Azərbaycanda dəhşətli cinayət- Arvad oğlu ilə birgə ərini öldürtdü
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda dəhşətli cinayət- Arvad oğlu ilə birgə ərini öldürtdü

Sifarişli qətllə məşğul olan dəstə üzvləri yaxalanıb

Azərbaycanda sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 11 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 11 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb.

Polis əməkdaşları ilk öncə Şəki şəhərində anadan olan 53 yaşlı Oruc Şirəliyevin 2013-cü il aprelin 13-də Rusiyanın Nijnıy Novqorod şəhərində qətlə yetirilməsi faktının üstünü açıb.

Araşdırmalarla müəyyən edilib ki, Oruc Şirəliyevin qətlini onun həyat yoldaşı 43 yaşlı Sevinc Şirəliyeva, oğlu, 21 yaşlı Bürhan Şirəliyev və ailəyə yaxın olan 33 yaşlı Vüsal Mustafayev sifariş verib. Vüsal Mustafayev istintaqa ifadəsində bildirib ki, Rusiyada bizneslə məşğul olan Oruc Şirəliyevlə uzun müddət aralarında ədavət olub. O, həm bu ədavətə son qoymaq, həm də Oruc Şirəliyevin var dövlətini ələ keçirmək üçün onu öldürmək qərarına gəlib. Vüsal Mustafayev bu məqsədlə Orucun həyat yoldaşı Sevinc və oğlu Bürhanla qabaqcadan razılıq da əldə edib. Plana əsasən Oruc Şirəliyev öldürüldükdən sonra onun varidatı aralarında bölünməli imiş. Tərəflər arasında razılıq əldə olunduqdan sonra Vüsal Mustafayev Şəki şəhər sakini, 37 yaşlı İqbal Cumayevə qətli törətmək üçün killer tapmağı tapşırıb. İqbal Cumayev isə həmyerlisi, 35 yaşlı Elçin Məmmədovu taparaq Vüsalla tanış edib.

Beləliklə, Vüsal Mustafayev Oruc Şirəliyevin qətli üçün Elçin Məmmədova 20 min dollar pul vəd edib. Amma Elçin Məmmədov ələ keçə biləcəyindən qorxaraq qətli Azərbaycanda yox, Rusiyada törədəcəyini bildirib.

Plana əsasən Oruc Şirəliyevin oğlu Bürhan Şirəliyev qabaqcadan Nijnıy Novqorod şəhərinə gedərək Elçin Məmmədovu gözləyib. Elçin Məmmədovu qarşılayan Bürhan atasının işə gəlib-getmə marşrutunu və lazım olan bütün məlumatları ona verib. Beləliklə, Oruc Şirəliyevi izləyən Elçin 2013-cü il aprelin 13-də onu çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

Qətldən sonra Oruc Şirəliyevə məxsus Şəki şəhərindəki ev, marşrut və yük avtobusları özünü kriminal avtoritet kimi qələmə verən 28 yaşlı Rüfət Nurəliyevin vasitəsi ilə satılaraq pulları bölüşdürülüb. Vüsal Mustafayevlə Bürhan Şirəliyev isə əvvəlcə qətli törətməyin müqabilində Elçin Məmmədova vəd verdikləri pulu ödəmək istəməyiblər. Lakin Elçin onlara hədə-qorxu gəldiyindən pulun yarısını - yəni 10 min manatını ala bilib.

Araşdırmalarla daha sonra müəyyən edilib ki, saxlanılan şəxslərin bir hissəsi digər şəxslərlə əlbir olaraq Şəki şəhərində evlərə quldur basqını, Beynəlxalq Bankın bankomat aparatlarını talamağa cəhd və digər bu kimi cinayətlər də həyata keçiriblər. Şəki şəhər sakini Ruslan Rəfiyev dəstə üzvlərinə bildirib ki, tanışı Xanlar Hüseynovun evində 200 min dollar pul və külli miqdarda qızıl var. Vüsal Mustafayev tanışı, 31 yaşlı Kamran Qafarovu da ətrafına cəlb edərək gecə saatlarında Xanlar Hüseynovun evinə gəliblər. Onlar başlarına maska keçirib evə girmək istədikdə həyətdə ev sahibi ilə qarşılaşıblar. Bu zaman elektroşok və gözyaşardıcı qaz balonundan istifadə etməklə Xanlar Hüseynova zor tətbiq ediblər. Onun əl qolunu yapışqan lentlə bağlayan quldurlar evi axtararaq 1400 dollar və 3600 manat pul tapıb aradan çıxıblar.

İstintaq daha sonra saxlanılan şəxslərin müxtəlif vaxtlarda Azərbaycan Beynəlxalq Bankının Şəki şəhərində yerləşən bankomat aparatlarını talamağa cəhd etdiklərini də sübuta yetirib. Vüsal Mustafayevlə Kamran Qafarov tanışları, Şəki şəhər sakinləri, 34 yaşlı Mikayıl Mustafayev və 38 yaşlı Rüfət Hüseynəliyevi də bu işə cəlb ediblər. Onlar əvvəlcədən bu məqsədlə qaynaq avadanlıqları və digər ləvazimatlar alaraq bir neçə dəfə bankomatları yarmaq istəyiblər. Lakin qaynaq aparatından istifadə edə bilmədiklərinə görə istəklərinə nail ola bilməyiblər. Cinayətlər zamanı istifadə olunan qaynaq avadanlıqları, lüləsi və qundağı kəsilmiş tüfəng, gözyaşardıcı qaz balonu, elektroşok aparatı və digər vasitələr saxlanılan şəxslərdən aşkar edilərək maddi sübut kimi götürülüb. Qeyd edək ki, dəstə üzvləri saxlanılarkən hər birinin üstündən narkotik maddə olan heroin də aşkarlanıb. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları xeyli müddətdir ki, Şəki şəhərində narkotik maddələrin satışı ilə məşğul olan şəxsləri də ələ keçirib. Əvvəllər də narkotik maddə satdığı üçün dəfələrlə məhkum olunan 44 yaşlı İlqar Teymurov və əlbir olduğu 44 yaşlı Loğman Abdullayev narkotik maddə satarkən cinayət başındaca tutulublar. Qeyd olunan faktlarla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır. Saxlanılan şəxslərin digər cinayətlər də törətdiyi ehtimal olunduğundan bu istiqamətdə araşdırmalar davam etdirilir.

Gördüyünüz bu şəxslərin cinayət əməllərindən zərər çəkmiş və ya hər hansı məlumatı olan vətəndaşların Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi"nə və ya yaxınlıqdakı polis orqanına dərhal məlumat verilməsi xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm