Taksilərdə qiymət artımı, yoxsa…?
Bizi izləyin

Qırmızı.az

Taksilərdə qiymət artımı, yoxsa…?

Son günlər Bakıda “London taksiləri”nin gediş qiymətlərini qaldırması ilə bağlı məlumatlar geniş müzakirələrə səbəb olub. Məlumatı kim necə eşidirsə, elə də şərh edir. Yayılan məlumatlarda bildirilir ki, əvvəllər taksiyə əyləşmə qiyməti 1 manat idisə, artıq yeni “badımcan taksi” kimi tanınan “London taksi”sinə əyləşəndə taxometrlər 3 manat yazacaq.

Məsələni araşdırmaq üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının Publika.az-a bildirdiyinə görə, əslində taksilərdə qiymət artımı olmayıb. Yəni “London taksi”lərində əyləşmə qiyməti əvvəlki kimi 1 manatdır. Nəqliyyat Nazirliyinin nəzdində yeni “Bakı Taksi Xidməti” MMC yaradılıb və həmin şirkətin Bakıya gətirdiyi taksilərində fərqli qiymət qoyulub:

“Yeni taksilər də “London taksi”ləridir, amma bunların bir fərqləri var ki, üzərində sarı zolaq var. Əgər taksi 3 km yol gedirsə, taxometr 3 manat yazır. Amma əvvəlki taksilərdə bu qədər məsafəyə görə 3 manatdan daha artıq vəsait ödəyirdilər”.

Qurum rəsmisinin sözlərinə görə, yeni taksilərin üstünlükləri salonun geniş, kondisionerli olması, sayğacda neçə km getdiyini görmək imkanının olması, sürücü ilə sərnişin arasında dialoqun mümkün olmaması, naviqator və ödəmə qurğusu ilə təchiz olunmasıdır.

Ş. Mehmanqızı bildirib ki, yeni taksi ilə əsasən uzaq məsafələrə gediş-gəlis sərfəlidir. Qısa məsafələr üçün əvvəlki taksilərdən istifadə etmək məsləhətdir. Belə ki, yeni taksilərdə məsafə artdıqca, ödənilən məbləğ azalır:

“Taksidə əyləşərkən 3 km-dək məsafə 3 manatdır. 3 km-dən sonra növbəti 7 km üçün məbləğ 70 qəpikdən, 10 km üçün 40 qəpikdən hesablanır. Əslində, burada qiymət artımı baş verməyib və uzaq məsafə qət edənlər üçün bu daha sərfəlidir”.

Yeni taksilərin paytaxtda məhdud sayda, cəmi 30 ədəd olduğunu deyən Ş. Mehmanqızının sözlərinə görə, əgər yeni taksilər əhali arasında razılıqla qarşılanarsa, sayı artırılacaq.

Qeyd edək ki, yaxın günlərdə taksilərə lisenziya və “Fərqlənmə nişanı”nın verilməsi xidmətlərinin “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. Mütəxəssislər hesab edirlər ki, bununla da taksilərin lisenziya şərtlərinin daha da dəqiqləşdiriləcəyi və şəffaflaşdırılacağı gözlənilir. Hazırda taksi xidmətinə nəzarətin zəif və pərakəndə olduğunu deyən ekspertlərin sözlərinə görə, bundan sonra taksi xidmətinə nəzarət daha da gücləndiriləcək.

Məlumat üçün qeyd edək ki, “Bakı Taksi” MMC və “Bakı Taksi Xidməti” MMC ayrı-ayrı şirkətlərdir və birincidə nömrələr 90 AT ilədirsə, ikincilər göy seriyalı avtomobillərdir. Hazırda “Bakı Taksi” MMC-yə məxsus “London taksiləri”ndə 10 km-ə qədər məsafə üçün 1 km-in qiyməti 0,7 manat, 10 km-dan 20 km-ə qədər isə 0,4 manat, 20 km-dən çox məsafə üçün isə 1 km-in qiyməti 0,2 manatdır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm