10 ildir zibillikdə yaşayan fəhlə: “Bir tikə çörəyə işləyirəm...” – Ürək dağlayan HƏYAT HEKAYƏSİ – FOTOLAR/VİDEO
Bizi izləyin

Qırmızı.az

10 ildir zibillikdə yaşayan fəhlə: “Bir tikə çörəyə işləyirəm...” – Ürək dağlayan HƏYAT HEKAYƏSİ – FOTOLAR/VİDEO

Soyuq küləyin yırğaladığı, yağış damcılarının çırpıldığı taxtalardan, dəmir parçalarından, üst-üstə yığılmış kərpiclərdən ibarət qaranlıq, natəmiz “daxma”... Zibilliyin tən ortasındakı bu komaya daxma da demək olmaz. Üst-üstə qalaqlanmış kərpiclərdən, taxtalardan ibarət toyuq hininə bənzəyir...

Sumqayıt şəhərinin 18-ci mikrorayonundakı zibilliyin ərazisində, “Daş bazarı”nın yaxınlığındakı komada uzun illərdir kimsəsiz bir insan yaşayır.

Məzar sükutuna qərq olmuş “daxma”nın sakini əvvəllər buranın sakinlərinin xeyrinə, şərinə yaramış fəhlə Nizami Abdullayevdir. Əvvəllər fəhləlik edərək ailəsini dolandırıb. Amma indi heç özünü də dolandıra bilmir. Çünki işləyə, gəzə bilmir...

Publika.az zibillikdə özünə sığınacaq qurmuş, burada özünə “daxma” tikmiş Nizami Abdullayevin acınacaqlı həyatının bəzi məqamlarını təqdim edir:

“1960-cı ildə Bakıda anadan olmuşam, 55 yaşım var. Əvvəllər işləyirdim, fəhləlik edib pul qazanırdım. Aparıb orda-burda işlədirdilər.

Ailə qurdum, amma övladım olmadı. 90-cı illərdə Rusiyaya işləməyə getdim. Həyat yoldaşımı da apardım. Uzun müddət – təxminən 20 il orda yaşadıq.

Kontorda işləyirdim. Bir neçə il sonra bağlandı. İş axtardım, tapa bilmədim. Buna görə də 2005-ci ildə Azərbaycana qayıtdım. Amma həyat yoldaşım qohumları ilə orada qaldı. Razılaşmışdıq, əgər burda qalmağa, işləməyə yer tapsaydım, o da gələcəkdi. Bir müddət orda-burda, kimlərinsə əlinin altında işlədim. Amma daimi iş tapa bilmədim. Həyat yoldaşım da Bakıya gəlmədi, indi də Rusiyadadır”.

Əvvəllər Bakıda qalsa da, daimi iş, ev tapa bilməyən müsahibim sonradan Sumqayıta köçüb: “Həyat yoldaşımla əlaqəmiz itib. Bir müddət fəhlə işlədim. Burada (“Daş bazarı” adlanan ərazidə) ev tikənlərə kömək etdim. Zəhməthaqqı demirdim, kim nə verirdisə, alırdım. Bir tikə çörək...

Kiməsə əziyyət vermək, yük olmaq istəmədim. Ona görə də 2005-ci ildə bura atılmış kərpicləri yığıb özümə daxma tikdim”.

Deyir, dolanışığı çətindir. Şəxsiyyət vəsiqəsini, xarici pasportunu itirib, ona görə də heç yerə gedə bilmir: “Sənədlərim olsaydı, çıxıb gedərdim Rusiyaya. Burda qalmağa yerim yoxdu. Harda qalım? Evim yoxdu, kirayədə qalmaq üçünsə işləməliyəm. Amma işləyə bilmirəm. Hamı necə, mən də o cür...”

Daxmanın dəlik-deşikləri o qədər çoxdur ki, yağış suları içəri axır: “Yağış yağanda islanıram. Neynim? Yağış təkcə mənim üstümə yağmır ki? Hamı islanır da...

Pal-paltarlarımı zibillikdən yığmışam. Qabları da gətirdim ki, su içim. Sağ olsun yaxşı insanlar, çörək alıb gətirirlər...

Bu gün də nahar etmişəm. Amma soruşmayın ki, nə yemişəm”.

O, qohumlarının Bakıda yaşadığını deyir. Amma onlardan hər hansı dəstək görməyib: “Qardaşım, bacım öz həyatını yaşayır. Onlara mane olmaq istəmirəm”.

Əlləri, sinəsi yara səpib. Köynəyinin açıq qalmış yaxasından göyərmiş sinəsi görünür. Amma bədənindəki səpkilərin nədən yarandığını bilmir: “Bir az xəstəyəm, əllərim, ayaqlarım yanıb. Bütün gün yatıram. Heç bilmirəm, nə olub? Hər şey bir ayın içində oldu. Əvvəllər belə şey yox idi. İndi dərim göynəyir. Gəzə də bilmirəm. Bütün gün uzanıb qalıram. Sağ olsun yaxşı insanlar, gəlib kömək edirlər. Su, çörək gətirirlər. Ayağa qalxandan sonra mən də gedib onlara kömək edəcəyəm. Gəzəndə gedib işləyəcəm, çörəkpulu qazanacam. Heç kimə yük olmayacam.

Bircə sağalsaydım, ayağa qalxardım... Mən də yavaş-yavaş özümə gələcəm, düzələcəm...”

Kövrəlib ağlayır. Qəribə qoxuların darıxdırıcı sükuta, qaranlığa qarışdığı daxma onun son ümid yeridir: “Bir az üşüyürəm. Yəqin çöldə soyuqdur, hə? (Yara basmış əli ilə bayıra işarə edir.)

Çörəyimi burda yaşayan yaxşı insanlar alır. Onlar mənə kömək edir. Hamısı mənim dostlarımdır. Heç kimdən pul istəmirəm. İnşallah, sağalıb ayağa qalxandan sonra mən də hamıya kömək edəcəm.

Düzdür, bir az soyuqdur. Amma neynəmək olar? Ötən qışı da birtəhər keçirdim. Yorğana bürünüb yatdım. Gərək çətinliyə dözəsən. Başqa əlac nədir? Hər şeyə dözürəm.

Dərdimə şərik olduğunuza görə sizə ancaq çox sağ ol deyə bilərəm. Çünki bağışlamağa heç nəyim yoxdur”.

Kiminsə ona verdiyi bir qutu papirosu çıxararaq bizə də təklif edir: “Çəkirsiniz? Buyurun, bütöv qutunu götürün”.

Zibilliyə yaxın ərazidə yaşayan sakinlərlə də söhbətləşdik. Bildirdilər ki, Nizami bir vaxtlar burada bir çox evlərin tikintisinə kömək edib. Hər gün daş daşıyıb, qum-sement qarışdırıb, divar hörüb. Gördüyü iş müqabilində heç kimdən yüksək zəhməthaqqı tələb etməyib. Kim nə veribsə, onu da alıb. Amma özü evsizdir. Çünki torpaq almağa, ev tikməyə imkanı yoxdur. Nəinki ev tikməyə, indi çörək almağa pul tapa bilmir. Onu yaxınlıqdakı sakinlər dolandırır. Kimi çörək alır, kimi yemək gətirir...

“Zibillikdəki paltarları yığıb geyinir. Natəmizlikdən, yuyunmamaqdan, çirkli paltar geyməkdən qotur xəstəliyinə yoluxub. Bədəni neçə aydır səpib. Nizamiyə yaxşı müalicə, sığınacaq lazımdır.

Dili ilə heç kimdən heç nə istəməz. Heç elə bil bu daxmada insan yaşamır. Çox sakit adamdır”, - sakinlərdən biri deyir.

Beləcə, söhbətimizi yekunlaşdırdıq. Nizami Abdullayevlə sağollaşıb ayrılanda bizi alqışları və yeganə istəyi ilə yola saldı: “Mənə ancaq bir dəst yorğan-döşək lazımdır. Kimin evində artıq yorğan-döşəyi varsa, versin. Paltar lazım deyil, çünki onsuz da gəzə bilmirəm”.

Anar Tağıyev

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm