• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Zığda ölümlə üz-üzə: Qəsəbə 100 evin çökəcəyi günü gözləyir

Zığda ölümlə üz-üzə: Qəsəbə 100 evin çökəcəyi günü gözləyir

Son günlər ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti sürüşmə sahələrini aktivləşdirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyevin Publika.az-a bildirdiyinə görə, Zığ sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin divarlarında və 43 saylı binanın fasadında quraşdırılmış mayaklarda 6-20 millimetr enində çatlar əmələ gəlib. Zığın ayrı-ayrı lokal sahələrində fəallaşma müşahidə olunub. Qaraçuxur sürüşmə sahəsində yerləşən qəbiristanlığın istinad divarının bəzi yerlərində çökmə prosesi baş verib. Quraşdırılmış mayaklarda 15-40 millimetr enində çatlar əmələ gəlib”.

Təhlükəli şəraitdə və təşviş içində yaşayan təxminən 55 sakinə hələ bir neçə ay öncə 3 gün ərzində köçürüləcəkləri deyilsə də, hələ köçürülmə baş tutmayıb. Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov da problemdən xəbərdar olduğunu və vəziyyətin nəzarətdə saxlanıldığını dedi. İcra hakimiyyəti rəsmisinin Publika.az-a bildirdiyinə görə, hər hansı dəyişiklik olduqda aidiyyəti qurumlara məlumat verilir:

“Bu problem bir neçə ildir ki gündəmdədir. Bununla əlaqədar bütün müvafiq nazirliklər Fövqəladə Hallar Nazirliyi (FHN), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumatlandırılıb. Nazirliklərin nümayəndələri və baş nazirin müavini Abid Şərifov həmin əraziyə baş çəkib və vəziyyətlə tanış olub. Aidiyyəti qurumların rəyləri əsasında toplum sənədlər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Biz mütəmadi olaraq ərazidə oluruq, cüzi dəyişiklik olan kimi yazılı şəkildə rəhbərliyə məlumat veririk. Biz icraçı təşkilatıq və hansı tapşırıq veriləcəksə, onu da icra edəcəyik”.

Sakinlərin köçürülməsinə gəlincə, B.Barxudarov hələ bununla bağlı heç bir qərar qəbul edilmədiyini dedi: “Biz təkliflərimizi vermişik. Qərarı isə biz qəbul etmirik. Köçürülmə üçün Nazirlər Kabineti qərar verməlidir”.

Qeyd edək ki, sürüşmə zonasında 100-ə yaxın evdə çat əmələ gəlib. Sakinlər ərazidən köçürülmələri üçün avqust ayında Nazirlər Kabinetinin qarşısına toplaşaraq baş nazirin müavini Abid Şərifovla görüşməyi tələb etsələr də, görüş baş tutmayıb.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR