• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanda siqaret və spirtli içkilər kartla satılacaq

Azərbaycanda siqaret və spirtli içkilər kartla satılacaq

Azərbaycanda alkoqollu içkilərin və siqaretlərin nağd pulla satışı qadağan ediləcək.

Publika.az Fins.az-a istinadən xəbər verir ki, bu, İnzibati Xətalar və Cinayət Məcəllələrinə ediləcək dəyişikliklərdə nəzərdə tutulur. Həmin dəyişikliklərə görə, siqaret və alkoqollu içkilərin nağd satışına görə cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur.

Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alqı-satqısına görə cərimə tətbiq olunacaq. Həmin maddəyə 229.2 hissəsi əlavə ediləcək. Həmin hissəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə 100 manat cərimə nəzərdə tutulub. Burada «az miqdarda» dedikdə 50 manatlıq məbləğ nəzərdə tutulur.

Başqa sözlə, ümumi məbləği 50 manata çatan alkoqollu içkilərin həm içmək, həm də alıb-satmaq məqsədilə satılması üçün 100 manat cərimə nəzərdə tutulub. Siqaretlərin isə pərakəndə satışı nağd yolla mümkündür, amma yalnız çəkmək üçün. Amma əgər siqaret sonradan satılmaq məqsədilə satılırsa, onun pulu yalnız kartla və ya bank köçürməsi ilə ödənilməlidir. Əks halda, 100 manat cərimə nəzərdə tutulur.

Kartsız satışa görə 2 illik həbs

Amma bu hələ yüngül cəzadır. Paralel olaraq Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə görə, nağd yolla alınıb-satılan aksiz markalı mallar xeyli miqdardadırsa, yəni onların məbləği 50-500 manat arasındadırsa, min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Əgər belə hal daha böyük məbləğdə baş verərsə, yəni 500 manatdan artıq məbləğdə alkoqollu içki və ya siqaret alınıb-satılsa, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Restoranda da kartla ödəniş lazım olacaq

İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən dəyişikliklər araq və digər spirtli içkilərlə yanaşı, pivə satışına da aiddir. Yəni bundan sonra pivə satışı da yalnız plastik kartla və bank ödənişləri ilə həyata keçiriləcək. Başqa sözlə, yay mövsümü üçün ənənəvi olan «pivə məclisləri» təşkil etmək üçün iştirakçılardan azı birinin plastik kartı və bu kartda lazımi məbləğ olmalıdır.

Amma məsələ bununla bitmir. Yeni dəyişikliklər qüvvəyə mindikdən sonra nəinki mağazadan, hətta restoranda araq almaq istəyənlər də onun pulunu kartla ödəməli olacaqlar. Belə ki, restoranda yeməklərin pulunun nağd ödənilməsinə icazə olsa da, araq və ya digər alkoqollu içkilər sifariş edərkən onun pulu yalnız kartla ödənilməlidir. Yəni restoranda «boğazlarını yaşlamaq» istəyənlər də bura kartla gəlməli olacaqlar.

Vergidən yayınmalar azalacaq

Qeyd edək ki, alkoqollu içkilərin və siqaretlərin satışı indiyədək vergidən yayınma hallarının ən çox baş verdiyi sahələr sayılırdı. Özü də bu sahədə əsas problemlərdən biri pərakəndə yox, topdansatış məntəqələri ilə bağlıdır. Belə ki, indiyədək mağaza sahiblərinin böyük hissəsi topdansatış məntəqələrində aldıqları araq-siqaret məhsullarına görə qaimə-faktura ala bilmirdilər. Bu isə nəinki həm topdansatış məntəqələrinin vergidən yayınmasına imkan verirdi, həm də pərakəndə satış məntəqələrinin vergidən yayınmasına şərait yaradır və ya onların işində problemlərə səbəb olurdu. Qanunlara ediləcək son dəyişikliklər isə bu halların qarşısını almalıdır.

Araq satmaq üçün POS-terminal lazım olacaq

Alkoqollu içkilərin və siqaretlərin satışında tətbiq olunacaq yenilik başqa bir dəyişikliyə də səbəb olacaq. Belə ki, bunların satışı üçün plastik kart tələb olunduğuna görə bu məhsulların satış nöqtələrinin hamısında POS-terminallar quraşdırılmalıdır. Əks halda, bu obyektlərdə alkoqollu içki və tütün məmulatlarının satışı, ümumiyyətlə, mümkün olmayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR