• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Maşının evakuasiyası zamanı dəymiş ziyanı kim ödəməlidir?

Maşının evakuasiyası zamanı dəymiş ziyanı kim ödəməlidir?

Maşınlar qanunsuz saxlandıqları halda onların cərimə meydançalarına aparılması qaçılmazdır.

Amma bu xidmət hər dəfə uğurla həyata keçirilmir. Cərimə meydançasına aparılarkən, ya da orada saxlanılarkən müxtəlif qəza baş verə bilir. Ötən il cərimə meydançasında onlarla maşının yanması buna sübutdur. Yəni bu xidmət zamanı qəzaların olmasından sığortalanmamışıq. Bəs belə olan halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir?

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu məsələdə cavabdeh avtomobili aparan qurumun üzərindədir. Bu məsələdə qanunun mövqeyi kifayət qədər aydındır:

““Yol hərəkəti

haqqında” Qanunun 85-ci maddəsinin 9-cu bəndində deyilir ki, nəqliyyat
vasitəsi qanunsuz saxlanılmışdırsa (yəni cərimə meydançasına
aparılmışdırsa) və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi
zərər vurulmuşdursa, onun sahibi Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə
bilər. Göstərilən Qanun bu məsələni təfərrüatlı tənzimləmir, çünki bu,
onun tənzimləmə predmeti deyil. Ümumiyyətlə isə belə məsələlər Mülki
Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 1101.1-ci maddəsinə
əsasən, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə
vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və
məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq,
Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə
ödəyir.

Sonuncu normada cavabdeh kimi Azərbaycan Respublikasının adı çəkilir.
Aydın məsələdir ki, konkret məsələlərlə bağlı Azərbaycan dövlətinin
səlahiyyətlərini ayrı-ayrı dövlət qurumları həyata keçirirlər. Deməli,
dövlətə aid səlahiyyətlərin icrasına, eləcə də bu fəaliyyətdən doğan
nəticələrə görə konkret qurumlar məsuldurlar. Mövcud qanunvericilikdən
hər kəsə bəllidir ki, yol hərəkətinin təşkili üzrə bir xeyli
səlahiyyətlər, o cümlədən avtomobillərin müxtəlif əsaslarla cərimə
meydançalarına aparılması, orada saxlanması və bununla bağlı başqa
məsələlər müstəsna olaraq DYP-nin səlahiyyətinə aiddir”.

Ekspertin sözlərinə görə, bu
səlahiyyətin icrası ilə bağlı yaranan problemlərə görə məsul qurum da
məhz DYP-dir. Cərimə meydançasına aparılarkən və ya orada
saxlanılarkən avtomobilinə ziyan dəymiş sürücü həmin ziyanın
ödənilməsinə dair iddiasını məhz DYP-nin bu işlə məşğul olan və hüquqi
şəxs satatuslu qurumuna qarşı irəli sürməlidir:

“Təcrübədə DYP bu səlahiyyətini müxtəlif şirkətlərə aid
evakuasiya avtomobilləri vasitəsilə həyata keçirir. Amma DYP-nin hər
hansı müqavilə və ya razılaşma əsasında bu səlahiyyətin icrasına kənar
qurumu cəlb etməsinin ziyan dəymiş vətəndaş üçün heç bir önəmi yoxdur.
Digər tərəfdən, hər bir konkret halda avtomobilin evakuasiya edilməsi
konkret DYP əməkdaşının qərarı ilə, onun tərtib etdiyi duracağa
göndəriş vərəqi əsasında həyata keçirilir. Bir sözlə, istənilən halda
dəymiş ziyanın ödənilməsini tələb edən vətəndaş qarşısındakı cavabdeh
subyekt DYP-dir. Məhkəməyə verilən iddia da ona qarşı yönəlməlidir.
Sürücülər bilməlidirlər ki, dəymiş ziyanla bağlı iddia qaldırmaq üçün
ziyan vurulması faktını qeydə almaq və ziyanın məbləğini müəyyən etmək
lazımdır. Çünki qaldırılacaq iddia üzrə sübut etmə vəzifəsi iddiaçı
sürücünün üzərinə düşür. Ona görə də hər bir sürücü avtomobilinin
cərimə meydançasına gətirilməsindən sonra onu diqqətlə nəzərdən
keçirməli, zədələr aşkar etdikdə bunu mütləq qeydə almalıdır. Qeydə
almanın ən yaxşı vasitəsi cərimə meydançasının əməkdaşlarının və kənar
şəxslərin iştirakı ilə akt tərtib olunması, daha sonra zədələrin
fotosunun və ya videogörüntüsünün çəkilməsi ola bilər. Dəymiş ziyanın
qiymətləndirilməsi isə mövcud xidmətlərin, sıradan çıxmış detalların
dəyəri nəzərə alınmaqla həyata keçirilə bilər, mübahisə olduqda
məhkəmədən ekspertizanın təyin olunması da xahiş oluna bilər”.

Ə.Hüseynovun sözlərinə görə, avtomobilin mühafizə olunan duracağa gətirilməsi
zamanı ona ziyan vurulmasının icbari sığorta ilə heç bir əlaqəsi
yoxdur:

“Deməli, buna görə sizin mülki məsuliyyətinizi icbari sığorta
etmiş sığorta şirkətindən nə isə tələb etməyə dəyməz. Amma
avtomobilinizin ümumi sığortası (KASKO sığorta) varsa, bu halda ziyan
dəyməsi sığorta hadisəsi sayılır və mütləq sığorta şirkətini cəlb
etmək lazımdır”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR