• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Uğurun sirləri - Qafqaz Universitetindən FOTOREPORTAJ

Uğurun sirləri - Qafqaz Universitetindən FOTOREPORTAJ

Güclü piar, ya yüksək ixtisaslı kadr hazırlığı?

Ali məktəblərə Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər bir neçə universitetə üstünlük verirlər. O məktəblərdən biri də Qafqaz Universitetidir (QU) ki, ildən-ilə bu təhsil ocağına tələbə qəbulu da artır, yüksək bal toplayanların seçimi də.

Adətən, o universitet prestijli hesab edilir ki, ilk növbədə məzunları uyğun ixtisaslar üzrə yüksək maaşlı işlə təmin olunurlar. Bəs universitetin yüksək nüfuz qazanmasına səbəb nədir? Dünən adı dillər əzbərinə çevrilən universitetdə olduq.

İlk olaraq qeyd edək ki, Qafqaz Universiteti 1993-cü ildə fəaliyyətə başlayıb, 10 il şəhərin mərkəzində, sonra isə Abşeron rayonunda yerləşən 20 hektarlıq əraziyə köçürülüb. Hazırda üç tədris binası və iki yataqxana inşa edilməklə fəaliyyət göstərir.

İş təminatı

QU-nun Mətbuat şöbəsinin müdiri Ceyhun Vəliyevin bildirdiyinə görə, universitetin ərazisində yeni kitabxana, yeməkxana və tədris korpusları yenə də inşa edilməkdədir: "Universitetdə 4500-ə qədər tələbə təhsil alır, bir o qədər də tələbə məzun olub. Dünyanın 67 ölkəsində məzunlarımız var. Xaricdə olan məzunlardan 137-i təhsilini orada davam etdirir, digərləri isə xarici ölkələrdə işləyirlər. Qafqaz Universitetində tədris proqramı beynəlxalq standartlara uyğundur. Məzunlarımıza iş tapmaq problemi olmur. Statistik məlumatlara görə, 87 faiz məzunlarımızın iş tapmaq problemi olmur. Yerdə qalan 13 faiz də hərbi xidmətdə olan oğlanlar və ailə quran xanımlardır".

Məzunlar necə iş tapır?

Ceyhun Vəliyev dedi ki, universitetdəki yeniliklər daxili imkanlar hesabına mümkün deyil, bu təhsil ocağının hazırladığı kadrların universitetlə sonrakı sıx əməkdaşlığı nəticəsində mümkün olur: "Qafqaz Universitetində təhsil alan tələbəyə ixtisas sahəsindən asılı olmayaraq ingilis dilinə və İKT sahəsinə yüksək yiyələnmə tələbi qoyulur. Buna nail olan məzunlarımız işlədiyi şirkətlərdə universitet haqqında xoş təəssürat yaratdılar. Habelə universitetin iş dünyası ilə əlaqələr üzrə prorektorluğu var. Prorektorluq nüfuzlu şirkətlərlə daim əlaqədə olur, tələbələrimiz həmin şirkətlərdə təcrübə keçirlər. Deyək ki, bp 2009-cu ildə universitetimizlə müqavilə bağladı, SOCAR-la birlikdə neft-mühəndisliyi üzrə ixtisaslar açıb sponsorluq etdi, milyonlarla dəyəri olan laboratoriyalar açdı. 2013-cü ildə 11 ən yeni texnologiyalar üzrə laboratoriya qurdu, növbəti layihə də inşaat mühəndisliyi ixtisası üçün açılan laboratoriya olacaq. O cümlədən, "Azercell " bizimlə müqavilə bağlayır ki, məzunlarımız onlarla işləsin. Amma məzunlarımıza müstəqil seçim hüququ verilib. Bir sözlə, kadrlarımız elə hazırlanır ki, əmək bazarında işsiz qalmır. Hər il universitetdə məzun günü keçirilir və onlar demək olar ki, universitetlə əlaqələrini kəsmirlər".

Mozambikdən Ukraynayadək...

Mətbuat əlaqələndiricisinin sözlərinə görə, QU-ya xarici ölkələrdən də tələbə axını var. CAD, Gürcüstan, İran, Mozambik, Özbəkistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna və Yəməndən 250 tələbə təhsil alır: "Onlar arasında Azərbaycan dilini həvəslə öyrənən tələbələrimiz də var".

Xaricdə təkmilləşmə kursu

Ceyhun Vəliyev söylədi ki, universitetin rəqabət siyasəti də onun fəaliyyətinə nüfuz gətirir: "Qafqaz Universitetinin Azərbaycanda qurulmasının səbəbi odur ki, Azərbaycan təhsil sistemində müsbət xidməti olsun. Hər il biz 20-dən çox müəllim kadrımız xaricdə təkmilləşməyə göndərilir. Bundan başqa xaricdən - Amerikadan, Rusiyadan, Türkiyədən müəllimlərimiz var. Pakistandan, Misirdən də var idi. Azərbaycandakı digər universitetlərin fəaliyyətinə də dəstək üçün əməkdaşlığımız mövcuddur. 10 ildir universitetə rəhbərlik edən Əhmət Saniçin prinsiplərindən biri də odur ki, yüksək ixtisaslı kadrlarımız öz təcrübəsini başqa universitetlərdə də tətbiq etsin".

Avropa təcrübəsinə əsaslanan təhsil

Universitetin keyfiyyəti idarə etmə şöbəsinin müdiri Ədalət İbadovun sözlərinə görə, sözügedən ali məktəbin Azərbaycanın təhsil ictimaiyyəti arasında nüfuz qazanmasına səbəb universitetin fərqli təcrübə üzərində qurulmasından irəli gəlir: "Fəaliyyətə başladığı ilk vaxtdan Türkiyənin nüfuzlu universitetlərinin təcrübəsinə istinad olundu, Təbii ki, Türkiyənin nüfuzlu universitetləri də Avropanın nümunəvi təcrübəsini ön plana çəkib. Universitetin ilk türk qurucuları ilk illərdən etibarən kreditli təhsil sistemini tətbiq etdi ki, bu da təhsildə yenilik oldu".

İmtahanlardakı obyektivlik biliklənməyə doğru

Ədalət İbadov dedi ki, sessiya imtahanlarının proqramı iki həftə əvvəl planlanır və elan edilir. İmtahanlar adətən yazılı, bəzi fənlərdən isə test üsulu ilə keçirilir və obyektivlik tam qorunduğuna görə, tələbə bilik qazanmağa maraqlı olur: "İngilis dilində hazırlıq kursunda olan tələbələr üçün bilgi ölçmə testləri, bununla yanaşı şifahi nitq, yazı qabiliyyətini ölçmək üçün inşalar verilir. Bütün bunlar toplanılır və ortaq bal çıxarılır. Universitetin imtahan qərargahı var ki, xüsusilə imtahan sessiyası zamanı daha aktiv işləyir. Əgər tələbələrin etirazı varsa, onu yazılı şəkildə qərargaha bildirirlər. İmtahan ərizələrinə baxılması üçün sahələr üzrə komissiyalar qurulur. Tələbə haqlıdırsa, onun balı artırılır. Universitetdə "Qaynar xətt" xidməti də fəaliyyət göstərir ki, burada da əsasən valideynlərin şikayətləri dinlənilir".

70 faizlik dövlət sifarişi

Şöbə müdiri onu da əlavə etdi ki, universitetə hər il qəbul planı artır: "Universitetə qəbul olanların sayı 2013-2014-cü tədris ilində 802, 2014-2015-də 930, 2015-2016-cı tədris ili üçün isə 995 yerdir ki, bunun da 70 faizi dövlət sifarişi ilədir. Dörd ixtisas qrupu üzrə qəbul aparılır. Universitetimizi yüksək bal toplayanlar seçir, amma bununla yanaşı ödənişli təhsil sistemi olduğu üçün aşağı bal toplayanlar da seçim edir. Elə statistika var ki, az balla universitetə daxil olan tələbə, universitetə yüksək balla daxil olan tələbədən uğurla başa vurur".

Ədalət İbadov qeyd etdi ki, QU-nun hər korpusunda tələbələrin internetdən sərbəst faydalanması üçün Sərbəst İstifadə Laboratoriyası mövcuddur: "Bundan əlavə, şəhərciyin və binaların daxilində hər yer WiFi xidməti ilə təmin edilib".

Universitet öz laboratoriyaları ilə də digər ali təhsil ocaqlarından fərqlənir. Dil məktəbində bir ədəd dil laboratoriyası, Təməl işləmlər, Mexanika Mühəndisliyi, Texnoloji proseslər, Fiziki kimya, Üzvi kimya, Analitik kimya, Ümumi kimya, İnformatika dərsləri, Dövrə nəzəriyyəsi və elektronika, Kompüter laboratoriyaları tələbələrin istifadəsindədir. Tələbələr istədikləri zaman gəlib onlardan istifadə edə bilərlər. 16 laboratoriyadan əlavə, Sinxron tərcümə metodik kabineti, Ərəb dili və ədəbiyyatı metodik kabineti də fəaliyyət göstərir,

Universitetin nəzdində müxtəlif kurslar da var. İngilis dili, hazırlıq kursu, TOEFL, İELTS, ALES kursları fəaliyyət göstərir. Bura qəbul olan, amma ingilis dilini bilməyən, ya da zəif bilən tələbələr bir il müddətinə hazırlıq kursu keçirlər. İngilis dilini mükəmməl öyrəndikdən sonra artıq öz ixtisaslarına keçid edirlər. Universitetdə təşkil olunan digər kurslarda isə həm tələbələrə, həm də müəllimlərə müəyyən güzəştlər var.

11 şirkətlə işləyən texnopark

Dünya universitetlərinin təcrübəsində əsas yeri tutan Texnoparkı da ilk dəfə Azərbaycana QU gətirib. Texnoparkın mütəxəssisi Çingiz Ağakişiyev deyir ki, 2013-cü ilin yanvar ayından fəaliyyət göstərirlər. Texnopark yaradılarkən Türkiyənin Orta Doğu Texnik Universitetinin nümunəsi əsas götürülüb. Hazırda Texnoparkda 11 şirkətin ofisi yerləşir. Bunlar əsasən İnformasiya Texnologiyaları (İT), İT və biznes sahəsində çalışan şirkətlərdir. Şirkətlərin bura gəlməkdə məqsədləri tələbələrlə və müəllimlərlə birlikdə çalışmaq, onların ideya və fikirlərindən istifadə etmək, kadr potensialını artırmaqdır.

Universitetdə mərkəzlər və dərnəklər də fəaliyyət göstərir ki, bunlar da tələbə fəaliyyətinə stimul verməyə xidmət edir.

100 min kağız, 3 milyon elektron kitab...

QU-nun zəngin kitabxanası da var. Kitabxanaçı Dürnisə Səfərova bildirdi ki, kitabxananın 100 min kitab, 3 milyon isə elektron kitab bazası mövcuddur: "Kitabxanadan istifadə qapalı sistemlə mümkündür. Tələbələr onlayn sifariş verməklə istənilən kitabı əldə bilirlər. Onlar uiversitetin rəsmi saytının kitabxana bölməsinə daxil olaraq istədiyi kitabı axtarışa verərək, şəxsi məlumat sistemi vasitəsilə onlayn sifariş edir. Və 15 dəqiqə ərzində kitabı əldə edir.

4 ulduzlu yataqxana

Universitetin iki yataqxanası da var. Oğlanlar üçün olan yataqxana üç ulduzlu, qızlar üçün olan isə dörd ulduzludur. Yataqxanalar 250 yerlikdir.

Qızlar yataqxanasının rəhbəri Arzu Nəsibova bizi qızların yaşayış şəraiti ilə tanış etdi. Tələbələrin akademik və sosial tərəflərinin inkişafını təmin etmək məqsədilə oxu zalları, kitabxana, istirahət otaqları, bufet, idman kompleksi, internet salonu və camaşırxana onların istifadəsinə verilib. Bunlardan başqa, vizual fəaliyyətlərin və xüsusilə xarici dil təhsilinin inkişaf etdirilməsinə kömək məqsədilə sinevizyon salonları mövcuddur. Tələbələrin asudə vaxtlarını daha mənalı və faydalı keçirmək üçün tələbələrlə müxtəlif gəzintilər, idman və mədəniyyət proqramları təşkil olunur. Xüsusilə xarici ölkələrdən gələn tələbələr Azərbaycan mədəniyyətini, adət və ənənələrini yaxından tanıması üçün onlar müxtəlif tarixi yerlərə ekskursiyalara aparılır.

160 manata yaşayış təminatı

Yataqxanadakı tələbələr yeməklə də təmin olunur. Arzu Nəsibova diqqətə çatdırdı ki, yeməklərin keyfiyyəti və digər xidmətlər daim nəzarətdə olur: "Bütün bunlar isə tələbələrə ayda 160 manat ödəməklə başa gəlir. Nəqliyyata pul sərf etmədən, onların yemək və digər yaşayış təminatları qarşılanır".

Universitetin əsas tədris binasında yerləşən 700 nəfərlik yeməkxana ali təhsil ocağının işçilərinə ödənişsiz xidmət edir.

Sevil HİLALQIZI

Xəbər lenti

DAHA ÇOX XƏBƏR