“Məzun evi” yaxın vaxtlarda istifadəyə veriləcək – RƏSMİ
Bizi izləyin

Qırmızı.az

“Məzun evi” yaxın vaxtlarda istifadəyə veriləcək – RƏSMİ

Yaxın vaxtlarda "Məzun evi" istifadəyə veriləcək.

Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verilib.

Bildirib ki, nazirliyin Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün yaradılmış "Məzun evi"ndə hazırda ƏƏSMN tərəfindən ümumi təsərrüfat sisteminin idarə olunması və dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının binaya köçürülməsi üçün hazırlıq işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra yaxın vaxtlarda "Məzun evi" Sosial Müəssisəsinin istifadəyə verilməsi təmin olunacaq.

E. Babayevin sözlərinə görə, "Məzun evi"nə qəbul Təhsil Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə hər tədris ilinin sonunda ƏƏSMN-ə təqdim olunan siyahı əsasında həmin məzunların öz istəkləri nəzərə alınmaqla qəbul ediləcəklər. “Məzun evi” bütün valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları əhatə edəcək:

“Dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş hər bir məzununa müvafiq qanunvericilikdə nəzərdə tutulan şərtlər əsasında yaşayış sahəsinin verilməsi nəzərdə tutulub. Qeyd olunan siyahıdakı məzunlardan müəssisəyə qəbul üçün aşağıdakı sənədlər tələb olunacaq: şəxsiyyəti təsdiq edən sənədin surəti; dövlət uşaq müəssisəsi tərəfindən verilmiş arayış (dövlət uşaq müəssisəsini tərk etməsi və valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması, yaşayış sahəsinin olmaması barədə məlumat); sağlamlıq haqqında tibbi arayış (yoluxucu xəstəliklərin daşıyıcısı olub-olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə)”.

Dövlət Sosial Təminat Xidməti tərəfindən sənədlərə 10 iş günü müddətində baxılaraq, məzunlara müəssisədə yaşayış sahəsinin verilməsi və ya yaşayış sahəsinin verilməsindən imtina edilməsi barədə qərar qəbul ediləcək. Həmin sənədlər tam təqdim edilmədikdə məzun məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdud və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, məzun sənədlərə baxılanadək müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, ətrafdakılara təhlükə yaradan yoluxucu xəstəliklərin daşıyıcısı olduqda ona müəssisədə yaşayış sahəsi verilməsindən imtina edilməsi barədə qərar qəbul ediləcək.

Məzuna Müəssisədə yaşayış sahəsinin verilməsi haqqında qərar qəbul edildikdə, Dövlət Sosial Təminat Xidməti ilə onun arasında müddət göstərilmədən yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılacaq. Müəssisədə hər bir mənzil bir məzun üçün nəzərdə tutulub və məzunun əvəzsiz istifadəyə götürdüyü yaşayış sahəsini dəyişmək, özgəninkiləşdirmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüququ yoxdur.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Abşeron rayonunun Masazır qəsəbəsində dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının yerləşdirilməsi məqsədilə 120 mənzilli yaşayış binası inşa edilib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" Sosial Müəssisəsi yaradılıb. Habelə Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli qərarı ilə "Məzun evi" Sosial Müəssisəsinin Nizamnaməsi təsdiq edilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm