• USD 1,7202 0,00% EUR 1,8529 0,00%
    • GBP 2,1255 0,00% RUB 0,0298 0,00%

Svetlana Aleksiyeviç: Sərt sovet reallıqlarının ifşası

Svetlana Aleksiyeviç: Sərt sovet reallıqlarının ifşası

Bu ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç ilk dəfə, 1985-ci ildə Sovet İttifaqının 23 yaşlı jurnalisti kimi ilk sənədli kitabını: “Müharibədə qadın sifəti yoxdur” oçerkini yazanda məşhurlaşmağa başlayıb.

Bu, İkinci Dünya Müharibəsində döyüşmüş adi Belarus qadınlarının özlərinin danışdıqları hekayətlərdən ibarət bir kitab idi. Belarus o zamanlar rəsmən kommunist məkanı idi və sovetlərin faşist Almaniyası üzərində qələbəsinin 40 illik yubileyinə dəbdəbə ilə hazırlaşırdı. Kitabın ruhu canlı, insani və təsirli idi. Kitab bir şok yaratmışdı.

Bu əsər qarşıdan gələn illər üçün onun yaradıcılıq üslubunu da müəyyən etmişdi.

Xoşbəxtlikdən onun ədəbi uğuru 1980-ci illərin sonlarında Mixail Qorbaçovun yeniləşdirici, inqilabi siyasəti ilə eyni vaxta təsadüf eləmişdi. O vaxtkı sovet lideri ölkədə “aşkarlıq” və “yenidənqurma” elan etmişdi.

Güclü rəqabət

Aleksiyeviçin adı potensial Nobel mükafatçılarının sırasında illərdir ki, çəkilirdi, hərçənd o, beynəlxalq aləmdə rəqibləri Philip Roth, Joyce Carol Oates və Haruki Murakami qədər tanınmırdı.

Buna görə də mükafatın elan edilməsi gözlənilməz və inanılmaz olub. O, bu mükafata layiq görülmüş 14-cü qadındır və ən əsası da budur ki, qeyri-bədii janrda yazır. Əslində onun janrı jurnalist yazılarından qaynaqlanıb.

Ədəbiyyat üçün Nobel mükafatları, onun təsisçisi Alfred Nobelin arzusuna uyğun olaraq, ənənəvi şəkildə sırf bədii təxəllüsə və ya “ideal” dəyərlərə görə verilir.

Qeyri-bədii janrda yazanlardan bu mükafatı yalnız Winston Churchill və Bertrand Russell alıblar. Hətta Aleksandr Soljenitsına da Nobel mükafatı bədii əsərlərinə görə verilib.

“Müharibədə qadın sifəti yoxdur” kitabından sonra o, sovet zəmanəsində qadağan sayılan mövzulara müraciət edib. “Sink oğlanlar” kitabı (1989) Əfqanıstan müharibəsinə, “Çernobıldan gələn səslər” kitabı isə 1986-cı ildə baş vermis nüvə qəzasına həsr olunub. Onun kitabları xarici dillərə tərcümə olunaraq müəllifini keçmiş SSRİ-nin dəyişən reallığının rəmzinə çevirib.

O özünün sənədli üslubuna həmişə sadiq qalıb və Nobel Komitəsini də bu əsərlərdəki canlı səslərlə valeh edib. Mükafatlandırma vərəqində onun əsərləri “əzabın və mərdliyin abidəsi” adlandırılıb.

Belarusda və Rusiyada Aleksiyeviçin uğuruna münasibət birmənalı olmayıb

  • "Belarusda yeni milli lider zühur edib. İndi o, hər hansı siyasətçidən, prezident və ya nazirdən daha böyük nüfuza malikdir. O, normal Avropa dəyərlərinə malik bir insandır”. Andrey Kureyçik, Belarus dramaturqu və ssenaristi
  • "Bu hadisə Belarus xalqının, cəmiyyət və dövlətinin inkişaf tarixinə yazılacaqdır”. Belarus XİN
  • "Əfsus ki, o bu mükafata Rusiyaya nifrətinə görə layiq görülüb”. Kremlpərəst Rusiya jurnalisti Dmitri Smirnov
  • "O Putinsiz Rusiya dünyasını təcəssüm etdirir: Rusiya hökumətinə qarşı olan rus dilinin və ədəbiyyatının dünyasını. Nobel mükafatı bizə mənəvi lider gətirib”.Oleq Kaşin, müstəqil jurnalist

Aleksiyeviçin hikmətli kəlamları:

  • "Həyat gözəldir, lakin lənətə gəlmiş çox qısadır.”
  • “Bu dünyada ən bahalı şey ölümdür – ondan heç kim özünü zamin edə bilməyib.”
  • “Biz həmişə dəhşət içində yaşamışıq, biz dəhşət içində yaşamağı bacarırıq, dəhşət bizim məskənimizdir. Bunda bizim adamlara heç kəs çatmaz.”
  • “Kommunizm qadağan kimi bir şeydir: yaxşı ideyadır, amma işləmir.”
  • “Hamı danışmağı xoşlayır, lakin heç kəs başqasını eşitmək istəmir.”
  • “Mən adamlar haqqında hər şeyi bilirəm, hətta bilməyi arzu elədiyimdən də artıq bilirəm”.

Postsovet Rusiyasında və xaricdə məşhurluğuna baxmayaraq, Aleksiyeviçin Belarus prezidenti Aleksandr Lukaşenkonun avtoritar rejimi tərəfindən qəbul edilməməsi qaçılmaz idi.

Siyasi dissident və rejimin opponenti kimi, o öz vətənini 2000-ci ildə tərk edərək Almaniya və Fransaya gedib, lakin 2011-ci ildə Minskə qayıdıb.

Siyasi dissident

O postsovet respublikalarında siyasi hakimiyyətlərə çox da ümid bağlamır.

“Mən rus dünyasını sevirəm, deyir yazıçı, - lakin humanist rus dünyasını”.

Belə deyir və əlavə edir: “Mən Beriyanı, Stalini, Putini sevmirəm… Onlar Rusiyanın şərəfinə xələl gətiriblər”.

"Diktator Putinin və diktator Lukaşenkonun öz cəmiyyətlərindən alınmış mandatları var, cəmiyyətin ümidləri onlara bağlanıb və bu da göstərir ki, spesifik olaraq həmin vaxtda cəmiyyətlər yetkin deyilmiş” – deyib Aleksiyeviç son kitabı olan “Sekond-hend zaman”ın təqdimatında.

Məhz buna görə də onun Nobel uğuru cənab Lukaşenko, həm də cənab Putin üçün pərtlik sayıla bilər.

Əlbəttə bu, əvvəllər heç vaxt belə bir beynəlxalq ədəbiyyat mükafatına layiq görülməyən Belarus xalqına verilən yüksək şərəfdir.

O, dünyanın ən yüksək ədəbiyyat mükafatına layiq görülmüş cəmi 6 rusdilli yazıçıdan biridir. Digər laureatlar İvan Bunin, Boris Pasternak, Mixail Şoloxov, Aleksandr Solzhenitsyn və İosif Brodskidir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR