Avtovağzalda nələr baş verir: cibimizi boşaldan qanunsuz pul yığımı, yoxsa kommersiya sirri? - FAKT
Bizi izləyin

Qırmızı.az

Avtovağzalda nələr baş verir: cibimizi boşaldan qanunsuz pul yığımı, yoxsa kommersiya sirri? - FAKT

- 7-ci mikrorayona neçəyə apararsınız?

- 10 manata.

- Əvvəl 6-7 manata aparırdınız. Nə üçün qiymət belə qalxıb?

- Qapı pulu alırlar, avtovağzala hər dəfə giriş üçün 1 manat ödəyirik. Gündə 4-5 dəfə ora girib-çıxırıq, hər dəfə gör nə qədər pulumuz çıxır.

Avtovağzaldan 7-ci mikrorayona qədər taksi sürücüsü ilə söhbətimiz xeyli maraqlı oldu. Suallarımızla danışmağa daha da həvəslənən sürücü əməlli-başlı ürəyini boşaltdı.

Məlum oldu ki, Bakı Beynəlxalq Avtovağzalının ərazisində 140-a yaxın taksi fəaliyyət göstərir. Hər taksi gündə 4-5 dəfə avtovağzala girib-çıxırsa və hər dəfə 1 manat ödəniş edirsə, gün ərzində toplanan məbləği hesablamaq çətin deyil. Bu, təkcə taksi sürücülərinə şamil edilmir. Fərdi avtomobil sahibləri də eyni ödənişi etməyə məcburdur. Bunları da nəzərə alsaq, bu hesabla avtovağzalın büdcəsinə gün ərzində xeyli vəsait toplanır.

Yolu bir dəfə də olsa avtovağzaldan düşənlər girişdə nəzarət-buraxılış məntəqəsinin üzərində “giriş haqqı 1 manat” yazılan lövhəni görüb. Lövhənin yanında müfəttişlər dayanıb, onlardan bir qrupu avtovağzala girənlərdən, digəri çıxanlardan pul yığır.

Bu, Dəli Domrulun quru çay üzərindən keçənlərdən haqq yığmasına bənzəyir...

Bəs toplanan bu pullar qanunidirmi, bu pullar hara toplanır, necə xərclənir?

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Publika.az-a açıqlamasında bildirib ki, avtovağzal, hava limanı və digər obyektlərdə də belə pullu xidmətlər var: “Həmin obyektin yerləşdiyi ərazi dövlət mülkiyyəti olsa da, pullu xidmət ola bilər. Lakin bu xidmətlərin qiymətini obyektlər özləri yox, dövlət müəyyən etməlidir. Qanunvericiliyimizdə həmin obyektlərdə dayanacağın ödənişli və ya ödənişsiz olması barədə dəqiq göstəriş yoxdur. Bu olmadığına görə xidmətin pullu edilməsində problem yoxdur. Çünki bu obyekt təsərrüfat hesablıdır, onların bəzi xərcləri də var. Bu xidməti dövlət müəyyən edərsə, belə problemlər olmayacaq. Yaxşı olar ki, Tarif Şurası belə obyektlərdə qiyməti müəyyən etsin. Xidmət haqqını Tarif Şurası müəyyən etməsə belə, müəyyən edilmiş qiymətlərlə bağlı sənəd olmalıdır. Həmin sənəd qurumun saytında, ya da xidmət göstərilən ərazidə yerləşdirilməlidir”.

Məsələ ilə bağlı bir neçə sualla Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayevə müraciət etdik.

Növbə rəisi avtovağzala daxil olanlardan 1 manat məbləğində xidmət haqqının yığılmasının qanuni olduğunu bildirdi.

“Ödənişə görə həmin şəxslərə qəbz verilir. Qəbzin üzərində VÖEN yazılır, yəni bu sənəd rəsmidir və bu xidmətdən əldə olunan gəlirdən vergi ödəyirik”.

Bu ödənişin hansı qərar və ya qanunla tənzimlənməsinə gəlincə, növbə rəisi həmin sənəddən xəbərsiz olduğunu dedi.

Əraziyə gün ərzində nə qədər avtomobilin daxil olması ilə bağlı sualımıza isə kommersiya sirri olduğu üçün cavab vermədi və qeyd etdi ki, avtovağzalın gördüyü işləri yoxlamaq vergi orqanlarının işidir.

Növbə rəisindən avtovağzala gün ərzində daxil olan avtomobillərin sayını öyrənə bilməsək də, əməkdaşımıza bir neçə gün öncə avtovağzaldan verilən qəbz köməyimizə çatdı.

Əməkdaşımız bir neçə gün öncə axşamüstü avtovağzalda olub, girişdə ödədiyi bir manata görə ona verilən qəbzdə 1206-cı adam olduğu qeyd edilib.

Deməli, bu, gün ərzində orta hesabla 1300 manat pul deməkdir. Bu məbləğ isə hansı büdcəyə gedir və necə xərclənir, bilən yoxdur. Daha doğrusu, avtovağzal rəhbərliyi bilir, amma kommersiya sirri adı ilə ictimaiyyətdən gizlədilir.

Hüquqşünas Müzəffər Baxış Publika.az-a açıqlamasında bildirib ki, bu ərazi dövlət mülkiyyətində olan ərazidir: “Ora girən və çıxan maşınlardan qanunsuz olaraq pul alınır ki, bu, özbaşınalıqdır. Dövlət mülkiyyətində olan əraziyə giriş üçün heç kim qadağa qoya bilməz. Torpağı icarəyə götürən şəxs əraziyə girişi ödənişli edə bilməz. Avtovağzala daxil olan maşınlardan alınan haqqa görə çek verilməsi isə formal xarakterlidir. Avtovağzal rəhbərliyinin ora giriş-çıxış üçün haqq müəyyən etmək səlahiyyəti yoxdur. Mülki Məcəllədə bu məsələ aydın göstərilib. Belə ki, dövlət obyektlərinə daxil olmağa görə heç kim qadağa qoya, haqq tələb edə bilməz. Bunun üçün Milli Məclisin qəbul etdiyi qanun olmalıdır”.

M.Baxış bildirib ki, avtovağzalın yığılan haqqın məbləği, xərclənməsi, həmçinin gün ərzində ora daxil olan avtomobillərin sayı barədə məlumatları kommersiya sirri olaraq açıqlamaqdan imtina etməsi qanunsuzdur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm