Yüksək maaş, ədalətli yanaşma - imtahandan gözləntilər… REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Yüksək maaş, ədalətli yanaşma - imtahandan gözləntilər… REPORTAJ

“Siz də imtahana gəlmisiz?”. ““Narxozun” binası buradır?” - bu gün bir çox müəllim bu suallarla Azərbaycan Dövlət İqtisad Universitetinin binasının başına fırlandı. Elə bizim kimi. Nəhayət, doğru qapını tapa bildik.

Amma imtahan binası qarşısında adət etdiyimiz qələbəlik yoxdur. Deyəsən, havanın soyuq və yağmurlu olması qohumluq və sevdiklərinin yanında olmaq hissini “dondurmuşdu”. Bizim isə bu havada küçədə işləməyimiz üçün səbəb var idi: bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanı keçirilirdi.

Binanın bir neçə giriş qapısının olması imtahana gələnlərin həyəcanına həyəcan qatmışdı. Axtarışdan sonra doğru qapını tapanlar bizim qədər sevincli deyil. Axı imtahana gəliblər. İllərin müəllimi olsalar da, zarafat deyil, imtahandır. Özü də elə imtahan ki, birbaşa maddi duruma təsir edəcək. Əlbəttə, hər fəndən minimum 10% doğru cavab verənlərin. Bu tələbə narazı olanlar da vardı. Onlar barədə daha sonra.

Binanın qarşısında imtahana girməyə hazırlaşan, lakin adını açıqlamaq istəməyən, Səbail rayon məktəblərinin birinin müəllimi 30 illik iş təcrübəsindən sonra təkrar imtahan olunmasından narazı idi. Bundan əvvəlki imtahanda iştirak etsə də, nəticəsi yaxşı olmadığından, təkrar imtahana gəlməli olub.

“Deyirlər, imtahan maaşımıza təsir edəcək. Nə deyək, təki olsun. 30 illik təcrübəm var, biliyimi qiymətləndirmək üçün imtahana nə ehtiyac? Bizim kimi müəllimlərə güzəşt etsələr, yaxşı olardı”, - deyə fikirlərini bizimlə bölüşüb imtahana gedir...

Adını açıqlamasa da, müəlliməyə uğurlar arzulayıb yola salırıq. Artıq imtahan suallarını bitirib çıxanlar da var. Aralarında isə bu imtahanın müəllimlərin məsuliyyətini artırdığını düşünənlər də var, əhəmiyyətsiz hesab edən də...

Nazirlikdən gözləntilər…

İmtahanda iştirak edənlərin heç də hamısı prosesdən razı deyildi. Qiymətləndirmənin maaşlara təsirindən, suallardan narazı olanlar da vardı. İxtisas fənlərindən sualları çox asan hesab etsələr də, metodikada çətinlik çəkdiklərini dilə gətirdilər.

132-134 saylı təhsil kompleksinin tarix müəllimi Pərvanə Xəlilova imtahanın istər sualların qoyuluşu, istərsə də şərait baxımdan çox rahat olduğunu deyir. Həm öz fənni, həm də metodikadan suallara yaxşı cavab verdiyini deyən müəllimə, maaş məsələsində köklü dəyişikliklər gözlədiyini də əlavə etdi:

“Dərs saatı bölgüsündə bu imtahanda yüksək nəticə göstərənlərin nəzərə alınması ilə bağlı nazirlikdən göstəriş var idi. Lakin bəzi məktəblərdə şagirdlərin sayından asılı olaraq bu fərqi hiss etməyə bilərlər. Amma istənilən halda bu imtahandan sonra maaşda fərq olacaq. Attestasiyadan sonra köklü dəyişiklik gözləyirik. Bu imtahan bizi attestasiya imtahanlarına hazırlayacaq. Maaşda əsas artımı ondan sonra gözləyirik. Maaşın artması müəllimləri stimullaşdıran addımdır. Gələcəkdə müəllimlərin stimullaşdırılması üçün nazirlikdən başqa addımlar da gözləyirik”.

Bu il imtahanla işə qəbul olan 122 nömrəli məktəbin tarix müəllimi Məryəm Xanzadə belə imtahanların savadlı ilə savadsız arasında fərqi ortaya çıxaracağını deyir.

“Bu il imtahan verənlər üçün suallar çox asan idi. Demək olar ki, sualların çoxu işə qəbul imtahanındakı suallarla eyni idi. Ona görə çətin olmadı”.

İxtisas fənnindən olan suallara yaxşı cavab verən 149 saylı məktəbin müəlliməsi Pərvin Gülməmmədova metodikada bir az çətinlik çəkib.

“Nə qədər çətin olsa da, problem deyil. Onsuz da imtahan verməyə öyrəşmişik. Əsas odur ki, maaşımıza təsir edəcək. İndi 200 manat maaş alıram, bu imtahandan sonra 60 manata qədər artım olacaq. Yəqin attestasiyadan sonra daha çox olar, ən azı belə gözləyirik”.

Sabunçu 309 saylı məktəbin müəlliməsi Xəyalə Abbasova imtahan prosesindən razı olsa da, sonrakı maaş məsələsində təklifləri var.

“İxtisasdan hamısını yazdım, kurrikulumdan olan suallarda tərəddüdüm var. Nəzəriyyəsini yeni öyrəndiyimdən, tətbiq edə bilməmişəm. Çətinlik çəkməyimi bununla əlaqələndirirəm. Amma hər bölmədən 10%-i keçmək tələb olunur. Amma biri 70% doğru yazır, 10% yazanla onun maaşı arasında fərq olmalıdır. Belə bir fərqin olmaması absurddur, bu vaxta qədər bu fərq nəzərə alınmayıb. Yəqin bütün respublikada proses başa çatandan sonra nəzərə alarlar”.

Cavabları bəxtə-bəxt yazdım

“Tarix asan, kurrikulum çətin oldu” deyən 246 saylı məktəbin tarix müəlliməsi Sevil Möhsümova çətinliyin səbəbini kurrikulum kurslarında olmaması ilə əlaqələndirir.

“Əslində mən kurrikulumun tərəfdarı deyiləm. Kurrikulumdan sualların cavabını bəxtə-bəxt yazdım. Metodikada sualların yarısının doğru olacağını gözləyirəm. İnanıram ki, 30%-lik artıma düşəcəm. Müəllim ən kasıb təbəqədir ki, biz də artım gözləyirik. Amma 20 sualla 50 suala cavab verən arasında fərq qoyulmaması ədalətsizlikdir. Bizdə keçən dəfə elə müəllim olmuşdu ki, bütün suallara düzgün cavab vermişdi, amma az cavab verənlə eyni maaşı aldı. Bu düzgün deyil”.

İmtahandan əsəbi halda çıxan 46 saylı məktəbin müəlliməsi Kəmalə Cəfərova təşkilatçılıqdan şikayətləndi. Telefonla danışıb əsəblərini sakitləşdirə bilməyən Kəmalə xanım, narazılığını bizimlə də bölüşdü. Şikayətində haqlı olduğunu deyən müəllimə bunun imtahandakı nəticəsinə mənfi təsir etdiyini dedi:

“Rus dili bölməsində Azərbaycan dilindən dərs keçirəm. İmtahanda metodik sualları mənə rus dilində təqdim etdilər. Halbuki mən həmin metodika kursunu Azərbaycan dilində keçmişəm. Buna etiraz edəndə qəbul etmək istəmədilər, buna görə narazılıq yarandı. Axı mən rus bölməsində dərs keçsəm də, jurnalı belə Azərbaycan dilində yazıram, dərsdə Azərbaycan dilində danışıram. Mübahisədən sonra sualları dəyişdilər. Suallar və digər təşkilatçılıq məsələləri yaxşı idi”.

Müəllimlərlə söhbətimiz burada yekunlaşdı. Biz müəllimlərə uğurlar arzulayıb onlardan ayrıldıq. Amma imtahanlar davam edir.

Qeyd edək ki, oktyabrın 29-dan 31-dək davam edən diaqnostik qiymətləndirilməyə əvvəllər sınaq imtahanlarında iştirak etməyən və iştirak edib aşağı bal toplayan, eləcə də Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər qatılır. Ümumilikdə, qiymətləndirilmədə 2403 nəfər müəllimin iştirak etməsi nəzərdə tutulub. İştirakçıların 2003 nəfəri Azərbaycan, 400 nəfəri rus bölməsində tədris aparan müəllimlərdir.

Kompüter vasitəsilə təşkil olunan imtahanlar zamanı müəllimlərə ixtisasları üzrə 40, təlim strategiyaları və kurikulum üzrə 20 test sualı təqdim olunur. Xatırladaq ki, hər iki blok (ixtisas, metodika) üzrə sualların ən azı 10 faizinə cavab vermiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş hesab olunacaqlar.

İmtahan iştirakçılarından ibtidai sinif (860 nəfər), riyaziyyat (194 nəfər), Azərbaycan dili (181 nəfər), tarix (124 nəfər) müəllimləri sayca üstünlük təşkil edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm