“Babəki də Koroğlunun aqibəti gözləyir” – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Babəki də Koroğlunun aqibəti gözləyir” – FOTOLAR

Xalq qəhrəmanı Babəkin Bakıda heykəli ucaldılacaq. Bu, 4 il öncə Prezident İlham Əliyevin Babəkin abidəsinin ucaldılması haqqında verdiyi sərəncama əsasən həyata keçiriləcək. Sərəncamla bağlı görülən işlərə artıq start verilib. Heykəlin müəllifinin kimliyi qərarlaşdırılıb. Belə ki, müvafiq yer seçildikdən sonra oraya heykəltəraş Arif Qazıyevin “Babək” əsəri qoyulacaq. Ancaq bu qərarı kimin, hansı şəraitdə verdiyi məlum deyil. Çünki həmin şəxsin müəyyənləşdirilməsi qaydalara uyğun həyata keçirilməyib.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, heykəltəraş Cümşüd İbrahimli deyib. Onun sözlərinə görə, heykəltəraşlar arasında hər hansı müsabiqə olmayıb: “Bu işin qaydası belədir ki, müsabiqə keçirilməli, heykəltəraşlar öz təkliflərini təqdim etməli, onların arasından ən yaxşısı seçilməlidir”.

74 yaşlı heykəltəraş heç bir müsabiqə təşkil edilmədən verilən qərarın ədalətsizliyə səbəb olduğunu düşünür: “Sovetlər dönəmində paytaxtlarda və iri şəhərlərdə ucaldılacaq abidələr yalnız müsabiqə yolu ilə seçilirdi. Məlum məsələdir ki, İttifaq miqyaslı qərarlar bütün sovet respublikaları üçün də qüvvədə idi. Səhv etmirəmsə, həmin qərar müstəqilliyimizdən sonra ləğv edilməyib. Hətta bu qaydanın müstəqillik dövründə də tətbiqi ilə bağlı təcrübə var. Amma indi işlər müsabiqəsiz həll olunur”.

O, “Koroğlu heykəli”ni misal gətirərək “Babək”i də eyni aqibətin gözlədiyini bildirib: “Əvvəllər “Koroğlu” heykəlinin yaranması üçün də BŞİH-ə həmin göstəriş verilmişdi. Qurum “Koroğlu” heykəli üçün müsabiqə təşkil etmədi. Nəticədə heykəl qoyulandan sonra tənqid atəşinə tutuldu. Fikirlər tamamilə haqlı idi. Koroğlu atın belində çox arxada otuzdurulub, sanki at şahə qalxsa, qəhrəman yıxılacaq. Üstəlik, Koroğlunun atı çox kiçikdir, burada kompozisiya düzgün qurulmayıb. Bu, ilk baxışdan hiss edilir. İndi də Arif Qazıyevin hazırladığı “Babək” heykəlini qoymaq istəyirlər. Onu da “Koroğlu” ilə eyni aqibət gözləyir. Heykəli televiziyada gördüm. Babək qılıncı arxaya doğru uzadıb. Sanki, xalqı geri çəkilməyə səsləyir. Halbuki, qəhrəmanın meydana şir kimi atılan obrazını yaradılmalı, qələbəyə inam aşılanmalıydı”.

Cümşüd İbrahimli daha öncə “Müsabiqəsiz gecə-qondu heykəllər” adlı silsilə məqalələr yazaraq bu barədəki tənqidi fikirlərini ictimaiyyətə çatdırıb.

Publika.az-a Koroğlu və Babək üçün nəzərdə tutulan heykəllər üçün özünün təkliflərindən də danışıb: “Hazırladığım variantda milli ornamentləri aydın şəkildə görə bilərsiniz. Koroğlunun atının saçlarını buta formasında, Babəki isə qılıncı çəkərkən təsvir etmişəm. Çünki hər heykəl bir göz qırpımında tamaşaçılara təmənnasız mənəvi, etik və estetik təsir bağışlamalıdır”.

Bu günə kimi xarici ölkələrdə baş tutan bir çox müsabiqələrdə iştirak edib uğurlu nəticələr əldə etdiyini, Moskvada “Fərhad abidəsi”ni ucaltdığını və ölkəmizin müxtəlif rayonlarında bir sıra işlərə imza atdığını deyən heykəltəraş Bakıda adına layiq bir iş yarada bilmədiyinə görə narahatdır. O, daha öncə Koroğlu heykəli üçün müraciət edib. Ancaq heç bir reaksiya ala bilməyib. İndi isə “Babək” heykəli üçün müxtəlif variantlarda kompozisiyalar hazırlayaraq İcra Hakimiyyətinə və digər səlahiyyətli qurumlara müraciət edib. 2 ay bundan əvvəl etdiyi müraciətlərə hələ cavab almayıb.

Məsələ ilə bağlı Publika.az sərəncam üzrə cavabdeh qurum – BŞİH-lə əlaqə saxlamağa çalışıb. Lakin nə BŞİH-dən, nə də qurumun Memarlıq və Şəhərsalma Baş İdarəsindən cavab ala bilib.

İlknur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm