Qışa necə hazırlaşırıq? Və ya hansı vədlər bu il də vəd olaraq qalacaq? - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Qışa necə hazırlaşırıq? Və ya hansı vədlər bu il də vəd olaraq qalacaq? - ARAŞDIRMA

“Bakıya qış yaraşmır...”- nə qədər ürəkağrıdan olsa da, tez-tez avtobusda, mağazada, küçədə - hər yerdə insanlardan bu ifadəni eşidirik. İki saat yağış yağan kimi gölməçəyə dönən, bir metr asfalt vurmaq üçün qazılaraq aylarla bağlı qalan küçələrimizdən keçmək mümkün olmursa, azacıq güclü külək əsən kimi işıqlar sönürsə, qazın təzyiqi bir çaydanı qaynatmağa imkan vermirsə, insanlar nə desin?! İstiliyimizə, suyumuza, işığımıza, yolumuza cavabdeh olan qurumlar qışda öz işlərini normal görsələr, daha dəqiqi, qışa normal hazırlaşsalar, Bakıya qış niyə yaraşmasın?!

Təəssüf ki, hələ də işıq, qaz, su, istilik, yolsuzluq kimi problemlərdən əziyyət çəkən insanlarımız var və qışda bu çatışmazlıqlar daha da ciddiləşir...

Düzdür, ildən-ilə problemlər azalır, bir çox əyər-əskiklərimiz düzəlir, amma bu kimi məsələlərə cavabdeh qurumların hər il qışqabağı verdikləri ənənəvi vədlərin bir qismi elə vəd olaraq qalır.

Bəs bu il necə keçirəcəyik qışı? Nəzərə alsaq ki, bu il dünyanı son 10 ilin ən soyuq qışı gözləyir və soyuqların Azərbaycandan da yan keçməyəcəyi proqnozlaşdırılır, onda narahatlığa da ikiqat əsas yaranır. Bu səbəbdən də aidiyyəti qurumlarla əlaqə saxlayıb qışa hazırlığın vəziyyətini öyrənməyə çalışdıq.

Qışda işığımız kəsilməyəcək...

“Azərişıq” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Tanrıverdi Mustafayevin Publika.az-a verdiyi məlumata görə, ən ucqar dağ kəndlərində də elektrik enerjisi ilə bağlı problem olmayacaq. Çünki 2015-ci ilin fevral ayında prezidentin tapşırıqları əsasında “Azərişıq” qısa müddət ərzində 56 rayonda elektrik enerjisinin vəziyyətini öyrənib və son 5 ay ərzində irimiqyaslı yenidənqurma işləri aparılıb: “Biz işimizi payız-qış gələr deyə qurmuruq. Payız və qışın nə qədər sərt və yağmurlu olmasından asılı olmayaraq, əməkdaşlarımız 800-ə yaxın kompleks transformator məntəqəsi, yüzminlərlə dəmir-beton dayaqlar quraşdırıblar, 40-50 min km uzunluğunda elektrik verilişi xətləri yenilənib, rayonlarda yeni yarımstansiyalar inşa olunub, uçot sistemi bərpa edilib. Pis vəziyyətdə olan və payız-qış aylarında qorxu yaradan dayaqlar hamısı reabilitasiya olunub, ən pis olanları dəyişdirilib. Bu da özünü göstərəcək, elektrik enerjisinə olan tələbatı ödəyəcək. Abonentlərin narahatlığına ehtiyac yoxdur. “Azərişıq” 24 saat əhalinin xidmətindədir və təbiətin bütün şıltaqlıqlarına, qasırğa, fırtınaya da hazırıq. Bütün rayonlarda əlavə material və maşın mexanizm hazırlığımız var. Hansısa qəza yaranarsa, aradan qaldırılması üçün hazırlığımız yüksək səviyyədədir, “199” qəza xidməti çağrı nömrəsi bütün ölkə üzrə aktivdir”.

T.Mustafayevin sözlərinə görə, dağ kəndlərində problemləri aradan qaldırmaq üçün 120-dən çox maşın-mexanizm ayrılıb. Dağ kəndlərində qışın daha sərt keçdiyi yerlərdə də artıq elektrik enerjisi problemi olmayacaq.

Həmçinin bu il Bakıətrafı kəndlərdə qış fəslində bütün elektrik avadanlıqlarını işlətmək mümkün olacaq: “Bakıətrafı ərazilərdə - Xırdalan, Masazır, Novxanı, Fatmayı, Goradil, Abşeronun bəzi kəndlərində elektrik qurğuları yay ərzində qeydiyyata alınıb, 100-lərlə kompleks transformator məntəqəsi quraşdırılıb, Saray, Masazır, Xırdalanda dayaqlar dəyişdirilib, alüminium kabellər izolyasiyalı kabellərlə əvəz olunub. Bakıətrafı kənd və qəsəbələrdə 200 minə yaxın abonentin son 5 ayda yenidənqurma nəticəsində enerji təchizatı yaxşılaşıb. Bakının mərkəzində 435 kilovoltluq yarımstansiya inşa olunub. Nə qədər soyuq olsa, enerji təchizatı ödənəcək”.

Bu il 217 yaşayış məntəqəsi qazlaşdırılıb

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri İbrahim Kərbalayevin məlumatına görə, qışa hazırlıqla bağlı qaz təsərrüfatında xeyli işlər görülüb və təmir olunmuş qaz xətləri dayaqlar üzərinə qaldırılıb: “Qaz xətləri üzərində dolab və siyirmələrin sayı artırılıb. 2015-ci ilin 9 ayı ərzində yaşayış məntəqələrinin qazlaşdırılması üçün 9 min 218 km yeni qaz xətti çəkilib və 419 km qaz xətti əsaslı təmir olunub. Yanvar-sentyabr ayları ərzində regionlarda 217 yaşayış məntəqəsi qazlaşdırılıb. Sənədləri təqdim olunmuş texniki parametrləri qaydasında olan 314 çoxmərtəbəli binaya təbii qaz verilib. 190 mindən artıq mənzilə texniki baxış keçirilib və istehsalçılar təbii qazdan istifadə ilə bağlı təlimatlandırılıb”.

“Azəriqaz” rəsmisinin sözlərinə görə, əhali tələbata uyğun təbii qazla təmin olunur və hər hansı bir mənzildə problem olarsa, əhali 24 saat fəaliyyət göstərən “104” saylı qəza və “185” saylı çağrı mərkəzlərinə müraciət edə bilər.

“Azəryolservis”in qaynar xətti fəaliyyətə başlayıb

2015-2016-cı illər payız-qış mövsümünə hazırlıqla bağlı avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tədbirlər planı hazırlayıb.

ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin bildirdiyinə görə, respublikanın magistral avtomobil yollarında, dağlıq rayonlarda, həmçinin, Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə operativ tədbirlərin görülməsi məqsədi ilə “Azəryolservis” ASC-də sutkalıq növbətçilik yaradılıb. Onun sözlərinə görə, növbətçinin daxil olan məlumatları operativ şəkildə qeyd edib Cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırmasını təmin etmək məqsədilə 1 oktyabr 2015-ci il tarixindən etibarən (012) 599-79-75 nömrəli xüsusi telefon xətti -24 saat ərzində daxil olan zəngləri qəbul edəcək “Qaynar xətt” fəaliyyətə başlayır.

Deyirlər, Bakıda su problemi olmayacaq...

“Azərsu” da qışda su ilə bağlı heç bir problem olmayacağına əmin edir. ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, qışa hazırlıqla bağlı qurum tərəfindən bir sıra tədbirlər görülüb və bu il vətəndaşların su ilə bağlı heç bir problemi olmayacaq: “Paytaxtda 30,2 km kanalizasiya xətti, 12 km yağış su xətti, 8 min yağış barmaqlığı, 17 min kanalizasiya baxış quyusu təmizlənib. Hər hansı ərazidə qəza halları baş verdikdə, qısa zamanda operativ şəkildə aradan qaldırılır. Qurumun problemlərlə bağlı “955” saylı qaynar xətti 24 saat fəaliyyət göstərir”.

Yaxşıca üşümək və titrəmək...

Bir dəfə qış qabağı odun tədarük edən qonşuları Molla Nəsrəddindən soruşurlar ki, Molla, qış üçün sən nə hazırlamısan? O da cavab verir ki, yaxşıca üşümək, bir də titrəmək...

Qışda əhalinin ən çox ehtiyacı olan, təbii ki, istilikdir. Lakin istiliyin verilməsinə cavabdeh olan “Azəristiliktəchizat” ASC abonentlərinə digər qurumlar kimi heç ümid də vermir. Bir neçə həftədir qurumun mətbuat xidmətinə məlumat almaq üçün müraciət etsək də, məlum oldu ki, hələ qışa hazırlıqla bağlı görülən işlərin hesabatı hazır deyil. “Azəristiliktəchizat”in qışa hazırlığı da hesabatı kimi olsa, Molla Nəsrəddinin sözü olmasın, bu il bizi bolluca titrəmək və üşümək gözləyir...

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm