Qeybə çəkilən dərmanlar: Süni qıtlıq, yoxsa... - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Qeybə çəkilən dərmanlar: Süni qıtlıq, yoxsa... - ARAŞDIRMA

- Salam, xanım. Siz də ekofaz var?

- Yox.

- Bəs polvertik necə?

- O da yoxdur, amma...

Bu “amma”dan sonrakı cavab xeyli maraqlıdır. Dərmanların qiyməti enəndən aptekə üz tutanlar “yoxdur” cavabına alışıb. Amma bu günlərdə “yoxdur”un sonuna bir “amma” da artırırlar. Sən demə, əsas məsələ elə “əmma” imiş.

Təxminən bir aydan çoxdur əhalinin dərman bazarındakı qıtlıqdan şikayəti mətbuat və televiziyaların gündəmindədir. Qiymətlər ucuzlaşsa da, nə qiyməti endirilən, nə də endirilməyən dərmanları apteklərdə tapmaq olur.

Əvvəl həkimin yazdığı dərmanın daha ucuzunu tapmaq üçün şəhərin bu başından girib, o biri başından çıxırdıqsa, indi də hansı qiymətə olursa-olsun, dərmanları tapmaq üçün bütün şəhəri gəzmək məcburiyyətində qalırıq. Prinsipcə xəstələr üçün çox şey dəyişmədi, yenə də axtarışdadırlar. Səbəb dərmanların qeybə çəkilməsidir. Qiymətlərin enməsindən sevincəyə düşən sakinlər indi “kaş əvvəlki qiymət olardı, amma dərman tapardıq” - deyə şikayətlənirlər.

Biz də bu şikayətləri nəzərə alaraq bir siyahı hazırlayıb üz tutduq apteklərə. Fərqli xəstəliklər üzrə olması üçün polvertik, koronal, ekofaz, allerol dərmanlarını seçmişdik. Siyahı əlimizdə paytaxtın müxtəlif ərazilərindəki apteklərə baş çəkdik. Bəzi əczaçılar bir aydır bu dərmanları görmədiklərini desələr də, bəziləri sifariş verməyi təklif etdi. İlk olaraq paytaxtda dərman depolarının çoxluq təşkil etdiyi Nərimanov rayonundakı apteklərə baş çəkdik.

Dərman tapmırıqsa, endirim nəyə lazım?

Depo olmalarını nəzərə alıb ən azı bütün dərmanları burada tapacağımıza ümidli idik. Deyəsən, sakinlərin çoxu bizim kimi düşünürmüş. Çünki apteklərdə xeyli qələbəlik var idi. İstədiyi dərmanı tapan da vardı, kor-peşman növbəti aptekə üz tutan da. Bəziləri isə aptekləri gəzməkdən bezib artıq əsəblərini cilovlaya bilmirdi.

- Müəllim, sizin istədiyiniz dərmanların qiyməti düşüb. Ona görə tapılmır.

- Ay qızım, mən nə edim ki, qiyməti düşüb?! Mənə dərman lazımdır, xəstəyəm, ölməliyəm?

- Biz nə edə bilərik. Həkiminizə deyin, əvəzinə başqa dərman yazsın.

- Bir dərmana görə neçə dəfə həkimə getməliyəm? Ürəyim xəstədir, bütün günü aptekləri gəzmişəm. İndi də deyirsiz ki, başqa dərman yazsın?

Vətəndaşın əsəbi olduğunu görüb heç nə soruşmasaq da, apteklərdə oxşar mənzərələrlə rastlaşdıq. Məsələn, karum və eskolan dərmanlarını tapmaq üçün xeyli axtarış edən Həsən adlı alıcı qiymət endiriminin əlavə problem yaratdığından şikayətlənir: “Olanları da yığdılar depoya, indi də satmırlar. Bir azdan baha qiymətə satacaqlar. Ürəyim xəstədir, həkim neçə dərman yazıb, tapa bilmirəm. Oğlum bronxit xəstəsidir, bütün Nizami rayonunu gəzib dərman axtarmışam, güclə tapmışam. Onun da qiyməti enməyib ki, bəs niyə satmırlar, bilmirik. Əvvəl o dərmanı 12 manata alırdım, indi 17 manata aldım. Dərmanın birinin qiyməti enib, o birini qaldırıblar. 40 manatlıq dərmanı 6 manata endiriblər, axı dərman tapmayacamsa, endirim nəyimə lazım? Aptekdə bir dərmanın əvəzinə başqasını təklif edirlər, nə bilim, bəlkə, heç yaxşı deyil. Həkimə deyəcəm, məsləhət bilsə, başqasını alacam”.

Başqa bir alıcı iki aydır apteklərdə “Nurafen” tapa bilmədiyindən şikayətlənir: “Guya dedilər, qiyməti enib, bir az gec gətirəcəklər. Amma heç yerdə tapa bilmirik. Dərman tapa bilməyəcəkdiksə, nə üçün qiyməti endirirdilər?”

Alıcılar deyir, qiyməti enən dərmanlar bir tərəfə, enməyənləri də tapa bilmirlər: “Bacım hamilədir, həkim “ginipral” adlı dərman yazıb. 15 gündür bütün aptekləri gəzmişik. İndi burdan tapa bildim. Elə dərmanlar var ki, ancaq depolarda olur. Yazıq camaat. Bir dərmana görə nə qədər gəzmək olar?”

Alıcıların sözlərinə görə, qiyməti ucuzlaşdırılmayan dərmanların qiymətində isə 20 qəpikdən bir neçə manata qədər artım müşahidə olunur. Qiyməti enənləri ucuz qiymətə satmalı olan apteklər bunun heyifini başqalarından çıxırlar. Hətta tənzifin, pambığın qiymətində belə artım var.

Firmalara sərf etmir…

Əczaçılar qiyməti enən dərmanların tapılmaması səbəbini dərman firmalarının həmin dərmanları gətirməməsi ilə izah edirlər.

Onların sözlərinə görə, yeni qiymətlərlə dərman gətirmək şirkətə sərf etmir.

“Qiyməti enən bir çox dərmanların bundan sonra da satışda olmasını gözləmirik. Onun əvəzinə alıcılara başqa dərmanlar təklif edirik. Əslində, təklif etdiyimiz dərmanların o birilərindən, sadəcə, adı fərqlidir. Alıcılar da həkimləri ilə məsləhətləşib alırlar”.

Depolardan birində çalışan əczaçı xanım dedi ki, bəzi dərmanlar onlarda da yoxdur.

“Bura depodur, amma bu heç də o demək deyil ki, bütün dərmanlar bizdə var. Ola bilər ki, hansısa dərman artıq ölkəyə gətirilməsin, ona görə biz də tapa bilmirik. Apteklərdə dərmanların azalması ancaq qiymətlərin enməsinə görə deyil. Doğrudur, elə dərmanlar var ki, 26 manatdan 4 manata enib. Elə firma var ki, qiymətlərin enməsi ona sərf etmir, ona görə də həmin dərmanları gətirmir. İndi bazarda bir az qıtlıq var, amma bu, uzun sürməyəcək. Yəqin ki, Səhiyyə Nazirliyi bir iş görəcək. Firmalar hansı dərmanı idxal etməsə, onun əvəzində nazirlik başqa dərmanlar gətirəcək. Adı dəyişsə də, tərkibi eyni olacaq. Yeni gətirilən dərmanlar da ucuz olacaq. Hələ ki, ölkədə dərman ehtiyatı var. Ehtiyat tükənənə qədər yavaş-yavaş problem həll olunacaq”.

Qiymətlər fərqli, ancaq sifarişlə

İndi keçək əvvəldən qeyd etdiyimiz “əmma” məsələsinə. Siyahımızdakı dərmanları heç də bütün apteklərdə tapa bilmədik. Mərkəzdə yerləşən apteklərin bir çoxunda dərmanların müəyyən dozalarının olduğunu dedilər. Təxminən cavablar belə oldu: “Allerol yoxdur, istəsəniz sabah gətirərik, qiyməti 7 manatdır. Polvertik isə 8 mq-lıq 10.2 manat, 16 mq-lıq 16.90, 24 mq-lıq isə 36.5 manatdır. Bizdə 8 dozalıq var, o biriləri yoxdur. Amma sifariş versəniz, gətirərik”.

“Koronal 5 qramlıq 6.10 manatdır, 10 qramlıq isə yoxdur. Amma istəsəniz, sifariş verə bilərsiz, olsa, gətirərik. Allerol isə yoxdur. Onun əvəzləyiciləri var”.

“İndi polvertik yoxdur, amma bu gün sifariş versəniz, sabah gətirərik. 16 qramlıq 8.70, 24 qramlıq 17.40 manatdır. İstəsəniz, sifariş verin gətirək”.

Qəribədir ki, qiyməti enən dərmanların qiyməti hər aptekdə fərqli idi. Baxmayaraq ki, 24 qramlıq dozada polvertik 36.50 manat idisə, siyahıda onun ən bahalısının qiyməti 15 manatdan çox deyil, ekofaz 42 manat idi, bizə bu dərmanı 41.49 manata təklif etdilər.

Amma aptekləri xeyli dolaşdıqdan sonra dərmanların baha qiymətə təklif olunmasına şükr etdik. Çünki bir az kənarlara getdikcə artıq həmin dərmanları tapmaq müşkülə çevrilirdi. “N.Nərimanov” və “Neftçilər” metrosundan uzaqlaşdıqca apteklərdə dərmanların qeybə çəkildiyinin şahidi olduq. Əczaçılar dərmanları ancaq sifarişlə gətirə biləcəklərini söylədilər. Polvertik əvəzinə betasol təklif edirdilər.

Qeyd edək ki, mərkəzdəki apteklərdə dərmanların hamısını tapa bilməsək də, rəflər dolu idi. Mərkəzdən uzaqlaşdıqca mənzərə dəyişirdi, apteklərin rəflərində dərmanların azlığı müşahidə olunurdu.

Bəziləri isə qiyməti enən allerol adlı dərmanın artıq ölkəyə idxal edilmədiyini dedilər. “Allerolun istifadə tarixi bitib” deyə artıq gətirmirik. Bəlkə, qarşıdakı aptekə müraciət etsəniz, tapa bilərsiniz. Onların hardan gətirdiklərindən xəbərsizik. Bir də qiyməti enən dərmanları şirkətlər artıq gətirmir. Çünki o qiymətə satmaq sərf etmir” - deyə əczaçılar bizə alternativ dərmanlar axtarmağı tövsiyə etdilər.

Qeyd edək ki, apteklərdə araşdırmamız zamanı hətta Şamaxıdan bura dərman almaq üçün gələnlərə rast gəldik. Ekofaz adlı dərmanı axtara-axtara Bakıya gəlib çıxan Yusif bəy paytaxtda da bütün aptekləri gəzdiyini deyir. Paytaxtda bu qədər qıtlıq olduğu halda, bölgələrdə vəziyyəti təsəvvür etmək çətin deyil.

Apteklər ala bilmir…

Adının bilinməsini istəməyən dərman firması əməkdaşlarından biri apteklərdə dərmanların tapılmamasının iki əsas səbəbini açıqladı. Onun sözlərinə görə, birinci məqam endirilən qiymətlərin şirkətlərə sərf etməməsidir. Yeni qiymətlə ölkəyə dərman gətirib satmaqla firmalar zərərə işləyəcək. Ona görə də qiyməti endirilən dərmanları artıq gətirmirlər. Amma onların çoxu depoda var. İkinci məqam odur ki, apteklər depoda olan dərmanı ala bilmir. Bunun üçün pulları yoxdur. Çünki qiymətlər enəndən satış azalıb. İndi apteklər dərmanları tək-tək alırlar. Yəni kimsə sifariş verir, onda depoya müraciət edirlər.

Qeyd edək ki, Səhiyyə, İqtisadiyyat və Sənaye nazirlikləri birlikdə dərman vasitələrinin satışı sahəsində nəzarət həyata keçirirlər. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Publika.az-a bildirib ki, bu vaxta qədər aparılan monitorinqlər zamanı müəyyən olunmuş qiymətdən kənaraçıxma halı qeydə alınmayıb.

Bəzi dərmanların siyahıda qeyd olunandan baha satılmasına gəldikdə A.Əliyev 47 dərman vasitəsinin qiymətinin 6 oktyabr tarixindən qüvvəyə mindiyini, yeni təsiredici maddələr üzrə 1079 dərman vasitəsinin qiymətinin isə dekabrın 1-dən qüvvəyə minəcəyini deyib: “Ola bilər ki, sizin axtardığınız dərmanların qiymətləri dekabrın 1-dən qüvvəyə minən dərmanlar siyahısındadır”.

Həmin dərmanların bəzisinin apteklərdə yeni, digərlərinin də köhnə qiymətlərlə satılmasına gəldikdə isə, A.Əliyev bunu apteklərin qərarı ilə əlaqələndirdi.

A.Əliyev qiymətlərin endirilməsi prosesinin davam edəcəyini bildirdi. O, növbəti ilin ortalarına qədər dövlət qeydiyyatından keçmiş bütün dərman vasitələrinin qiymətinin tənzimlənəcəyini bildirib.

Apteklərdə dərmanların tapılmamasına gəldikdə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov istehlakçıların eyni təsiredici maddə üzrə apteklərdə müxtəlif ölkələrin müxtəlif dərmanlarını tapa biləcəklərini deyib: “İstifadəçilər hər hansı ticari adla olan dərmanı tapmaya bilərlər. Lakin tərkib adı ilə soruşsalar, əczaçılar onlara kömək edərlər. Bunun üçün əczaçı ilə də məsləhətləşib eyni tərkibli dərmanı tapa bilərlər. Çünki əczaçı bilir ki, bu tipli dərmandan aptekdə bir neçə adda var. Bunu alıcıya məsləhət edə, o da həkimi ilə məsləhətləşdikdən sonra uyğun dərmanı ala bilər”.

P.Əzizbəyov qiyməti enən dərmanlar siyahısında yer alan allerol adlı dərmanın istifadə tarixinin bitməsi ilə bağlı məlumatlara da aydınlıq gətirib.

“Həmin dərmanın dövlət qeydiyyatı var. Tarif Şurası dövlət qeydiyyatı olan dərmanların qiymətini təsdiqləyib. Ola bilər ki, hər hansı aptekdə bu dərman olmasın və onu bu cür əsaslandırsınlar. Bundan başqa, həmin ticari adlı dərmanı tapa bilməyənlər onunla eyni tərkibli başqa dərman ala bilərlər. Qiymətləri tənzimlənən dərmanların siyahısında allerolla eyni tərkibə malik təxminən bir neçə dərman var. Allerolun tərkibi “CETIRIZINE DIHYDROCHLORIDE”dur, həkimlə məsləhət edib bu tərkibdə başqa dərman ala bilərlər”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm