Gənclər niyə göz infeksiyalarından şikayət edir? – HƏKİM MƏSLƏHƏTİ
Bizi izləyin

Qırmızı.az

Gənclər niyə göz infeksiyalarından şikayət edir? – HƏKİM MƏSLƏHƏTİ

“Fəsillər dəyişərkən göz xəstəlikləri ilə bağlı müraciətlər də artır. Müraciətdə uşaqlar arasında, adətən, az görmə və çəpgözlüklə əlaqədar, ortayaşlı və gənclərdə - göz infeksiyası və allergiyaları, yaşlı xəstələrdə isə daha çox katarakta, diabetik retinopatiya, hipertoniyaya bağlı gözdibi dəyişiklikləri olan və yazını görməklə bağlı problemlər üstünlük təşkil edir”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov deyib.

Onun sözlərinə görə, fəsillər arasında, əsasən, yaz aylarında allergiyalar əmələ gəlir. Məhz bu zaman yaranan konyunktivit (göz qapağı selikli qişasının iltihabı) - pollinoz konyuktiviti adlanır (latınca pollek-tozcuq). Bu xəstəlik bitki tozcuqları ilə törədilir. Bu hallara, xüsusilə, çöl otlarının, taxıl bitkilərinin, bəzi kol və ağacların çiçəklənməsi zamanı rast gəlinir.

“Fəsil dəyişiklikləri zamanı xəstələr daha çox gözlərdə qaşınma, qızartı, sulanma, gözlərin “zığlanması” şikayətləri ilə müraciət edirlər. İlin bütün dövrlərində isə az görmə, bulanıq və ya dumanlı görmə, yazıları oxuya bilməmək və iynə saplamaqda çətinlik çəkən xəstələr də klinikamıza müraciət edir. Diabet xəstələri isə adətən, öz həkimləri tərəfindən ildə ən azı bir dəfə müayinə üçün oftalmoloqa yönləndirilir”.

Həkim bütün yaşlarda gözdə sulanmanın müşahidə olunmasına aydınlıq gətirib. Onun sözlərinə görə, bu halların müxtəlif səbəbləri ola bilər. Belə şikayəti olanlar həkim-oftalmoloq tərəfindən müayinə ediləndən sonra gözdəki sulanmanın səbəbi aydınlaşır:

“Allergik xəstəliklərlə bağlı sulanma ən çox rast gəlinən hal olsa da, göz yaşı kanalının tıxanıqlığı, korneal və ya konyuktival yad cisimlər və keratit kimi digər göz xəstəlikləri mütləq həkim tərəfindən müayinə edilməlidir. Əks təqdirdə çox ciddi fəsadlar baş verə bilər. Gözləri bu problemdən qorumaq üçün şəxsi gigiyena qaydalarına əməl etmək çox vacibdir. Hər səhər üz yuyularkən göz qapaqları və kirpikdibi təmizliyinə diqqətlə yanaşmaq lazımdır. Gözlər üçün istifadə edilən kosmetik vasitələr diqqətlə seçilməli, keyfiyyətindən əmin olmadığınız vasitələrdən uzaq durmağa çalışmalısınız”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm