Türk dünyasının alimləri İqtisad Universitetində
Bizi izləyin

Qırmızı.az

Türk dünyasının alimləri İqtisad Universitetində

Bu gündən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) XIII Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresi öz işinə başlayıb.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov qloballaşan dünyamızda baş verən proseslər kontekstində türk dünyası alimlərinin bir araya gələrək elmi problemlər üzərində fikir mübadiləsi etməsinin mühüm əhəmiyyəti olduğunu vurğulayıb. Belə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

“Təsadüfi deyildir ki, ölkə başçısı İlham Əliyev ikinci dəfə prezident seçiləndən sonra imzaladığı ilk sənəd Azərbaycan Respublikasında ali təhsilin inkişafına dair dövlət strategiyası olub. Bu da o deməkdir ki, ölkə başçısı qara qızılın insan kapitalına çevrilməsini öz siyasətinin ən vacib hissəsi sayır və bununla bağlı təhsil ictimaiyyəti qarşısında çox ciddi tələblər irəli sürüb. UNEC bu tələblərin icra edilməsi baxımından öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmək üçün əlindən gələni etməyə hazırdır”.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev təhsil naziri Mikayıl Cabbarovun konqres iştirakçılarına ünvanladığı müraciətini səsləndirib. Müraciətdə bildirilib ki, müasir dünyada siyasi, iqtisadi və informasiya sahələrində rəqabətin gücləndiyi, təbii resursların kəskin azaldığı və ekoloji balansın pozulduğu bir dövrdə elm və təhsilin rolu surətlə artmaqdadır. Qlobal problemlərin xarakterinin dəyişməsi onların həllində kollektiv intellektə və ortaq səylərə əsaslanmağı gündəmə gətirmişdir. Hazırda dünyada müxtəlif region dövlətlərinin qarşısında duran çağırışlar, sülhün və sabitliyin bərqərar olunması ciddi ekspert təhlilləri və inkisaf yollarının axtarışını tələb edir. Bu baxımdan Beynəlxalq Türk Dünyası ictimai Elmlər Konqresinin fəaliyyati xüsusi əhəmiyyət kəsb edir.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun çıxışında Azərbaycan -Türkiyə münasibətlərinə diqqət çəkərək, bildirib ki, Azərbaycanın on minə yaxın tələbəsi Türkiyədə ali təhsil alır. Azərbaycanda isə minlərlə Türkiyə vətəndaşı təhsil alır. Türkiyənin 2600-ə qədər şirkəti Azərbaycanda, minə yaxın Azərbaycan şirkəti isə Türkiyədə fəaliyyət göstərir. Bir sözlə, hələ müstəqilliyinin 30-cu ilini qeyd etməyən Azərbaycan yaxın zamanlarda Türkiyəyə ən çox investesiya yatıran ölkə olmağa namizdəddir.

Türk Dünyası Araşdırmalar Vəqfinin prezidenti Közhan Yazgan Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Təhsil üzrə ekspert, professor, əməkdar elm xadimi Şahlar Əsgərov “İnkişafın zəruri və kafi şərti: İnkişaf etməkdə olan ölkələr” mövzusunda məruzə ilə çıxış edib.

XIII Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresində dünyanın 12 ölkəsindən 250-ə yaxın elm adamı, həmçinin 10-a yaxın xarici universitet rektoru iştirak edir. İctimai elmlər sahəsində özünəməxsus yeri olan ənənəvi tədbirdə 236 elmi işin məruzəsi və müzakirəsi baş tutacaq.

XIII Türk Dünyası İctimai Elmlər Konqresi oktyabrın 30-da başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm