• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Qarabağda erməni üçün döyüşən türk vətəndaşı – VİDEO

Qarabağda erməni üçün döyüşən türk vətəndaşı – VİDEO

Bir müddət öncə Almaniyada türkiyəli müğənni Ləman Ştexinin İrəvanda konsert verəcəyi haqqında məlumat vermişdik. Həmin məlumata əsasən, Ştexin İrəvanda məhz erməni bəstəkarı Komitasın (Soqomon Soqomonyan – red.) musiqilərini ifa edəcəkdi. Lakin həmin dövrdə maraqlı məqamlardan biri Ştexinin İrəvan səfərini kimin təşkil etməsi idi.


24 sentyabrda baş tutan konsertdən sonra türk müğənni ermənilərin “bəh-bəh”ləri ilə müxtəlif media qurumlarına təşrif buyurdu. Ən məşhur erməni televiziyalarında çıxış edən Ştexin hər nitqində Türkiyənin “erməni soyqırımı”na görə İrəvandan üzr istəməli olduğunu səsləndirdi. Maraqlı məqam isə bütün bu səfərlərində Ştexini Sərkis Hatspaniyan adlı bir şəxsin müşayiət etməsi idi. Türkcəyə çox yaxşı vaqif olan Sərkis Ştexinin konsertinin əsas təşkilatçılarından biri hesab edilir. Bəs Sərkis Hatspaniyan əslində kimdir?

Axar.az-ın erməni siyasətçisi ilə bağlı apardığı qısa araşdırmadan sonra ortaya maraqlı məqamlar çıxıb. Sərkis Hatspaniyan Türkiyənin İsgəndərun şəhərində doğulub. Orta məktəbi erməni yazar Hrant Dinklə (Türkiyədəki ermənilərin qəzeti olan “Aqos”un öldürülən baş redaktoru – red.) birgə oxuyan Hatspaniyan 1980-cı il çevrilişindən sonra Türkiyəni tərk edərək Fransaya qaçıb. O, uzun müddət burada yaşadıqdan sonra bu ölkənin vətəndaşlığını alıb.

Solçu olan Hatspaniyan bütün çıxışlarında Kürd Fəhlə Partiyasının (PKK) addımlarını dəstəkləyib. Sonrakı dövrlərdə isə Hatspaniyanın PKK çıxışlarının yerini Səlahəddin Dəmirdaşın rəhbərlik etdiyi Xalqların Demokratik Partiyası əvəz edib.

Qarabağ “sülhməramlısı”

1990-cı illərdə, Dağlıq Qarabağda vəziyyətin gərgin olduğu bir vaxtda rəsmi İrəvan müxtəlif ölkələrdən muzdluları buraya gətirirdi. Qarabağa gələn muzdlular arasında Sərkis Hatspaniyan da var idi. Kəlbəcərin işğalında birbaşa iştirak edən erməni siyasətçi erməni terrorçu Monte Melkonyanla döyüş yoldaşı olub.

Ən maraqlı məqamlardan biri Hatspaniyanın erməni təbliğatında mühüm yer tutması idi. 1993-cü ildə Kəlbəcər işğal olunan zaman Sərkis Kəlbəcərdə əsir düşən azərbaycanlılar qarşısında çıxış edərək, heç kimə xələl yetirilməyəcəyini bildirir. Daha sonra yaşlı azərbaycanlı qadınla çəkdirdiyi foto “Frans Press” agentliyi başda olmaqla bir sıra məşhur dünya KİV-lərinə ötürülür. Bununla da İrəvanın işğalçı siyasətini başqa ad altında pərdələmək siyasətini icra edənlər sırasında Sərkis öncül yerlərdən birini tutur.

Sonradan Qarabağla bağlı ermənilərin çəkdiyi “Ana əlləri” filmində çıxış edən Hatspaniyan guya azərbaycanlılara yaxşı davrandıqlarını və bu əsirləri azərbaycanlıların özlərinin Kəlbəcərdə atıb getdiyini deyir. Lakin indiyə qədər həmin əsirlərin taleyindən heç bir xəbər yoxdur.

ASALA təbliğatçısı

Sərkislə bağlı digər mühüm məqam onun “erməni soyqırımı” və erməni terror təşkilatları ilə bağlı səsləndirdiyi fikirlərdir. Hatspaniyan öz Feysbuk səhifəsindəki statuslarından birində ASALA terror təşkilatına haqq qazandırmağa çalışır. ASALA-nın 24 sentyabr 1981-ci ildə Türkiyənin Parisdəki Baş Konsulluğuna hücumunu xatırladan Hatspaniyan bu sözləri yazır:

“12 sentyabrdan sonra onlarla türk və kürd təşkilatının onminlərlə nümayəndəsi faşist T.C. (Türkiyə Cümhuriyyəti – red.) zindanlarında ağır işgəncələrə məruz qalarkən, öz təşkilatlarının hansısa birindən heç bir səs belə eşitmədilər. 24 sentyabr 1981-ci ildə Parisdəki T.C. Konsulluğunu ələ keçirən erməni inqilab təşkilatı ASALA-nın “Van” əməliyyatını həyata keçirən 4 igidi 5 türk, 5 kürd, 5 erməni siyasi məhbusun sərbəst buraxılmasını tələb etmişdilər”.

ASALA abreviaturasının acımı Ermənistanın Azadlığı üçün Erməni Gizli Ordusu deməkdir. Bu, əslində həmin təşkilatın əsas simasının nə olduğunu göstərməyə kifayət edir.

Məhz ASALA-nın bu hücumu nəticəsində Türkiyə Baş konsulu yaralanır və bir nəfər türk vətəndaşı həlak olur. Sonradan binanı tutan ASALA-nın 4 üzvü həbs edilir və yeddi il cəza lır. Hatspaniyan isə bu şəxsləri qəhrəman adlandırır.

1996-cı ildə Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın icazəsi ilə Hatspaniyana ölkədə qalmaq izni verilir. Lakin Xocalı qatillərindən biri olan prezident Robert Köçəryan onun ölkəni tərk etməsi üçün beş gün vaxt verir. Hatspaniyan bunu yerinə yetirmir. 2008-ci il mitinqlərində Serj Sərkisyan rəhbərliyinin erməni xalqına qarşı sərt davranışını dilə gətirməsi Hatspaniyanın həbs olunması ilə nəticələnir. 2011-ci ildə azadlığa çıxdıqdan sonra Sərkisə 2013-cü ildə Ermənistan vətəndaşlığı verilir.

Sərkis həm də azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının əsas inkarçılarından sayılır. Daha çox türk dilində yazılar yazan Sərkis Xocalı soyqırımının guya ermənilər tərəfindən törədilmədiyini və Azərbaycanla Türkiyənin təbliğatının bir hissəsi olduğunu vurğulayır.

Məhz bu adam sonradan Ştexnlə birgə Ermənistan telekanallarından birində çıxış edərək, erməni xalqının necə məzlum olduğunu və “erməni soyqırımı”nı Türkiyənin törətdiyini, buna görə cavab verməli olduğunu deyir. Amma Qarabağ savaşını erməni insanına “azadlıq müharibəsi” kimi sırıyan Hatspaniyan özü Qarabağda çoxsaylı türk qanı axıdıb - əksəri də mülki əhali.

Ştexinlə Hatspaniyanın Ermənistanın 1TV kanalında qonaq olduğu linki təqdim edirik:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR