Gəlinin səfər sevdası qayınananı qalmaqala saldı - ŞİKAYƏT
Bizi izləyin

Qırmızı.az

Gəlinin səfər sevdası qayınananı qalmaqala saldı - ŞİKAYƏT

Bakıda qohum ailələr arasında hər kəsi maraqlandıracaq mövzuda qarşıdurma yaranıb. Problemi ictimailəşdirmək, daha dəqiqi, çoxlarının qarşılaşdığı xoşagəlməz hala diqqət çəkmək üçün bu sahədə maariflənməyə ehtiyac hiss etdiyimizdən, Publika.az-ın redaksiyasına daxil olan şikayətlə bağlı araşdırmamızı təqdim edirik.

Şikayətdən bəlli olur ki, hər şey Bakı şəhəri, Mirəli Qaşqay küçəsində yaşayan Nərmin Talıbovanın oktyabrın 24-də saat 14 radələrində Cəlil Məmmədquluzadə 56 ünvanında yerləşən “SAR” Turizm Agentliyinə müraciət edərək xaricə səfər üçün bilet almasından sonra başlayıb...

Nərmin Talıbova şirkətə müəyyən məbləğdə pul ödəyib. Lakin sonradan bir sıra səbəblər üzündən İstanbula səfərini təxirə salmağa məcbur olub. Onun şirkətin xidmətindən imtina etdiyini bildirməsi ilə bir sıra problemlər yaranıb.

Nərmin Talıbovanın qayınanası Cəmalə İbrahimova bildirir ki, gəlini bilet sifariş verən gün o, bağ evində olub: “Biz onları Türkiyəyə göndərməyi planlaşdırırdıq. Lakin evdə pul az olub. Nərmin isə tələsik iş görüb. Bileti noyabrın 1-nə sifariş verib və 665 manat ödəyib. Lakin həmin gün onları yola salmağımız heç cür alınmır. Həm maddi, həm də digər səbəblər üzündən. Uşaqlara mən baxıram...”

Onun sözlərinə görə, bu səbəbdən də oktyabrın 25-də turizm agentliyinin rəhbərinə müraciət edib: “Sevda xamıma zəng edərək səfərin təxirə salındığını xəbər verdim. Bazar günü olduğundan, Sevda xanım agentliyə bazar ertəsi günü müraciət etməyimi xahiş etdi. Ayın 26-da agentliyə getdim. Lakin mənə bildirdi ki, ödənilmiş məbləğin hamısının geri qaytarılması mümkün deyil.

Əvvəlcə telefonda dedi ki, 291 manat pul tutulacaq. Sonra isə dedi ki, biletlərin məbləğinin yarısı tutulacaq, qanun belədir. Bu isə mənimçün böyük məbləğdir”.

“SAR” Turizm Agentliyinin rəhbəri Sevda Talıbova isə Publika.aza bildirdi ki, Nərmin Talıbova onlara bilet sifariş verdikdə, o, müştəridən İstanbula səfərlərinin dəqiq olub-olmadığını soruşub: “Çünki biletlər sonradan geri qaytarılanda əvvəlcə ödənilən məbləğdən cərimələr tutulur. Nərmin dedi ki, mən Türkiyəyə gedəcəyimə qəti əminəm. O, bizə 665 manat pul ödədi. Mən onun bir manat pulunu da mənimsəməmişəm”.

Bu arada, məlum oldu ki, tərəflər yaxın qohumdurlar: “Bilirsiniz, Nərmin Talıbova mənim əmim oğlunun qızıdır. Qayınanası onu məcbur edir ki, belə hərəkət etsin. Bunu da yaxşı bilirəm. Əvvəlcə gəlininə deyirsən, get, bilet al, sonra gəlib deyirsən ki, Nərmin icazəsiz bilet alıb. Axı icazəsiz o qədər pulu evdən necə götürmək olar? Bundan sonra deyir ki, “yox, pulu özüm vermişəm, lakin indi istəmirəm Türkiyəyə getsinlər. Onlar məni aldadırdılar”. Cavab verdim ki, bu, sizin ailədaxili probleminizdir. Mənə o məsələnin nə aidiyyəti var?

Onun qayınanası zəng etdi ki, pulumuzu qaytarın, səfər alınmadı. Nərminin qayınanasına izah etdim ki, pulun hamısını qaytara bilmərik. Çünki biz AZAL-a bilet sifariş vermişik. Artıq bilet yazılıb. Buna görə cərimə tutub qalan məbləği geri qaytaracağıq. İki bilet üçün 88 manat - cəmı 176 manat edir. Biz onlara 489 manat qaytaracağıq”.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski isə deyir ki, hər hansı şirkətə bilet sifariş verdikdə şərtlərlə tanış olmaq lazımdır: “Hər bir alıcı həm internetdə sifariş verərəkən, həm də şirkətdən bilet alarkən şərtlərlə tanış ola bilər. Bu, tarifdən asılıdır. Elə tarif var ki, oradan bileti qaytarmaq olmaz. Elə tarif də var ki, bileti geri qaytarmaq və dəyişmək mümkündür. Amma belə olduqda, cərimə tutulur. Əsas məsələ ondan ibarətdir ki, bilet alan sərnişin gərək şərtlərlə maraqlansın, tanış olsun”.

Bu gün redaksiyamızla əlaqə saxlayan Cəmalə İbrahimova bildirdi ki, artıq problem həll edilib: “Hər biletə görə 88 manat, ümumilikdə, 176 manat pul tutulub. Pulun 479 manatını isə bizə qaytardılar. Buna görə sizə təşəkkürümü bildirirəm. Çünki mənə 291 manat cərimə ediləcəyimi demişdilər. Bir daha sizə minnətdaram”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm