Nuşirəvan Məhərrəmli Mirşahinə cavab verdi: “Güzəşt limiti bitib”
Bizi izləyin

Qırmızı.az

Nuşirəvan Məhərrəmli Mirşahinə cavab verdi: “Güzəşt limiti bitib”

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS Müstəqil Yayım və Media Şirkətinin (MYMŞ) “Sən tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin bağlanması ilə bağlı məsələyə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, N.Məhərrəmli jurnalistlərə açıqlamasında deyib ki, MTRŞ-nın indiyədək verdiyi tövsiyələrin nəticəsiz qalması təəssüf hissi doğurur: “Çox təəssüf ki, indiyə qədər verdiyimiz tövsiyələr öz nəticəsini verməyib. Azərbaycan efirindəki sünilik, bayağılıq, şitlik, saxta ssenarilər, ailə daxili münaqişələrin həddən artıq şişirdilməsi, insanların heysiyyətinə toxunulması, milli-mənəvi dəyərlərin çox aşağı səviyyədə olması ilə bağlı olan verilişlər aradan qaldırılmalıdır. Biz düzgün yoldayıq.

MTRŞ bu məsələdə israrlıdır. Ona görə də hər hansı televiziya kanalına qarşı indiyə qədər olan güzəşt limiti artıq bitib, belə verilişlərin bağlanması işini davam etdirəcəyik. Hələ verilişlərin reytinqi ilə bağlı məsələdən çıxış yolu tapa bilməyiblər. Amma bunun üzərində işləyirik. Çünki reytinq ölçən təşkilatlarla bağlı iş ciddi şübhə doğurur. Hansı insanların evlərində hipermetrlərin olması şübhəlidir. Ona görə də bu məsələ barədə düşünürük. Çalışacağıq ki, rəqəmsal yayıma tam keçiddən sonra bu məsələ barədə düşünək”.

Verilişlərin bağlanmasına görə ANS və digər telekanallar tərəfindən MTRŞ-nin məhkəməyə verilməsi məsələsinə də toxunan N.Məhərrəmli məhkəmədən qorxmadıqlarını bildirib: “Biz qərarlarımızı hüquqa uyğun veririk. İstənilən şəxs bizi məhkəməyə verə bilər və biz buna hazırıq. MTRŞ Azərbaycan efirində baş verən prosesləri tənzimləyən, qərar verən bir qurumdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm