə yaxınlaşıb, “qardaş, bunun (reportaj hazırlamağın-red) bir xeyri olacaqmı, görəsən?” deyə soruşurdular. Ardınca da giley-güzar etdilər:

“Sizin kimi 3-4 jurnalist gəlib burada reportaj hazırlasa, bəlkə, bunun bir faydası olar. Küçəyə sonuncu dəfə 1995-ci ildə asfalt çəkilib. Bir dəfə imkanlı sakinlərdən kimsə su çəkdirdi deyə yolun bəzi yerlərinə yamaq döşətdirdi, vəssalam. Ondan sonra heç bir iş görülmədi. Həmin vaxtdan bu günə qədər arada bir dəfə yamaq vurmaqla işlərini bitmiş sayırlar. Belə şey olmaz axı! Reabilitasiya Mərkəzinin qarşısını tələm-tələsik asfaltlayıb çıxıb getdilər. Bəs yolun qalan hissəsi? Hələ bilmək olmaz ki, o asfaltın da ömrü nə qədər olacaq? Harada görünüb ki, küçənin ancaq bir hissəsini abadlaşdıralar? Küçəni aşağıdan yuxarı gəzəndə gülməli vəziyyətlə qarşılaşırsan. Yolu yarımçıq abadlaşdırıb, sonra da bunu “möhtəşəm təmir-bərpa işi” kimi qələmə verirlər. Büdcədən ayrılan pulları da öz aralarında bölüb yeyirlər”.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova Publika.az-a bildirdi ki, həmin küçənin təmiri mərhələli şəkildə həyata keçiriləcək: “Bu küçənin bir hissəsinin nə üçün təmir edilməməsi bəzi səbəblərlə bağlı ola bilər. Bunun konkret nə ilə bağlı olması haqda dəqiq bir söz deyə bilmərəm. Fikir verirsinizsə, küçələr mərkəz hissədən başlayaraq hissə-hissə təmir edilir. Yəqin ki, həmin küçə də mərhələli şəkildə abadlaşdırılacaq”.

Həmin küçənin təmirinə nə qədər vəsaitin ayrılması barədə sualımızı isə Nailə Məmmədova cavabsız qoydu.

Anar Tağıyev

Fotolar müəllifindir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR