İçərişəhərdə I Beynəlxalq Novruz Festivalı keçiriləcək
Bizi izləyin

Qırmızı.az

İçərişəhərdə I Beynəlxalq Novruz Festivalı keçiriləcək

İçərişəhərdə I Beynəlxalq Novruz Festivalı keçiriləcək

Novruz bayramı İçərişəhərdə təntənəli şəkildə qeyd olunacaq. Bu barədə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

İdarə martın 20-dən 23-nə kimi I Beynəlxalq Novruz Festivalının keçirilməsini nəzərdə tutur. Keçən illərdən fərqli olaraq, bu ilki Novruz şənliklərində Azərbaycanla yanaşı, bu bayramı qeyd edən səkkiz ölkənin (Türkiyə, Rusiya, İran, Hindistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) nümayəndələri də iştirak edəcəklər. Dörd gün davam edəcək bayram festivalı “Nar Mobile”, “Pasha bank” və “A+A Events” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçiriləcək.

Festival günlərində Qoşa Qala Qapısı meydanında “Meydan Bazarı” təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi “Meydan Bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən video-filmlər, milli-tətbiqi sənət məhsulları və suvenirlər sərgilənəcək.

Novruz bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulur. Hər gün səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehrbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artıracaq.

Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında muğam və klassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səsləndiriləcək. Bununla yanaşı, Festival çərçivəsində hər gün Qız Qalası meydanında pantomima ustaları, Əliağa Vahid meydanında isə “Muğam üçlüyü” çıxış edəcək.

Böyük Qala küçəsi-19 ünvanında yerləşən İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində onun tələbələrinin yaradıcılıq sərgisi keçiriləcək. Eyni zamanda bayram günlərində Kiçik Qala küçəsi-13 ünvanında yerləşən “İncəsənət Qalası”nın qarşısında həmin Mərkəzin uşaqlar üçün yaradılmış xüsusi proqram çərçivəsində “master-klass” təşkil olunacaq.

Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, 20-21 mart tarixlərində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da “Nağıl şəhərciyi” adlı Novruz şənliyi keçiriləcək. Rəngarəng konsert proqramı təşkil olunacaq, uşaqlar poni və uzunqulaqla gəzəcək, nağıl obrazları ilə canlı ünsiyyətdə olacaqlar. Eyni zamanda qonaqlar milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi, xalça toxumağı kimi tədbirlərdə iştirak edə biləcəklər.

“Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar martın 20-21-də İçərişəhərdən, Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm