• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Aparıcı necə geyinməlidir və ya peşəkarlar təzələri niyə bəyənmir?

Aparıcı necə geyinməlidir və ya peşəkarlar təzələri niyə bəyənmir?

Geyim zövqün, mədəniyyətin əsəridir, yoxsa dövrün tələbidir? Düşünürəm ki, yaraşanı geyinmək, ya da tələb olunanı yaraşdırmaq insanın öz öhdəsinə düşür. Bəzən zövqün dövrün tələbinə uymur, bəzən isə tələb olunan zövqünə cavab vermir. Əsas odur ki, zövqün istəyənə cibin cavab versin... Sözüm geyim üçün xərclənən pullarda deyil. Gözüm gözümüzü “bəzəyən” televiziya aparıcılarındadır. Elə sözüm də onlardandır.
Televiziya sadəcə informasiya vasitəsi deyil, həm də mədəniyyət məkanı kimi fərdlərin düşüncə və həyat tərzinə təsir etməkdədir. Televiziya proqramının formatı, mövzusu qədər verilişin aparıcısının da davranışı, geyimi önəm daşıyır.

Amma təəssüf ki, bizdə belə deyil. Hətta son vaxtlar tv-lərimiz zövqləri korlamaqda sanki yarışa giriblər. Bunu isə nəinki verilişlərinin bayağılığı, səviyyəsizliyi, həm də aparıcıların savadsızlığı, səriştəsizliyi ilə də edirlər. Bizsə bu yazımızda televiziya aparıcılarının davranışı və geyimi üzərində dayanacağıq.

Beləliklə, aparıcıların davranışı və geyimi necə olmalıdır?

Tanınmış diktor Natavan Hacıyeva Publika.az-a televiziya işində peşəkar rəhbər və kadrlardan yararlanmağın zəruri olduğunu deyir. O, indiki aparıcıların geyim və davranışlarından narazıdır: “Mən indiki aparıcıların çoxunun geyimi ilə razı deyiləm. Hər verilişin öz geyimi var. Xəbərləri qırmızı geyimdə oxumaq düzgün deyil. Xəbər buraxılışlarının aparıcılarının saç düzümü də gərək çox dəbdəbəli olmasın. Belə olanda tamaşaçı sənin dediyinə yox, geyiminə baxır” .

Təcrübəli diktor deyir ki, indiki aparıcılar sponsor hesabına geyindikləri üçün işləri çox asandır. Amma bu geyimləri seçməkdə də peşəkarlıq tələb olunur. Aparıcının geyim və davranışı proqramın mövzusuna uyğun seçilməlidir.

“Novruz bayramı idi. Özüm üçün kimano paltar tikdirmişdim, amma Nəbi Xəzri məni o paltarla efirə buraxmadı. Evə gedib uzunqol paltar geyindim, 10 dəqiqə qalmış gəlib verilişimi apardım. Onun vaxtında nəzarət çox güclü idi”, - deyən Natavan xanım, o dövrdə rəhbərliyin nəzarəti ilə yanaşı, işcilərin də öz məsuliyyətlərini dərk etdiklərini qeyd edib.

Diktor, xalq artisti Ofeliya Sənani isə televiziya işçilərinə çox sıxmamaq şərtilə müəyyən qədər nəzarətin vacib olduğunu deyir: “Səhnədə nə istəyirlər, geyinsinlər, amma mavi ekranın arxasından açıq geyimdə veriliş aparmaq olmaz”.

Ofeliya xanım Azərbaycan televiziya məkanında bəyəndiyi aparıcıların da olduğunu gizlətməyib. Süni kiprik qoyan aparıcılar isə onun tənqidinə tuş gəlib.

Media eksperti Qulu Məhərrəmli də o fikirdədir ki, hər bir aparıcı verilişin xarakterinə uyğun geyinməlidir: “Bu, dünyada qəbul olunmuş qaydadır ki, xəbər aparıcısının geyimi şou-proqram aparıcısının geyimindən fərqli olur. Şou-proqramın aparıcısının geyim və davranışında bir qədər sərbəstlik olmalıdır. Xəbər aparıcısına isə uzun sırğalardan istifadə etmək, diqqəti cəlb edən saç düzümü ilə efirə çıxmaq olmaz”.

Ekspert deyir ki, bəzən xəbər aparıcıları bu qaydaları pozsalar da, son dövrlər kifayət qədər zövqlü və ciddi geyinənlər də var.

Q.Məhərrəmlinin fikrincə, hava proqnozunu çatdıranlar ciddi kateqoriyaya aid olmadıqlarından, dünyada bu bölümdən reklam vasitəsi kimi istifadə edilir.

Psixoloq Dəyanət Rzayev isə deyir ki, insanın geyim tərzi, paltarının rəngi, makiyajı həm də psixoloji təsir gücünə malikdir: “Hər rəng, hər geyim müəyyən dərəcədə izləyiciyə informasiya ötürür. İzləyici isə mənfi və müsbət olmasından asılı olmayaraq, bu informasiyanı qəbul edir. Ona görə də aparıcılar geyim tərzindən rənginə qədər hər şeyə xüsusi diqqət yetirməlidirlər”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov aparıcıların geyiminə qarışmaq kimi səlahiyyətlərinin olmadığını, lakin bununla bağlı telekanallara müəyyən dərəcədə tövsiyələr edildiyini bildirdi.

Beləcə, peşəkarlar aparıcıları dəyərləndirdi. İstəyimiz odur ki, televiziyalarımızda hər zaman səviyyəli, baxımlı proqramlar, bu proqramları aparacaq peşəkar aparıcılar olsun.

Rübabə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR