Bu gün Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə
beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı
ilə keçirilən I Azərbaycan Ətraf Mühit Forumunun bəyannaməsi qəbul
olunub.
Bəyannamədə qeyd olunur: "Biz, 2014-cü il 18 mart tarixində 1-ci
Azərbaycan Ətraf Mühit Forumunda iştirak etmək üçün Bakı şəhərində
toplaşmış Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələri, dövlət
təşkilatlarının nümayəndələri və kütləvi informasiya vasitələrinin
nümayəndələri Azərbaycan Respublikasında həyata keçirilən ekoloji
siyasəti, "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasını,
Birləşmiş Millətlər Təşkilatının "Ətraf mühit və inkişaf"
konfranslarında qəbul olunan bəyannamələri, Birləşmiş Millətlər
Təşkilatının Ətraf mühit sahəsində fəaliyyət istiqamətlərini rəhbər
tutaraq, QHT-lərin şəbəkələşməsinə və ortaq layihələrin həyata
keçirilməsinə, problemlərin həlli yollarının müəyyənləşdirilməsi
proseslərinə töhfələr verməyə çalışaraq, əməkdaşlığın bütün
səviyyələrində həmrəyliyin zəruriliyini nəzərə alaraq, ətraf
mühitin mühafizəsi sahəsində göstərilən səylərin dəstəklənməsi üçün
davamlı inkişaf və ekoloji mədəniyyət, ətraf mühitin mühafizəsi
istiqamətləri, ölkədə ekoloji problemlərin həlli yolları, ekoloji
innovasiyalar və layihələr, iqlim dəyişiklərinin təsirinin
azaldılması, risklərin idarə olunması və bərpa olunan enerji
mənbələrindən istifadə, həmçinin enerji effektivliyinin
artırılması, biomüxtəlifliyin mühafizəsi, yaşıl iqtisadiyyat kimi
istiqamətlərdə qazanılmış nailiyyətlərə əsaslanmağın zəruriliyini
dərk edərək, yaranmış ekoloji problemlərin və təhlükələrin qlobal
xarakter aldığını nəzərə alaraq, onların həlli yollarının xüsusi
diqqət tələb etdiyini təsdiqləyirik.
Biz ətraf mühitin mühafizəsi sahəsində bir çox ölkələrin, o
cümlədən Azərbaycanın uğurlarını etiraf edir və dövlət siyasətinin
əsas tərkib hissəsi kimi qazanılmış təcrübənin öyrənilməsini zəruri
sayırıq, təbiətdən səmərəli istifadə mədəniyyətinin
formalaşdırılması məqsədilə ekoloji problemlərin kütləvi
informasiya vasitələrində işıqlandırılmasının vacibliyini xüsusi
qeyd edirik, davamlı inkişaf prinsiplərinin tətbiqinin zəruriliyini
vurğulayır, bütün dövlət və özəl təşkilatları ekoloji
sivilizasiyanın və ekoloji etikanın tələblərinə cavab verən
fəaliyyət və həyat tərzininformalaşdırılmasına dəvət edirik,
ekoloji vəziyyətin yaxşılaşdırılması və həyat keyfiyyətinin
yüksəldilməsi üçün birgə tərəfdaşlığın və ortaq fəaliyyət
proqramının zəruriliyini dərk edirik, ətraf mühitin mühafizəsi və
təbiətdən istifadə problemlərinin həllində inkişaf əldə etmək
məqsədilə dövlət və beynəlxalq, həmçinin müxtəlif ekoloji
təşkilatları mütəmadi olaraq forum, konfrans, aksiya, təlim,
diskussiya və "dəyirmi masa"lar keçirməyə çağırırıq, bu qəbildən
forumların hər il keçirilməsinin vacibliyini təsdiq edir,
Azərbaycan hökumətinə, Heydər Əliyev Fonduna, 1-ci Azərbaycan Ətraf
Mühit Forumunun təşkilatçılarına 18 mart tarixində ətraf mühit
sahəsində müzakirələr etmək üçün belə möhtəşəm forum təşkil
etdiklərinə görə dərin təşəkkürümüzü bildiririk".
|