Zığda qəzalı evi uçurdular
Bizi izləyin

Qırmızı.az

Zığda qəzalı evi uçurdular

Zığ qəsəbəsi Hətəm Allahverdiyev küçəsində qəzalı vəziyyətdə olan Emin Həmidova məxsus ev kənd üzrə icra nümayəndəsi və onun müavininin iştirakı ilə ekskavator vasitəsilə uçurulub.

Bu barədə Publika.az-a qəsəbədə evləri qəzalı şəraitdə olan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, uçurulan evin ətrafına evləri zərər çəkmiş sakinlər toplaşıb etiraz etsələr də, polis onları yaxınlaşmağa qoymur:

“Camaat etiraz əlaməti olaraq əraziyə yığışıb. Amma icra nümayəndəsi polis də gətirib ki, camaat onlara mane olmasın. Sakinləri bu cür aldadaraq evlərindən çıxarır və uçurmağa başlayırlar. Bu artıq birinci belə evdir”.

İcra nümayəndəsi evin uçurulmasını məhkəmə qərarı ilə əsaslandırsa da, şikayətçilərin bildirdiyinə görə, onlar məhkəmənin qərarının ikinci bəndini pozurlar:

“Məhkəmənin qərarında ikinci bənddə yazılır ki, vətəndaşı torpaqla təmin edin, evini uçurduqda həmin materialla gedib evini tiksin. Amma onlar vətəndaşı heç bir şeylə təmin etməyiblər. Birbaşa evi uçururlar. Evi sökülən sakin də qorxduğuna görə etiraz edə bilmir. “Niyə torpaqla təmin etməyib uçurursan?” sualını verdikdə isə cavab verirlər ki, onun sizə aidiyyəti yoxdur”.

Sakinlərin sözlərinə görə, daha əvvəl də uçurulan ev olub, lakin həmin ev sahibini torpaqla təmin etdikdən sonra bu işi icra ediblər.

Problemi araşdırmaq üçün Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Barxudar Barxudarovla əlaqə saxladıq. İcra rəsmisinin Publika.az-a bildirdiyinə görə, uçurulan ev gediş-gəlişə təhlükə yaratdığına görə sökülüb:

“Emin Həmidovun yaşadığı tikili qəzalı vəziyyətdə olub. Bununla bağlı məhkəmə qərar çıxarıb ki, həmin ev sökülməlidir. Qəsəbə nümayəndəsi ilə danışdım, dedi ki, həmin evi sökülən sakin də buradadır və o, özü müraciət edib ki, evi sökə bilmirəm, kömək edin. Bu, çox təhlükəli idi və gediş-gəliş üçün təhlükə yaradırdı. Ona görə də məhkəmə qərarı icra olunur”.

Evi sökülən sakini torpaqla təmin etmək məsələsinə gəlincə, B.Barxudarov bildirdi ki, torpaq məsələləri ilə bələdiyyə məşğul olur, yəqin ki, bələdiyyə onları torpaqla təmin edəcək.

Qeyd edək ki, Zığ qəsəbəsi Hətəm Allahverdiyev küçəsində 55 ev qəzalı vəziyyətdədir və qəsəbədə 500 ailə təhlükəli şəraitdə yaşayır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm