“600-ə yaxın vətəndaşın təhsil haqqının ödənməsinə təxminən 1,2 milyon manat sərf ediləcək”
Bizi izləyin

Qırmızı.az

“600-ə yaxın vətəndaşın təhsil haqqının ödənməsinə təxminən 1,2 milyon manat sərf ediləcək”

Azərbaycanda sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsini, həmçinin müharibə əlillərinə və veteranlarına dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasını nəzərdə tutan 17 və 18 mart 2014-cü il tarixlərində 4 Fərman və 1 Sərəncam imzalanıb.

Publika.Az-ın məlumatına görə, bununla əlaqədar martın 18-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransı keçirib.

Əhaliyə, xüsusən sosial cəhətdən həssas qruplardan olan əlillərə, müharibə veteranlarına Azərbaycan Prezidenti tərəfindən diqqət və qayğının daim artmaqda olduğunu, bununla bağlı sistemli və ardıcıl tədbirlər görüldüyünü vurğulayan S.Müslümov martın 17-də möhtərəm dövlət başçısının imzaladığı Fərmanların bu istiqamətdə növbəti mühüm addım olduğunu bildirib:

“Bu sənədlər bir daha təsdiq edir ki, hər bir vətəndaşın, o cümlədən əlilliyi olan şəxslərin, müharibə veteranlarının rifah halının yaxşılaşdırılması möhtərəm Prezidentimizin diqqət mərkəzindədir. Bu fərmanların hər birinin öz təyinatı var, onların hər biri mühüm sosial əhəmiyyət kəsb edir və sosial müdafiə sahəsində növbəti irəliləyişi təmin edir”.

S.Müslümov bildirib ki, dövlət başçısının nazirlik qarşısında müəyyən etdiyi vəzifələrdən biri də Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin problemlərinin araşdırılması və bu problemlərin aradan qaldırılması üçün müvafiq təkliflərin hazırlanaraq təqdim edilməsi olub:

“Biz bu tapşırığa əsasən, müvafiq işlərin aparılmasına başladıq. Sosial cəhətdən həssas əhali qrupları, həmçinin əlillər, müharibə veteranları ilə bağlı bir sıra ictimai təşkilatların nümayəndələri, eləcə də həmin təbəqələrdən olan insanlarla görüşdük. Onların rəy və təkliflərini dinlədik, mövcud problemlərin həlli yollarını birgə müzakirə etdik. Beləliklə, nəticə olaraq ümumi yanaşmalardan irəli gələn konkret təkliflər əsasında fərman layihələrinin sənədlərini hazırlayaraq möhtərəm Prezidentimizə təqdim etdik”. S.Müslümov əlavə edib ki, təqdim olunan layihə sənədləri ölkə rəhbəri tərəfindən müsbət qarşılanaraq 17 və 18 mart 2014-cü il tarixlərində ayrı-ayrılıqda 4 Fərman və 1 Sərəncam imzalayıb.

Həmin sənədlərdən biri olan “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərman ilk növbədə ölkədə mövcud olan Prezident təqaüdləri sistemində yeni bir təqaüd növünün yaranması baxımından mühüm önəm kəsb edir. “Çünki həmin I qrup əlil insanlar yalnız sosial müavinətə ümidli olan, işləmək qabiliyyətini tamamilə itirmiş, əmək pensiyası almaq hüququ da olmayan şəxslərdir. Ona görə də möhtərəm dövlət başçımız belə vətəndaşlara əlavə olaraq Prezident təqaüdünün təsis edilməsi barədə Fərman imzaladı”.

Nazir vurğulayıb ki, Fərmana əsasən, aprel ayının 1-dən etibarən ümumi xəstəlik səbəbindən, habelə hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I qrup əlilliyə görə sosial müavinət alan şəxslərə, yəni respublika üzrə ümumilikdə 14620 nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olaraq ödənilməsinə başlanacaq. Bu tədbir əmək pensiyası almaq hüququ olmayan və yalnız sosial müavinət alan I qrup əlillərə şamil olunur. Beləliklə, həmin insanlar sosial müavinət olaraq hər ay aldıqları 67 manat məbləğində vəsaitlə birgə 60 manat məbləğində Prezident təqaüdü də alacaqlar. “Ümumilikdə bu vəsait 127 manat olmaqla 125 manat səviyyəsində olan yaşayış minimumunu üstələyəcəkdir. Bu artımlara il ərzində 10,5 milyon manat xərclənəcək”.

S.Müslümov “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 17 mart 2014-cü il tarixli Fərmanının ümumilikdə 11821 nəfərə şamil olunacağını bildirib. “Fərmana əsasən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara təyin olunan Prezident təqaüdlərinin məbləği bu təbəqələrdən olan I qrup əlillər (871 nəfər) üçün 110 manatdan 150 manata, II qrup əlillər (8905 nəfər) üçün 85 manatdan 130 manata və III qrup əlillər (2045 nəfər) üçün 60 manatdan 100 manata çatdırılır. Bununla da həmin insanlara cari il aprelin 1-dən ödənilən Prezident təqaüdlərinin məbləği 20 Yanvar əlillərinə ödənilən Prezident təqaüdlərinin məbləğləri ilə bərabərləşdirilir. Bu artımların təmin olunmasına dövlət büdcəsindən bir il üçün 6,2 milyon manat vəsait yönəldiləcək”.

17 mart 2014-cü il tarixli “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman barədə söz açan S. Müslümov əmək pensiyası almaq hüququ olmayan müharibə veteranlarına güzəştlərin əvəzində aylıq olaraq ödənilən 37 manat məbləğində kompensasiyanın bu Fərmana əsasən, 37 manatdan cari il aprelin əvvəlindən 45 manata çatdırıldığını qeyd edib. Sənədin ümumilikdə 53545 nəfərə şamil olunacağını qeyd edən nazir onlardan 50077 nəfərinin ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı adı almış şəxslər olduğunu, bu artımlar üçün bir il ərzində 5,2 milyon manat yönəldiləcəyini bildirib.

S.Müslümov nəzərə çatdırıb ki, bu gün cənab Prezident Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” müvafiq Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Sərəncamın şamil olunacağı 600-ə yaxın təhsil alan vətəndaşın təhsil haqqının ödənməsi üçün 1 ildə təxminən 1,2 milyon manat vəsait sərf ediləcək.

Nazir vurğulayıb ki, bütün bunlar təbii ki, cənab Prezidentin sosial cəhətdən həssas əhali qruplarının dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması sisteminin gücləndirilməsinə xüsusi diqqət yetirməsinin nümunəsidir: “Qeyd edilən Fərmanlar ölkə üzrə ümumilikdə 80 min nəfərdən artıq insanı əhatə edəcək və həmin əhali kontingentinin rifahında müsbət dəyişikliklər yaradacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cənab Prezidentin əlillərə və müharibə veteranlarına növbəti qayğıkeşliyinin təzahürü olan bu Fərmanların icrasını vaxtında və yüksək səviyyədə təmin edəcəkdir ”.

S.Müslümov Qarabağ əlilləri və şəhid ailələrinin mənzillə təminatının da dövlət başcısının diqqətində olduğunu vurğulayıb: “Bununla əlaqədar şəhər yerlərində müxtəlif şirkətlər tərəfindən inşa olunan yaşayış binalarından bu təbəqələrdən olan və mənzil növbəsində dayanan şəxslər üçün mənzillərin alınması, kənd rayonlarında yaşayan belə şəxslər üçün isə fərdi evlərin inşa etdirilməsi imkanları hazırda diqqətlə araşdırılır və bu araşdırmanın nəticələri yaxın vaxtlarda dövlət başçısına təqdim olunacaqdır”.

Tədbirdə çıxış edən Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Çernobıl Əlilləri Cəmiyətinin sədri Mirhəsən Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Füzuli Rzaquliyev əlil və şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğıdan razılıqla söz açaraq, yeni imzalanan fərmanların və sərəncamın bunun daha bir bariz ifadəsi olduğunu vurğulayıblar.

Mətbuat konfransında S.Müslümov jurnalistlərin suallarını da cavablandırıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm