• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əlifbasız əcnəbi dil öyrədən dərsliklər – Şagirdlərə niyə zülm edirlər? – ARAŞDIRMA/FOTOLAR

Əlifbasız əcnəbi dil öyrədən dərsliklər – Şagirdlərə niyə zülm edirlər? – ARAŞDIRMA/FOTOLAR

“Oğlum birinci sinifdə oxuyur, onlara həm ingilis, həm də rus dili keçilir. Amma kitablardakı tapşırıqlar nəinki birinci sinif, heç 11-ci sinif şagirdinin səviyyəsinə uyğun deyil. Ali təhsil almışam, ingilis, rus dilindən də kifayət qədər biliyim var. Amma yenə də bəzi mövzuları oğluma izah edə bilmirəm. Hələ heç bir hərf keçilməyib, amma onlardan mətnə uyğun tapşırığı həll etməyi tələb edirlər. Məcburam uşağı rus, ingilis dilindən əlavə hazırlığa aparım”. Bunu valideyn Gülnar Əliyeva deyir.

Digər valideyn Cəmilə Rzayeva da eyni problemə toxunur: “Oğlum ikinci sinifdə oxuyur. Bütün fənləri yaxşı oxusa da, ingilis və rus dilindən çətinlik çəkir. Birinci sinifdə rus dili keçməyib. İndi elə tapşırıqlar verirlər ki, bizim köməyimiz olmasa, özü tək həll edə bilməz. İngilis dilində isə disklərə qulaq asıb tapşırıqları həll etmək tapşırılır. Əlbəttə, ingilis dilində bir-iki kəlmə bilən uşaq bu dildə mətnə qulaq asıb tapşırıq həll edə bilməz. Biz qulaq asıb, sözləri deyirik, tapşırığı da bizim köməyimizlə həll edir. Hələ bunlar azmış kimi, “Həyat bilgisi” fənnindən də müəllim ingilis dilində əlavə tapşırıqlar verir. Buradan belə sual yaranır ki, niyə məhz “Həyat bilgisi”ndən ingilis dilində tapşırıqlar verilir?

Söhbət fənlərarası inteqrasiyadan gedirsə, niyə daha asan fənlər qala-qala, məhz çətin “Həyat bilgisi” ilə ingilis dili fənni arasında inteqrasiya aparılır?

Övladı məktəbə gedən valideynlərin əksəriyyəti oxşar problem yaşayır. Uşaqlar birinci sinifdə ana dilini öyrənməmiş xarici dil öyrənməli olurlar. Amma necə öyrənirlər, bu, müzakirə mövzusudur. Valideynlərin şikayətinə qulaq asanda və dərsliklərdəki mətnlərə baxanda məlum olur ki, sanki kitablar uşaqlar yox, böyüklər üçün yazılıb. Nəticədə, uşaqlar tapşırıqlarını kömək olmadan həll edə bilmirlər. Onların köməyinə ya valideynlər, ya da qohum-əqrəbada xarici dil bilən biri çatır. Bütün valideynlərin xarici dili mükəmməl bilməsi, ya da hər kəsin xarici dil bilən xeyirxah tanışının olması mümkün deyil. Nəticədə, qəliz xarici dil dərslikləri şagirdləri repetitorların qollarına atmış olur. Bu da valideynlər üçün əlavə maddi yük deməkdir. Məsələnin digər tərəfi isə dolaşıq tapşırıqlar ucbatından uşaqlarda dilə nifrətin yaranmasıdır:

Birinci sinif rus dili dərsliyinin müəlliflərindən Nailə Bədəlova hazırladığı dərsliyin problemlərindən xəbərdar olduğunu dedi:

“Kitabdakı tapşırıqların dialoqlarla verilməsi müəllim, xüsusən də valideynlər üçündür. Məsələn, uşaq evə gəlir, kitabda şəkillərdən başqa heç nə olmur. Bu zaman valideyn, ya da kimsə uşağa necə kömək edə bilər? Dünyada belə təcrübə var ki, dialoq hissələri yalnız müəllim üçün vəsaitdə olur. Lakin nəzərə almaq lazımdır ki, müəllimlərin kitabı yalnız müəllimdə olur. Valideyn uşaqla necə məşğul olsun? Xaricdə uşaqlar dərsə təkcə hazırlaşa bilirlər. Bizdə isə valideynlər kömək edir. Xaricdə valideynlər üçün əlavə vəsait var. Mən də hazırda belə bir vəsait hazırlayıram. İndi valideyn uşağı necə hazırlamalı olduğunu, hansı dialoqu öyrənməli olduğunu bilmir. Əlavə dialoqları yazmaq mənim üçün də əziyyətdir, sadəcə, şəkilləri vermək daha rahat olardı. Lakin valideynlər üçün o, daha çətin olacaq. Ən azından indi rus dilini bilməyən valideyn tanış ola, ya da qonşusundan soruşa bilər”.

Müəllif hazırladığı dərsliyin uşaqların dil öyrənməsi baxımından yaxşı vəsait olduğunu diqqətə çatdırır:

“Hesab edirəm ki, rus dili ikinci sinifdən keçilsə, daha yaxşı olar. İkinci sinifdən əvvəl sadə sözlər öyrənib, sonra hərfləri öyrənə bilər”.

Bir neçə ildir dərsliklərin monitorinqini aparan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə vaxtaşırı bu sahədəki problemlər barədə məlumat yayır. Derslik.edu.az saytında dərsliklərlə bağlı müzakirələrdən də bəlli oldu ki, müəllimlər arasında da xarici dil dərsliklərindən narazı olanlar var.

6 və 9-cu sinif ingilis dili dərsliklərinin müzakirə olunduğu bölmədə müəllimlərin sözlərindən bəlli olur ki, onlar Azərbaycan tarixi, mədəniyyəti, adət-ənənələrinə dərsliklərdə az yer verilməsindən narazıdırlar. Müəllimləri narazı salan digər məqamlar tapşırıqlardakı səhvlər, mövzuların şagirdlərin yaşına uyğun seçilməməsidir.

Təhsil eksperti Etibar Əliyev xarici dilin tədrisinin düzgün qurulmadığını deyir. Xarici ölkələrin təcrübəsinə əsaslanan ekspert bildirir ki, bəzi ölkələrdə ibtidai təhsilin ilkin pillələrində xarici dil tədris edilmir.

“Fənlərin çoxluğunu nəzərə alıb xarici dili üçüncü sinifdən sonra tədris edirlər. Yalnız ana dili və riyaziyyat kimi fənlərin tədrisi möhkəmləndirilir. I-II siniflərdə xarici dilin tədrisi şagirdlərdə ana dilinə hörmətsizlik yaradır. İstər məktəb təhsilinin sonrakı pillələrində, istərsə də ali təhsildə insanların xarici dil öyrənməsi üçün yetərincə imkanları var”.

E.Əliyevin sözlərinə görə, hazırkı durumda bizim ibtidai siniflərdə tədris olunan fənlərin sayı digər ölkələrdən 1-2 dərslik çoxdur.

“Bunun bir səbəbi də xarici dillə bağlıdır. Xarici dil üzrə təmayüllü siniflərdə təhsil alanlar üçün birinci sinifdən xarici dilin keçilməsi mümkündür. Amma bütün məktəblərdə birinci sinifdə xarici dil tədrisi doğru deyil”.

E.Əliyev hesab edir ki, yalnız xarici dil deyil, ibtidai siniflərin digər dərslikləri ilə bağlı da qüsurlar var.

“Dərsliklərin necə hazırlanması ilə bağlı cild-cild kitablar yazılır. Lakin hələ də dərsliklərdə məzmunsuzluq, dizayn, dil-üslub baxımdan qüsurlar var. Müəllimlər və şagirdlər bu qüsurları müşahidə edir. Kurikulum oyunları yeni gündəmə gələndə şagirdlərin çantalarının ağırlığına diqqət ayrılmışdı. Çünki şagirdlər məktəbə valideynsiz gedə bilmir. Amma dərsliklərin sayını azaltmaqla iş bitmir, əsas məsələ məzmuna diqqət yetirilməsidir. Bu gün şagirdlər əsaslandırılmamış, qeyri-dəqiq, məntiqə uyğun olmayan biliklərin mənimsənilməsinə məcbur edilir. Bu da birbaşa dərsliklərdəki problemlərlə bağlıdır. Hər il Azərbaycan Dillər Universiteti və digər ali məktəblərdən xarici dil üzrə məzunlar hazırlanır. Lakin dərslik yazmaq məsələsi formalaşmayıb. Dərsliklər peşəkarlar tərəfindən hazırlanmalıdır. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərsliklərin monitorinqini aparıb Təhsil Nazirliyinə göndərir. Nazirlik Dərslikləri Qiymətləndirmə Şurasına məlumatları təqdim edir və müəlliflərə səhvlərin düzəldilməsini məsləhət görür. Onlar tələm-tələsik mövzuya qayıdaraq düzəltmək əvəzinə, daha çox səhvlərlə yenidən istifadəyə verirlər”.

E.Əliyev onu da əlavə etdi ki, fənlərin çətinliyi şagirdləri repetitor yanına getməyə məcbur edir:

“Xarici dil hazırlığı yalnız dərsliyin çətinliyi ilə əlaqədar deyil. Həm də bu bir dəb halına düşüb. İbtidai siniflər üçün rus dilində Vereşaginanın müəllifi olduğu dərslik çox fundamental dərslikdir. Bu dərslik yüksək səviyyədə tərcümə edilib şagirdlərə təqdim edilsə, işləri bir qədər asanlaşdırmış olarlar. Lakin müəlliflər öz üzərlərində işləmirlər. İstər yeni, istərsə də keçmiş müəlliflər sanki “heç kim onlar kimi dərslik yaza bilməz” düşüncəsinə qapılıblar. İndiki dərsliklərdən heç kim heç nə başa düşmür. Kurikulum əsasında hazırlanan dərsliyi heç tələbələr başa düşmür, nəinki şagirdlər. Bir neçə təcrübəni birləşdirib bir kitab hazırlayırlar. Tərcümələr başdansovdu hazırlanıb”.

Azərbaycan Dillər Universitetinin Qrammatika kafedrasinin müdiri, professor Leyla Cəfərova Publika.az-a açıqlamasında məktəbdə xarici dilin necə tədris olunması məsələsinə aydınlıq gətirib. Onun sözlərinə görə, dil öyrədilməsi üçün ilk növbədə şagirddə motivasiya yaratmaq lazımdır:

“Motivasiya olanda dil yaxşı qavranılır. Bunun üçün də müəllim hər bir şagirdin fərdi qavrama üsullarını müəyyən etməlidir. Dərsliklər hazırlanarkən uşaqların yaşı və qavrama üsulları da nəzərə alınmalıdır. 1-3-cü siniflərdə uşaqlar dili yalnız mahnılar, oyunlar, şəkillər üzərində öyrənməlidir. Hərf keçməmiş şagirdə tapşırıq vermək düzgün deyil. Bu gün məktəblərdə xarici dilin tədris olunması mühiti yaradılmır. Buna görə də dil öyrənmənin effekti aşağı düşür”.

L.Cəfərovanın sözlərinə görə, ibtidai siniflər üçün yazılan xarici dil dərsliklərində dizayn və tapşırıqların yaş səviyyəsinə uyğun olmasına diqqət edilməlidir.

“Tapşırıqların çətinliyi çox vacib məsələdir. Əgər tapşırıq uşağın səviyyəsinə uyğun deyilsə, motivasiya sönür, uşaq dili öyrənmək istəmir. Bu baxımdan aşağı siniflərdə hərf öyrədilməməlidir. Tapşırıqlar da yalnız mahnılar, oyunlar formasında olmalıdır”.

Bu gün xarici dil dərsliklərinə nəzər salanda onların yalnız repetitorluqla məşğul olan müəllimlər üçün yaxşı motivasiya olduğunu görürük. Çünki bu kitablar şagirdlərə bilik verməkdən daha çox repetitorlara pul qazandırmağa xidmət edir.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR