Bakıda qeyri-adi məktəb: oturacaqsız, güzgülü siniflər - FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Bakıda qeyri-adi məktəb: oturacaqsız, güzgülü siniflər - FOTOREPORTAJ

Bu otaqda bucaqlar yoxdur, divarlarda ağaclar, buludlar, güzgü var. Bəzi şagirdlərin isə stulu yoxdur, tavanda müxtəlif zolaqlar, xətlər, asılqanlar var.

Heç belə də sinif olar?

Var, daha doğrusu, yaradıblar. Həm də uzun müddət araşdırma, təhlil aparandan sonra. Bu sadaladıqlarımda bizə yarımçıq, qəribə görünən hər bir detalın bir mənası var imiş. Təhsil Nazirliyinin əməkdaşları Azərbaycan Tibb Universitetinin həkimləri ilə birləşib dünya məktəblərinin təcrübəsini ələk-vələk etdikdən sonra sinif otağı yaradıblar.

Ötən il Bakıda və Sumqayıtda 15 belə sinif otağı olub, bu ildən onlara 52 sinif də əlavə edilib. Hazırda Bakıda 33, Sumqayıtda 1 məktəb olmaqla 34 məktəbdə 67 belə sinif var.

Siniflər Təhsil Nazirliyinin “Sağlam təhsil - sağlam millət” layihəsinə uyğun yaradılıb.

İndi də daha ətraflı. Bunun üçün layihənin tətbiq edildiyi 47 saylı məktəbdə olduq. Layihənin tədris üzrə aparıcı məsləhətçisi Afət Süleymanova, gigiyena üzrə mütəxəssis Şəhla Balayeva da bizimlə birlikdə idi.

Məktəbdə yalnız bir sinifdə belə sistem qurulub. Bu sinfə daxil olandan sinfi tərk edənə qədər sizi sürprizlər gözləyir. Sinfə girəndə “salam uşaqlar” desəniz, sizə cavab verən olmayacaq. Çünki onlar igidlər və xanımlardır. Ona görə də “salam igidlər”, “salam xanımlar” deməlisiniz. Şagirdlərin yaxalarındakı nişanlarda “Azərbaycan xanımı”, “Azərbaycan igidi” yazılıb.

Salamlaşmadan sonra “əyləşin” deməyin də mənası yoxdur. Çünki digər siniflərdəki kimi şagirdlərin hamısı oturmur. Girişdə bəhs etdiyimiz oturacaqsız partaların da mahiyyəti bundan ibarətdir. Şagirdlər dərsin müəyyən hissəsini ayaq üstə dinləyir, 15 dəqiqədən bir yerdəyişmə olur.

15 dəqiqənin tamamını siqnal xəbər verir. Bu səsi eşidən kimi şagirdlər sinif yoldaşları ilə yerlərini dəyişir. Daha sonra tavandakı zolaqlara uyğun boyun, baş, göz, əl-ayaq hərəkətləri edirlər.

Gigiyena qaydaları da diqqət mərkəzindədir. Qələmi yerə düşən şagird onu götürəndən sonra sinifdəki krana yaxınlaşıb, əllərini yumalıdır.

Tavandakı asqıların da mənası var imiş. Müəllim dərsin mövzusuna uyğun əvvəldən hazırladığı əyani vəsaitləri otaqlardakı asqılardan asır, bu da sanki 3D effekti yaradır. Bununla da şagirdlər özlərini mövzunun içində hiss edir.

Bu siniflərdə şagirdlərin sayı 24-dən çox olmamalıdır. Çünki qaydaya görə, bir uşağa 2 kv.m sahə düşməlidir.

Hər tənəffüsdə oğlanlar divarda quraşdırılmış alətdə dartınaraq əzələ yığır, qızlar isə oturub-durma hərəkətləri ilə çanaqlarını formalaşdırırlar.

Sinifdəki güzgünün də xüsusi anlamı var. Bu, qızların özlərini səliqəyə salması üçündür. Belə ki, tez-tez güzgüyə baxan adamın üst-başı, geyimi səliqəsiz ola bilməz. Azərbaycan xanımları da səliqəli olmalıdır. Elə bizim də sinifdə olduğumuz müddətdə dəfələrlə o güzgüyə baxmağımız mahiyyətin doğru olduğunu göstərdi.

Göz, qamət, əzələ problemlərinin həlli…

Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanova siniflərin nə üçün bu cür dizayn edilməsinin sirlərini açır.

“Diqqət etdinizsə, sinifdə düz xətt yoxdur. Bunun səbəbi uşaqları psixi streslərdən qorumaqdır. Künclərdə çəkilən ağaclar, tavandakı buludlar uşaqların özlərini sinif otağında deyil, açıq havada hiss etməsinə səbəb olur. Masalar da iki cürdür - hündür və oturacaqsız, alçaq və oturacaqlı. Çox sadə görünən bu üsul əslində şagirdləri bir sıra xəstəliklərdən qoruyur”.

Layihənin gələcək mərhələlərindən danışan A.Süleymanova bütün məktəblərdə bu sistemi qurmaq üçün real şəraitin olmadığını deyir.

“Bu gün məktəblərimizdə bəzi siniflərdə şagirdlərin sayı çoxdur. Bu da təhsilin keyfiyyətinə təsir göstərir. Gələcəkdə bu sistemin bütün məktəblərdə tətbiq edilməsi üçün monitorinqlərin nəticələri təhlil edilməlidir”.

Bu zaman söhbətə qoşulan layihənin gigiyena üzrə mütəxəssisi Şəhla Balayeva ötən ilin nəticələrinə toxunur.

Onun sözlərinə görə, bu siniflər uşaqların göz, qamət problemlərini, əzələlərin gərginliyini aradan qaldırır, boy artımına dəstək olur. Bir il bu siniflərdə təhsil alan uşaqların bəzilərində görmə problemi, bir çoxunda eynək istifadəsi aradan qalxmışdı. Monitorinq göstərir ki, bu üsul şagirdlərin fiziki sağlamlığına müsbət təsir edib. Qızlar arasında inkişafdanqalma problemi tamamilə aradan qalxıb, oğlanlar arasında bu problemin faizi azalıb.

Fasilənin 15 dəqiqədən bir seçilməsinə gəldikdə, bunun da öz mənası var. Çünki uşaqlarda diqqət davamlılığı 15 dəqiqədən çox olmur, bu da yorulmaya səbəb olur. Partaların boya, işçi səthlə göz arasındakı məsafə normaya uyğun, maili olması, işıqlanmanın 300-500 lüksdən aşağı olmaması göz problemlərini azaldıb.

Sinif müəlliməsi Svetlana Tağıyeva 20 illik iş təcrübəsinə əsaslanaraq bu cür təhsilin həm müəllim, həm də şagirdlər üçün faydasından danışır.

“Ənənəvi siniflərdə şagirdlər ancaq oturur və ya müəllimin icazəsi ilə ayağa qalxır. Bu siniflərdə isə şagirdlər 15 dəqiqədən sonra yer dəyişir, müxtəlif hərəkətlər edirlər. Nə şagirdlər, nə də müəllimlər bu dərslərdən yorulur. Bu fasilələri çıxsaq, dərs 30-35 dəqiqə olur. Pedaqoqlar hesab edir ki, ibtidailər üçün bu cür dərs saatı normaldır”.

Direktor Aytən Bağırova bütün siniflərində bu üsulun tətbiq edilməsini istədiklərini, lakin hazırda şəraitin buna imkan vermədiyini deyir.

Bu siniflərdə kim oxuya bilər?

Müəllim və ekspertlər bizə dediklərini hansı valideynə göstərsələr, yəqin övladlarının bu sinifdə oxumasını istəyər. Bəs belədirmi?

Məlum oldu ki, siniflər üçün şagirdlər valideynlərin istəyinə uyğun seçilir. Bu siniflə tanış olan valideyn ərizə yazmalıdır. İstəklər isə çoxdur. Hətta “uşağımı qəbul etməsəniz, özümü yandıracam” deyənlər də olub. Amma qaydaları dəyişmək olmaz, bir nəfər belə əlavə şagird qəbul edilmir.

Dərs saatının bitməsinə az qaldığından artıq valideynlər də bir-bir gəlirdi. Fürsətdən istifadə edib yeniliklə bağlı onların da fikrini öyrənə bildik.

Qızım məktəbə gəlmək istəmirdi…

Məktəbin həyətində toplaşan valideynlər bu layihədən razı qaldıqlarını dedilər. Lakin uşaqların yeganə narazılığı ayaq üstə qalmalarıdır. Hələ ki bəziləri bu sistemə tam öyrəşməyib.

Valideyn Sevinc Novruzova bu sinif barədə müəllimlərdən ilk dəfə məlumat əldə edib. O, qızının hiperaktiv olduğunu və məktəbdə oturmaq istəmədiyini deyir: “Qızım məktəbə gəlmək istəmirdi, amma bu sinfi görəndən sonra oxumağa həvəsi artdı. Sinifdəki sərbəst mühit, otağın dekorasiyası onun dərsə marağını artırıb. Hətta bağçaya belə getməmişdi, amma bu sinfi çox sevdi. Səbirsizliklə məktəbə gəlmək istəyir. Həm də skaliozu var idi, bu sinif onun probleminin aradan qalxmasına kömək edəcək”.

Şövkət Şumalova sinifdən razı olsa da, nəvəsinin yeganə narazılığının ayaq üstə dayanmaq olduğunu deyir.

Nahidə Zeynalova isə oğlu hiperaktiv olduğundan əvvəlcə onun sinifdə özünü necə aparacağından narahat olub. Lakin övladının qısa müddətdə sinfə uyğunlaşdığını deyir.

Elə şagirdlər də var ki, ən azı valideynləri qədər yeni sinif otağından razı idilər. Mələk Ələsgərovanın isə ən çox sevdiyi məşğuliyyət tez-tez oyun oynamaq, sinif yoldaşları ilə yerdəyişməkdir.

Balağa Əliyevin ən çox xoşuna gələn divarlardakı ağaclardır. Məktəbə gəlməmişdən əvvəl sinif otağının belə olmasını istədiyini deyir.

Belə bir deyim var: “Oturmaq ölümdür”. Bu siniflərdə daha sağlam gələcəyin yetişəcəyi ümidi ilə

Gülxar Şərif

Fotolar Rəşadındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm