Nizami Cəfərovdan Rusiyada yaşayan nüfuzlu azərbaycanlılara çağırış: "Susmaq olmaz"
Bizi izləyin

Qırmızı.az

Nizami Cəfərovdan Rusiyada yaşayan nüfuzlu azərbaycanlılara çağırış: "Susmaq olmaz"

Nizami Cəfərov Rusiyada yaşayan nüfuzlu azərbaycanlılara çağırış:"Susmaq olmaz"

"Rusiyada yaşayan nüfuzlu, ictimai-siyasi, biznes sahəsində uğur qazanmış azərbaycanlılar Vladimir Jirinovskinin Azərbaycana və azərbaycanlılara qarşı təhqirlərinə münasibət bildirməlidirlər. Azərbaycandan deyilməsi öz yerində, amma bu sözlərin Moskvadan deyilməsi daha yaxşı olar, daha tez təsirini göstərər. Onlar bu məsələdə susmamalıdırlar".

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Rusiya Dövlət Dumasının vitse-spikeri V.Jirinovskinin Azərbaycan xalqının ünvanına söylədiyi təhqiramiz ifadələrə münasibət bildirərkən deyib.

Azərbaycanlı parlamentarinin sözlərinə görə, V.Jirinovski təxribatçıdır. Vaxtilə onu səfirlikdə işləyəndə təxribatlarına görə Türkiyədən qovublar. Elə o vaxtdan şovinist xəstə təxəyyülü ilə türk dünyasına, türklərə qarşı həmişə ağzına nə gəldi deyib. Bununla bu adam özünə imic qazanır: "Görünür, Rusiyanın siyasətində bu cür siyasi təlxəklərə ehtiyac var. Vitse-spiker Ziyafət Əsgərov da onun haqqında gözəl deyib ki, Jirinovski xəstə təlxəkdir. Yəni bu adam siyasi təlxəkdir, amma xəstə siyasi təlxəkdir. Bu əvvəldən onun təbiətinə qoyulan bir şeydir. Onun verdiyi izahatın demək olar ki, heç bir əhəmiyyəti yoxdur. Vaxtilə bizimkilər Peterburqa təhrif edilmiş formada Fitelbörg deyirdilər. Sizə deyim ki, Peterburqa Fitelbörg demək onun Azərbaycanı Xəzəri dənizi qırağında yaşayanlar kimi izah etməsindən daha məntiqlidir. Birincisində yenə heç olmasa, poeziya, etnoqrafiya var, bunda o da yoxdur. Yəni bu adam özünü gülünc yerinə qoyub. Jirinovski bədbəxt adamdır. Biz ona daha nə deyək? Onsuz da nə desək, heç bir əhəmiyyəti yoxdur".

Bununla belə N.Cəfərov hesab edir ki, Rusiyada yaşayan nüfuzlu azərbaycanlı ictimai-siyasi xadimlər, tanınmış iş adamları məsələyə mütləq münasibət bildirməlidirlər: "Hər halda Jirinovskinin Azərbaycan və azərbaycanlılar haqqında təhqiramiz ifadələr işlətməsi nə bir, nə də ikinci dəfə deyil. O, çox belə hərəkətlər edib və yəqin ki, bundan sonra yenə də edəcək. Onsuz da ona cavab verib onu susdurmaq mümkün deyil, çünki xəstəni susdurmaq olmur. Amma hər halda müxtəlif formalarda Rusiya mətbuatında, ictimai yerlərdə ona qarşı reaksiya vermək lazımdır. Rusiyada xeyli nüfuzu olan azərbaycanlılar var. Onlar Dövlət Dumasına məktub yaza bilərlər ki, belə şeylərdən əl çəkilsin və yaxud Rusiya mətbuatında "Özünü yığışdır!" məzmunlu məqalə yaza və ya müsahibə verə bilərlər. Ondan sonra Jirinovski istəyər özünü yığışdırsın, istəyər yığışdırmasın. Amma bu məsələdə susmaq da olmaz. Gərək deyilsin, müqavimət göstərilsin".

Xatırladaq ki, V.Jirinovski çıxışında qeyd edib: "Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər - Xəzər dənizi, baca - yəni yer deməkdir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət deyil axı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm