Binəqədidə “yaşıl soyqırım” – “Zeytunluq”da ağaclara qənim kəsilənlər kimlərdir? – FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Binəqədidə “yaşıl soyqırım” – “Zeytunluq”da ağaclara qənim kəsilənlər kimlərdir? – FOTOREPORTAJ

Bakının bir sıra yerlərində yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi qadağan edilsə də, təəssüf ki, belə hallara hələ də rast gəlinir. Bir sıra ərazilərdə yaşayış binaları inşa edən tikinti şirkətlərinin qanunsuzluğuna bu dəfə sadə vətəndaşlar da şərik olmağa başlayıblar. Söhbət Binəqədi rayonunda, Zərifə Əliyeva parkının qarşısında, “Zeytunluq” adlanan yaşıllıq massivində ağacların məhv edilməsindən gedir.

Bu barədə Publika.az-a məlumat verən sakinlər bildiriblər ki, hər gün buradan zeytun yığıb satan ayrı-ayrı şəxslər ağaca çıxmağa ərindiklərindən onları sındırır, budaqlarını qırırlar.

Söylənənləri araşdırmaq üçün əraziyə baş çəkdikdə deyilənlərin doğru olduğunu gördük. Burada ağacların, budaqların necə qırıldığını gördükdə gözlərimizə inanmadıq. Naməlum şəxslər budaqları qıraraq onların üzərindəki zeytunları yığıblar. Bütün bunlar bir yana, əraziyə zibil torbaları, məişət tullantıları da atıblar. Müşahidə apardığımız vaxt iki qadın “iş başı”nda idi. Onlar ərazidə fotoçəkiliş apardığımızı gördükdə tələsik aradan çıxdılar. Özlərindən sonra qoyduqları iz isə qırıb yerə atdıqları nazik, cavan budaqlar idi.

Sakinlərlə söhbətimiz zamanı məlum oldu ki, zeytun yığanlar bura daha çox günün ikinci yarısında təşrif buyururlar: “Onlar ağaca dırmaşmaq əvəzinə, ağacların budaqlarını əyərək qırırlar. Bununla bağlı dəfələrlə şikayət etsək də, heç bir faydası olmayıb. Hər gün neçə adama başa salmağa çalışırıq ki, zeytun yığmaq üçün ağacı, yaxud onun budağını kəsmək olmaz. Elə bayaq iki-üç nəfər zeytun yığmağa gəlmişdi. Neçə budağı qırıb yerə atdılar. Üstündəki zeytunu yığıb getdilər. Binəqədi Rayon İcra Hakimiyyətinə bununla bağlı dəfələrlə şikayət etmişik. Şikayət yazmışıq, qol çəkmişik, göndərmişik icra hakimiyyətinə. Şikayətimiz protokollaşdırılıb və polisə göndərilib. Amma yenə faydası olmadı. Ağacları, budaqları qırmaqda davam edirlər. Üz tutmadığımız rəsmi struktur qalmayıb”.

Yaşıllıq massivində dincələn bir neçə ağsaqqalla da söhbətləşdik. Dedilər, əgər əraziyə nəzarət gücləndirilməsə, ağacların budaqlarını qıranlar sərt cəzalandırılmasa, burada daha pis mənzərələr yaranacaq: “Günorta saat 4-də burada “ov” başlayır. Həmin vaxt gəlin, özünüz görün ki, nələr edirlər. Quş kimi qonurlar ağaclara, budaqları qırıb yerə atırlar. Sonra yerə düşüb budaqların üstündəki zeytunları yığıb gedirlər.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları da ərazidə olur, ağaclara qənim kəsilənlərin qarşısını almağa çalışırlar. Lakin zeytun yığanlar onların da nəzarətindən yayınıb ağacları, budaqları qırır. Ağacları qıranlar əsasən yaxınlıqdakı ərazidə yaşayanlar, məcburi köçkün ailələridir”.

Binəqədi sakini, sabiq millət vəkili Kərəm Əliyev də “Zeytunluq” yaşıllıq massivinə nəzarətin zəif olmasından şikayətləndi: “Dünən də gördüm ki, zeytunu asan yolla yığmaq üçün ağacın budaqlarını qırıb yerə atıblar. Bəziləri hətta budaqları otun, samanın altında gizlətməyə çalışır. Belə hallara hər gün rast gəlirik. Dəfələrlə Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Burada daha nələr baş verir. Şəxsən rayon icra başçısının özünə də deyilib. Hər bir rayonda yaşıllıq sahəsi var. Amma onlar yaxşı qorunur. Təəssüf ki, bu ərazidə yaşıllıqlara nəzarət edilmir. Ona görə də zeytun yığanlar ağacları kəsir, budaqlarını qırırlar.

Əvvəllər belə hallara rast gələndə prokurorluğa müraciət edirdik. Həmin şəxslər barəsində müvafiq cəza tədbirləri görürdülər. Ona görə də ağacları qırmırdılar. Amma indi...

Hər yerə müraciət etmişik. Amma yenə ağacları, onların budaqlarını məhv edirlər. Yaxşı ki bu məsələni ictimailəşdirirsiniz. Bəlkə, bunun bir faydası oldu. Çox istərdik “Zeytunluğ”a nəzarət gücləndirilsin. Bu baxımsız yer qocaların, ağsaqqalların toplaşdığı, dincəldiyi yerdir. Hər gün gəlib burada nərd oynayırlar. Zeytun yığanlar ağacları məhv etdikdən sonra onlar harada dincələcəklər?”

Mövzu ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.

Anar Tağıyev

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm