Qısa ətəkli, dar şalvarlı, yaxası açıq müəllimələr – Məktəb, yoxsa podium?!
Bizi izləyin

Qırmızı.az

Qısa ətəkli, dar şalvarlı, yaxası açıq müəllimələr – Məktəb, yoxsa podium?!

Son günlər köynəyinin üzərində "SEX COP" yazılmış müəllimin şəkli sosial şəbəkə qədər medianın da gündəminə çevrilib. Bu şəkildə iki məqam diqqət çəkir. Ya müəllim bu sözdən xəbərsizdir, ya da bu, onun vecinə deyil.

Əslində, 3 yaşlı uşaqların belə mənasını bildiyi sözdən müəllimin xəbərsiz olması real görünmür. Xəbərsiz olması qədər, bilərəkdən o geyimi geyinməsi də ciddi siqnaldır.

Köynəyinin üzərində “sex” sözü yazılmış müəllim sinfə girəndə şagirdlərin reaksiyasını təsəvvür etmək çətin deyil. İnternet, sosial şəbəkə, çatın uşaqların gündəlik məşğuliyyətinə çevrildiyi bir vaxtda. Amma məsələni tək bu müəllim üzərində kökləmək istəmirik. Çünki o müəllim tək deyil.

Ətəyi dizindən bir qarış yuxarı, köynəyin yuxarıdan 3 düyməsi açıq, üzündəki boyalardan dəri rəngi seçilməyən, ya da biləyi, barmaqları, qulaqları qızıl mağazası təəssüratı yaradan müəllimlər azdır? Bu sözləri geyimində sadaladığım nüanslar olmayanlar öz üzərinə götürməyə bilər. Amma sözümüz olanlaradır. Məktəblərə yolu düşənlər belə müəllimləri çox görüb.

Ekspertlərin fikrincə, təhsilin keyfiyyəti müəllimin geyimi ilə birbaşa bağlıdır. Sinfə daxil olan müəllimin geyimi toy yox, məktəb ab-havası yaratmalı, şagirdlərin fikri müəllimin paltarındakı naxışlarda və daş-qaşda qalmamalıdır. Lakin bizim müəllimlər hər gün səhər sanki dərsə yox, toya hazırlaşırlar. Bəlkə də elə təhsilimizdəki bir çox problemlər məhz buradan qaynaqlanır. Sabah şagirdə dərsi necə keçəcəyindən daha çox nə geyinəcəyi barədə düşünən müəllimdən nə gözləmək olar?

Dünyanın bir sıra inkişaf etmiş ölkələrində müəllimlərin xüsusi geyim forması var, geyim qaydaları qanunlarla tənzimlənir. Məsələn, qonşu Türkiyədə Təhsil Nazirliyi tərəfindən qəbul olunmuş qaydalara əsasən, qadın müəllimlər don və ya ətək geyinə bilərlər, ancaq onlar dizdən yuxarı olmamalıdır, eyni zamanda paltarların qolsuz və ya sinəsi açıq olmasına icazə verilmir. Kişi müəllimlər də mütləq kostyum geyib, qalstuk taxmalıdırlar. Qanunda həmçinin qadın müəllimlərin saçlarını necə yığmaları, kişilərin saçlarının uzunluğu və s. normalar qeyd olunur.

Cənubi Koreya məktəblərində müəllimlərin və şagirdlərin geyimləri ilə bağlı qaydalar yoxdur. Ancaq ictimai rəy və ənənələr bu məsələni tənzimləyir. Müəllimlərdən həm davranışlarına, həm də zahiri görkəmlərinə görə şagirdlər üçün örnək olmasını ictimai rəy tələb edir. Böyük Britaniya məktəblərində müəllimlər şagirdlər qarşısına cinsdə və idman ayaqqabısında çıxa bilməz. Rusiyada məktəblərdə müəllimlərin uniforma geyinməsi dəb halını alıb. Ölkəmizdə “Təhsil haqqında” qanunda müəllimlərin geyim formaları ilə bağlı hər hansı tələb olmasa da, mətbuata çıxan bu şəkillər geyim məsələsini gündəmə gətirir. Müəllimlər üçün vahid geyimin tətbiqi nə qədər realdır? Müəllimlər necə geyinməlidir?

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü müəllimlərin geyiminin narahatedici olduğunu deyir:

“Ətəyin yarıq olması, dar şalvar, sinəsi açıq və yazılı köynəklər müəllimə yaraşan geyim deyil. Müəllimlər bəzən elə şalvar geyinirlər ki, bütün əzələləri görünür. Bəzən toya gedirmiş kimi bəzənib işə gəlirlər. Bir müddət əvvəl köynəyində məlum söz yazılan müəllimin şəkli yayıldı. O şəklə baxanda çox təəccübləndim. Ola bilər ki, o, nəğmə müəllimi olsun və dünyadan xəbərsiz olsun, sözün mənasını bilməsin. Amma o məktəbin direktoru, digər müəllimləri hara baxır? Öz üzərində işləməyən, məlumatsız müəllimlərimiz var. Yəqin o müəllim də elələrindəndir. Sadəcə, köynək xoşuna gəlib və alıb. Geyimlə yanaşı, bəzək əşyalarına da diqqət yetirmək lazımdır. Müəllimlərimiz bəzək əşyalarından ifrat dərəcədə istifadə edirlər. Əlinin 5 barmağında da üzük olan müəllimlər var. Bunlar şagirdin diqqətini dərsdən yayındırır. Onlar şagirdə necə nümunə ola bilərlər?”

Bir sıra ölkələrdə müəllimlərin geyiminin qanunla tənzimləndiyini nümunə gətirən M.Mürşüdlü hesab edir ki, bizdə də bununla bağlı qanun qəbul edilməsinə ehtiyac var.

“Bir çox ölkələrdə müəllimin geyim standartı var və bu, təhsil qanununda əks olunub. Mən bütün müəllimlərin vahid forma geyinməsinin tərəfdarı deyiləm. Sadəcə, geyim səliqəli olmalıdır. Bu məsələni direktorlar daxili nizamnamə ilə tənzimləyə bilərlər. Lakin reallıq onu göstərir ki, bu mümkün olmur. Buna görə də müəllimlərin geyimi “Təhsil haqqında” qanunda öz əksini tapmalıdır. Ən azından bu məsələ sərəncam, ya da qərarla tənzimlənə bilər”.

Vahid geyim məsələsində Təhsil Nazirliyinin mövqeyi bəllidir. Onlar bu məsələnin məktəb rəhbərliyi tərəfindən həll olunmasını tövsiyə edir.

Bəs məktəb rəhbərləri bu məsələdə nə düşünür?

258 saylı məktəbin direktoru Sədaqət Hüseynova Publika.az-a açıqlamasında bildirib ki, 2011-ci ildən məktəbdə müəllimlər üçün də vahid geyim tətbiq edilir.

“Kişi müəllimlərin əynində qara şalvar, qadınlarda isə qara və ya tünd göy ətək, ağ köynək olmalıdır. Müəllim ciddi geyinməlidir, bu geyimin üstünlüyü çoxdur. Müəllim şagirdlərin gözü qarşısında olan insandır. Onun geyimi də hər zaman şagirdlərin diqqətində olur. Şalvar, geniş, uzun ətəklər, müxtəlif geyimlər doğru qəbul edilə bilməz.

Bu qayda yalnız geyimə tətbiq edilmir. Qızıl, gümüş əşyalardan da istifadə edərkən də ifrata varmaq olmaz. Çünki bu zaman şagirdlərin diqqəti müəllimin üzüyü və ya sırğasında qalır. Həm də şagirdlər gözləmir ki, müəllim bu gün nə geyinəcək, ətəyi necədir? Bütün müəllimlər şagirdin gözündə eyni olur. Müəllimin geyimi onun marağında olmur. Bildiyiniz kimi, bəzi şagirdlər vahid forma geyinmək istəmir. Lakin müəllimin forma geyindiyini görəndə o artıq bu prosesi daha normal qəbul edər”.

Vahid geyimin tətbiqinin əlavə xərc tələb etməsinə gəldikdə, S.Hüseynova problem yaşamamaq üçün müxtəlif rəngli geyimləri seçmədiklərini deyir:

“Çünki bu zaman əlavə pul xərcləyib geyim tikdirmək lazım gəlirdi. Elə müəllim var ki, onun bu geyimi tikdirməyə imkanı olmur. Biz onu məcbur edə bilmərik. Bu baxımdan elə geyim seçdik ki, müəllimdən əlavə xərc tələb olunmasın. Qara ətək və ağ köynək bütün müəllimlər üçün əlçatandır”.

47 saylı məktəbin direktoru Aytən Bağırova müəllimlərin vahid geyiminin tam tərəfdarı olmasa da, geyimdə müəyyən çərçivənin olmasını doğru hesab edir:

“Qadın müəllimə heç zaman şalvar geyinməməlidir. Aksessuarlardan çox istifadə etmək olmaz. Bura elm ocağıdır, müəllimlər rəngarəng geyinməməlidirlər. Bu, şagirdlərin diqqətini dərsdən yayındırır. Müəllim şagirddən fərqlənməlidir, lakin geyimi sadə olsa, yaxşıdır”.

Bakı məktəblilərinin vahid geyimini tikən Bakı Tikiş Evindən Publika.az-a müəllimlərin geyimi ilə bağlı məktəblərdən onlara müraciətlərin olmadığını bildirdilər. BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov şagirdlərdən fərqli olaraq, müəllimlərin vahid geyim məsələsinə isti münasibət göstərmədiyini dedi.

Müəllimlər vahid geyimə maraqlı deyil, əslində ilk vaxtlar şagirdlər də vahid forma geyinməyə maraq göstərmirdi. Lakin icrası məcburi göstəriş olduğu üçün bunu hər kəs qəbul etməli oldu. Düzdür, müəllimlər üçün vahid geyim məcburi deyil. Amma ən azından ətək dizdən olsa, köynək isə düymələnsə, pis olmaz.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm