Köç başladı - Yanan bina təmirdən sonra - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Köç başladı - Yanan bina təmirdən sonra - FOTOLAR

Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli binanın sakinləri artıq yeni təmir edilmiş mənzillərə köçməyə başlayıblar. Mayın 19-da baş vermiş yanğınla əlaqədar evlərini tərk etmiş sakinlərin bəzilərinə dünən mənzillərin açarları təqdim olunub. Bir qisminə isə təmir edilmiş mənzillərinin açarları bu gün təqdim ediləcək.

Binəqədi rayon İcra Hakimiyyətinin rəsmiləri, habelə 72 saylı Mənzil Kommunal Sahəsinin işçiləri də burada idi. Yük taksiləri isə sakinlərin əşyalarını mənzillərə daşıyırdı. “Azəraqrartikinti” şirkəti tərəfindən təmir edilən binada işıqlandırma-elektrik, su təchizatı sistemi yenidən qurulub. Mənzillərin və blokların qapı-pəncərələri yenilənib, bütün otaqlar təmir edilib, pəncərələrə yeni pərdələr asılıb. Həmçinin hər bir mənzil yeni mətbəx və digər mebellərlə təchiz olunub.

Sakinlər təmirlə bağlı fərqli fikirdədirlər. Razı qalanlar da var, narazı olanlar da. Evinə əşya daşıyan sakinlərdən biri mənzilinin təmirində müəyyən nöqsanlara yol verildiyini dedi: “Divar kağızını yaxşı vurmayıblar. Ona görə də bəzi yerlərdə xoşagəlməz mənzərələr ortaya çıxıb. İcra Hakimiyyətinin rəsmiləri deyirdilər ki, ayaqqabılarınızı çıxarıb mənzillərinizə daxil olacaqsınız. Amma belə olmadı. Paltaryuyan, qızdırıcı istisna olmaqla, heç bir texniki avadanlıq verməyiblər”.

Digər sakin isə əksinə, təmir və yenidənqurma işlərinin yaxşı həyata keçirildiyini dedi: “Binanın əvvəlki vəziyyəti belə deyildi. Bloklarda köhnə elektrik xətləri sallanırdı”.

Sakinlərlə yanaşı, onların yaxınları da yaradılmış şəraitdən razı qaldıqlarını dedilər. Səfurə Mazanova bildirdi ki, əvvəlki mənzillərlə müqayisədə hər şey əladır: “Binanın dəhlizi gözəl təmir edilib. İsti-soyuq su, qızdırıcı sistem yaxşı qurulub. Əvvəllər heç mənzillərin içində də qızdırıcı yox idi. Amma indi onu hətta bloklara da quraşdırıblar. Habelə kommunikasiya xətləri də səliqəsiz idi. İndi hər şey normaldır. Mebellər də təzədir”.

“Azəraqrartikinti” şirkətinin sahə rəisi Sənan Şükürov bildirdi ki, onlar binanın təmirinə elə may ayından başlayıblar: “Mayın 22-də 59 mənzilin hər birində təmir işlərinə başlanıldı. Təmir işləri artıq başa çatıb. Yalnız xırda-para işlər qalır. Mənzillərin hər biri mebel avadanlıqları ilə təchiz edilib. Binanın kommunikasıya xətləri tamamilə yenilənib. Yeri gəlmişkən, binanın əvvəlki su xətləri bərbad vəziyyətdə idi. Həmin xətlər tamamilə yeniləndi. Gördüyünüz kimi, istilik sistemi təkcə mənzillərdə yox, bloklarda da quraşdırılıb. Binaya isti su xəttinin çəkilişi başa çatıb.

Nəinki mənzillər, ümumiyyətlə, binanın dəhlizi, pilləkənlər, lift tamamilə yenilənib, əsaslı şəkildə təmir edilib. Lakin bu binada qaz əvvəlcədən olmayıb. Yanğın təhlükəsinin qarşısını almaq üçün bloklarda və mənzillərdə mərkəzləşdirilmiş yanğın siqnalizasiya sistemi quraşdırılıb. Hər hansı yanğın təhlükəsinin qarşısını almaq üçün şaxtalar tikilib”.

O bildirdi ki, dünən günortaya qədər 39 mənzilin açarı sahiblərinə təhvil verilib:

“İşlərimizi davam etdiririk. Əgər yekunlaşdıra bilsək, mənzillərin hamısını sentyabrın 29-da sahiblərinə təhvil verəcəyik. 59 mənzildən yalnız birinin sahibi – 14-cü mərtəbədə yaşayan sakin öz evinə köçmək istəmir. Bu, həmin sakinin mənəvi sarsıntısı ilə əlaqədardır. Onun övladı yanğın zamanı dünyasını dəyişib.

İnşaat işləri ilə bağlı bütün suallara cavab verə bilərik. Çünki bu, birbaşa bizim səlahiyyətimizə aiddir. Təbii ki, təmir işləri zamanı müəyyən məsələlər ortaya çıxır. Habelə təhvil veriləndə də müəyyən çatışmazlıqlar ola bilər. İşimiz başa çatsa da, hər hansı suallara cavab vermək, təmir işləri ilə bağlı məsələləri həll etmək üçün bir neçə həftə burada olacağıq”.

Qeyd edək ki, sakinlərdən bir neçəsi təmirdən çıxmış mənzillərində əvvəllər kondisionerlərin, televizorların və soyuducuların olduğunu iddia edirlər. Hətta bəziləri deyir ki, bir müddət əvvəl quraşdırılmış kondisionerin yeri hələ də qalmaqdadır. İş icraçısı bu məsələyə də aydınlıq gətirdi: “Əvvəllər bütün mənzillərin həmin avadanlıqlarla təmin edilməsi nəzərdə tutulurdu. Ola bilsin, vəsait çatışmazlığından sonradan bu qərar dəyişib. Həmin səbəbdən mənzillərə kondisioner, soyuducu və televizor qoyulmayıb. Lakin bununla bağlı yeni qərarın verilməsi də istisna olunmur”.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm