• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Müəllimlərin sınaq qiymətləndirilməsi yeni üsulla keçiriləcək

Müəllimlərin sınaq qiymətləndirilməsi yeni üsulla keçiriləcək

Azərbaycanda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin formatı dəyişdiriləcək.

Təhsil Nazirliyinin (TN) İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev Trend-ə bildirib ki, Bakıda diaqnostik qiymətləndirmə zamanı müəllimlər suallara kağız üzərində cavab veriblər: "Lakin bundan sonra diaqnostik qiymətləndirmənin elektron qaydada keçirilməsi nəzərdə tutulur. Hazırda bununla bağlı texniki işlər görülür".

İ.Nağıyev əlavə edib ki, bu ilin sonuna kimi Azərbaycanın daha 12 rayon və şəhərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi həyata keçiriləcək ki, bu zaman yeniliyin tətbiqi planlaşdırılır.

İ.Nağıyevin sözlərinə görə, TN-də diaqnostik qiymətləndirmənin keçirilməsi ilə bağlı xüsusi qaydalar hazırlanıb: “Diaqnostik qiymətləndirmənin bəzi məqamları məktəb rəhbərlərində, müəllimlərdə müəyyən suallar oyadırdı. Bu qaydalarda hər şey var. Əmr imzalanan kimi qaydalar nazirliyin saytında elan ediləcək”.

Nazirlik rəsmisi əlavə edib ki, növbəti diaqnostik qiymətləndirməyə 12 rayonun müəllimləri cəlb edilsə də, proses 6 rayonda keçirilə bilər: "Diaqnostik qiymətləndirmənin regional mərkəzlərdə keçirilməsi nəzərdə tutulur. Məsələn, Cəlilabad, Masallı iki qonşu rayondur. Nəzərdə tutulur ki, onların biri seçilsin, diaqnostik qiymətləndirmə də birində olsun. Sumqayıt, Abşeron, Qubadlının müəllimlərinin diaqnostik qiymətləndirilməsinin bir yerdə, Mərkəzi Aran rayonlarının qiymətləndirilməsi isə bir yerdə aparılması planlaşdırılır. 12 rayonun müəllimləri diaqnostik qiymətləndirməyə cəlb ediləcək. Amma ola bilər ki, imtahanlar 6 rayonda keçirilsin”.

Qeyd edək ki, bu ilin sonuna kimi Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq. Sınaq qiymətləndirilmənin nəticəsində gələn ilin yanvarından həmin rayon və şəhərlərin müəllimlərinin maaşları artırılacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR