Nazirlikdən dərman qıtlığına CAVAB
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən dərman qıtlığına CAVAB

Paytaxt apteklərində bəzi dərmanları tapmaq çətinləşib. Əvvəl bir resept dərmanı eyni aptekdən alanlar, indi bir dərmana görə bütün Bakını gəzməli olurlar. Apteklərin piştaxtalarına baxanda da onların dərmansızlıqdan əziyyət çəkdikləri görünür. Elə vətəndaşlar da aptek-aptek gəzməkdən narazıdır.

İki həftədir “Agnetex” dərmanını axtaran Sevinc xanım paytaxtdakı bütün aptekləri gəzdiyini deyib: “Təkcə bu, deyil, adi boğaz ağrısı üçün dərmanları da tapmaq olmur. Uşaqlar üçün olan “Nurofen”i isə az qala bir aydır tapmırıq. Aptekdə hələ nə vaxt olacağından xəbərsizdirlər. İndi nə edək, ölməliyik?”

Əslində dərmanların qiyməti tənzimlənəndən sonra belə bir qıtlığın yaşanması gözlənilən idi. Çünki bu tənzimləmədən sonra bir çox dərman firmaları bağlandı. Dolayısı ilə onların ölkəyə gətirdikləri dərmanları tapmaq da çətinləşdi. Lakin aptek piştaxtalarında belə bir boşluğun yaranması artıq narahatlığa səbəb olur. Bir vaxtlar baha da olsa, dərdinə dərman tapanlar, ucuzlaşmadan sonra dərmansız qalıb. Əczaçılar problemi ölkəyə dərman idxalının azalması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, hazırda dərman depoları boşalıb, ölkədə dərman qıtlığı var.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov Publika.az-a açıqlamasında ölkəyə dərman idxalında azalma müşahidə edilmədiyini deyib: “Eyni təsiredici maddə üzrə apteklərdə müxtəlif ölkələrin müxtəlif dərmanlarını tapmaq olar. İstifadəçilər hər hansı ticari adla olan dərmanı tapmaya bilər. Lakin tərkib adı ilə soruşsalar, əczaçılar onlara kömək edə bilər. Bunun üçün əczaçı ilə də məsləhətləşib eyni tərkibli dərmanı tapa bilərlər. Çünki əczaçı bilir ki, eyni tərkibli dərmandan aptekdə bir neçə adda var. Bunu alıcıya məsləhət edə bilər, o da həkimi ilə məsləhətləşdikdən sonra uyğun dərmanı tapa bilər.

“Nurofen”nin idxalı ilə bağlı hər hansı problem yoxdur. Səhiyyə Nazirliyinin tərəfindən dərmanlarla bağlı mütəmadi reydlər aparırıq. Bəzi apteklərdə “Nurofen” var, bəzisində yoxdur. Deyə bilmərik ki, ölkəyə “Nurofen” idxal edilmir. Sadəcə, tələbi nəzərə alaraq apteklər həmin dərmanı alırlar. Rəqəmlərə baxdıqda ötən ay ölkəyə “Nurofen” idxal edildiyini görürük”.

P.Əzizbəyov ölkədə dərman qıtlığı ilə bağlı yaranmış narahatlığa aydınlıq gətirib: “Bu gün ölkəyə dərman idxalı ilə bağlı heç bir problem yoxdur. Dövlət qeydiyyatında olan, satışına icazə verilən dərmanların satışı aparılır. Bəzən dərman vasitəsinin dövlət qeydiyyatı bitmiş olur, təkrar qeydiyyatdan keçmir. Bu zaman da istifadəçi dərmanı tapa bilmir. Lakin bu, "ölkədə dərman yoxdur" anlamına gəlməməlidir”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm