
Azərbaycanın tanınmış reperi Hüseyn Dəryanın ölümü ilə
nəticələnən yol qəzası faktı ilə bağlı Cinayət Məcəlləsinin
263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı
qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma
aparılır. Bu barədə Xəzər rayon prokurorluğundan məlumat
verilib.
Bu maddə üzrə günahı sübuta yetirilən şəxs üç ilədək müddətə
nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki
ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd edək ki, ötən gecə saat 23: 00 radələrində Bakının Xəzər
rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Tanınmış reper
Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel
Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət
edən "KaMAZ" markalı maşına çırpılıb.
3 saylı şəhər Mərkəzi Kliniki Xəstəxanasından öncə Trend-ə
bildiriblər ki, Hüseyn Dərya qapalı kəllə-beyin travmasından
dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki,
H.Dərya dünən 23: 30-da xəstəxanaya qəbul edilib. Həkimlərin
cəhdinə baxmayaraq bu gün səhər 9: 20-də vəfat edib. Onun hansı
səbəbdən öldüyü ekspertizanın rəyindən sonra açıqlanacaq
/Trend/