• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

300 illik həsrət...

300 illik həsrət...

Bizim Qarabağlarımız

(Millət vəkili Qənirə Paşayeva)

Bakıda "Bizim Qarabağlarımız" adlı möhtəşəm bir gecə keçirildi. TİKA-nın Bakı ofisinin dəstəyi ilə keçirilən tədbirin önəmi çox böyük idi. İlk öncə 300 il əvvəl Qarabağdan Türkiyəyə köçmüş Qarabağlıların ailələri ilk dəfə Azərbaycana gəlmişdilər və onların sevincləri, hətta danışdıqları zaman tez-tez gözyaşlarını gizlədə bilməmələri, söylədikləri şeirlər, səsləndirdikləri türkülər tədbirdə iştirak edən hər bir kəsə duyğulu anlar yaşatdı. Tədbir zamanı çıxışımda da xüsusilə vurğuladım ki, bu tədbir tariximiz üçün də önəmlidir. Dağlıq Qarabağın tarixini saxtalaşdırmaq istəyən ermənilərə ən gözəl cavablardan biridir. Qarabağdan Türkiyəyə köçüb getmiş insanlarımız Qara bağdan heç bir zaman ayrılmamışlar və Afyon-Karahisarda Qarabağ adı ilə Böyük Qarabağ, Yeni Qarabağ, Dərə Qarabağ da daxil olmaqla 5 böyük bölgə, kənd qurublar. 300 il keçməsinə baxmayaraq bizimlə eyni ləhcədə danışan və bütün adət-ənənələri qoruyan qardaş-bacılarımızın tariximizə, adət-ənənəmizə bu qədər sahiblənməsi insanı duyğulandırmaya bilməzdi. Tədbirdə təşkilatçılara təşəkkür etməklə bərabər söz verdim ki, mütləq Türkiyədəki Qarabağlarımızla bağlı bir yazı yazıb bu barədə xəbəri olmayanlara tariximizin bu səhifələri ilə bağlı müəyyən bilgilər verəcəm. Amma təbii ki, daha geniş yazımı Afyon-Karahisara, Qarabağ kəndlərinə planlaşdırdığım ziyarətimdən sonra yazacam və bu istiqamətdə geniş araşdırmaların tariximiz və insanlarımız üçün faydalı olacağına inanıram. Qarabağlı qardaşlarımıza dəvətləri üçün təşəkkürlər. İnşallah yaxın zamanlarda Türkiyədəki Qarabağlarımızı görmək nəsib olur deyə düşünürəm.

O KÖY BİZİM KÖYÜMÜZDÜR...

İndi bu kövrək, həsrət dolu şərqini bizlərdə daha çox el şənliklərində, toy-büsatlarda oxuyurlar.Hər sətirbaşı “bu ayrılıq nədən oldu?” – deyə...

Ancaq zamanında nəsibi ayrılıq olmuş toplumların ortaq qəm dilmancı kimi dildən-dilə ötməyi vardı.

Nədən oldu?

Bu ayrılığın “vəsfi-halımı bilmədən, sən gedəli mən gülmədim” nisgili şeirə-sözə köçdü.

Bu ayrılığın “ bu dərdlər necə dərd oldu, gözüm yolunda dörd oldu” sızlaması zaman-zaman öz arxasınca heç unudula bilməyən, xalq yaddaşında möhürlənən bayatı, şikəstə abidələıri çəkib apardı; fikir, xəyal, vəfadarlıq qismində:

Mən aşiqəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Aləm cənnətə dönşsə,

Yaddan çıxmaq Qarabağ...

Dərdini-kədərini şerin-sözün diliylə izhar etmək, bu pünhan duyğuyla dilə gətirmək bizlərə ozanlar ozanı Dədəm Qorquddan qalma bir ənənədi. Böyük Oğuz tayfalarının bu müdrik babası “Elim, hey!” səslənişiylə üz tutmuşdu, “nə biləyim, bu qəzalar sənə nədən gəldi, bu ayrılıqlar nədən oldu?” – deyə sual eyləmişdi, sorğu sormuşdu, “Ağız-dildən bir qaç kəlmə xəbər” yolu bəkləmişdi, “əzəldən yazılmasa qul başına qəza gəlməz” təsəllisiylə ovuşmuşdu özünü.

“Haqq-Təala könlünə ilham edərdi” Qorqud atamızın və yaranışından Oğuzun bilicisiydi o kişi.

Bu, həmən Oğuz qövmüdü ki, 10-cu əsrdə Orxan bölgəsindən Ceyhun çayı sahillərinə, 11-ci yüzil civarlarında isə İran, o taylı-bu taylı Azərbaycan və Anadoluya köçləri başlamışdı. Ceyhun və Seyhun çayları hövzəsini əhatə edən Aral gölü sahillərindən ayrılıb bir yönü Dəmir Qapı Dərbənd, bir yönü Mil-Muğan çevrəli Aran elləri, bir səmıti Ağrı dağı ətəkləri boyunca binə binələyib, yurd salmışdılar. Böyük Teymurun diliylə demiş olsaq, Mülki Turan, Əmiri Türküstan olmuşdular.

O gözəl günlərin birində Oğuz Xaqanın vəziri Uluğ Türk (yəni, Ulu Türk) yuxusunda bir qızıl yay və üç gümüş ox görmüşdü. Bu qızıl yay Gündoğandan ta Günvatana qədər uzanmışdı. Üç gümüş ox da güney səmtə süzmüşdü.

O behiştlik Ulu Türk qalxıban yuxudan Oğuz Xaqana “Ey xaqanım, sənin ömrün xoş olsun!” – söyləmişdi – Göy Tanrı yuxumda nə verdi gerçək olsun,Tanrı bütün dünyanı sənin soyuna bağışlasın!”

Ertəsi gün Oğuz Xaqan bütün oğullarını ətrafına toplamış, “Ey oğullarım, - söyləmişdi – Gün, Ay, Ulıduz, dan yerinə sizlər varın, Göy, Dağ, Dəniz, tüm yönünə sizlər varın!”

Yaxın günlərdə, Novruz Bayramı öncəsi – martın 9-da Bakıda “Bizim Qarabağlarımız” adı altında düzənlənən simpozium və bədii-musiqili proqramına göz yetirib, dinləyə-dinləyə həm də tarixin bu unudulmaz olaylarına dinmək kəilmişdim.

“Bizim Qarabağlarımız” arasına düşən ayrılıq qübarının nədənlərinə cavab aramaqdaydım. Bir xalqın, toplumun iki, üç, bəzən dörd-beş cür taleyi olması gerçəkliyi yandırıb-yaxırdı məni. “Bizim türkümüzdə həsrət var, balam, dərd var, göz yaşı var, kədər var” – deyə tarixə səslənənlərin atar damarına dönüb qalmışdım. O dəyərli simpoziumda söylənənlər “Kimik, nəçiyik, haradan gəlib, hara gedirik?” sualı gözlərim önündən tarixin qalın sirr pərdələrini, gizlin məqamlarını qaldırmaqdaydı. Dinlədikcə artıq zamanın əlyetməzliyində qalmış mürgülü dünyasını günümüzə, yaşadığımız ana çəkməkdə idi. “Sən bura qəribmi gəldin, neçin ağlarsan, bülbül, hey!” sızılarının, bir son nöqtəsiydi yaşanan o gün!

Bakının dənizkənarı bulvarına qucaq açan Park İnn mehmanxanasında düzənlənən simpoziumda araşdırmaçı alim, Türkiyənin Kocaeli Universitetinin yaxın dövr tarixi bölümünün müəllimi, dəyərli araşdırmaçı, əslən Qarabağlı olan İbrahim Şirinin “Qarabağ tayfalarının Anadoluda yerləşməsi, sosial və iqtisadi tarixi” mövzusunda etdiyi məruzə öz tarixi-elmi dəyəri ilə bərabər son dərəcə kudsal, nostalji duyğulaırı da oyatmaqda idi. O simpoziumda deyilənləri dinlədikcə düşünürdüm ki, Türklərin M.Ö. 2000-ci ildə, daha qədim çağlarda Sayan-Altay dağlarının şimali-qərb bölgəsində, Yenisey çayı boylarında yaşamaları, bu gün Sibir adıyla tanınan geniş coğrafi ərazilərə sahib olduqları get-gedə necə bir sürətlə əfsanəyə, nağıla çevrilirsə, gözəlimiz Türkiyənin Afyon vilayətinin Bolvadin qəzasında yaşamaqda olan Qarabağ insanlarının da nə zaman, hansı tarixi şəraitdə Anadoluya üz tutduqları, haradan gəlmələri eynilə o cür mifləşmiş bir tarixə dönür, adama nağıl, yuxu kimi gəlir. Ancaq tarix unudulmur, tarix unutmur həqiqəti də var! Ancaq eyni kökdən gəlib, eyni kökə gedən insanların, toplumun uzun illər boyunca çəkdikləri vətən həsrətini, yurd acısını özündə ifadə edən türkülərin sözaltı mənalarında yaşayan, ömür edən gerçəkliklər də var. Türkiyəli şair Vəsfi Mahir Qocatürk o könül nisgilinin bircə yarpağını, bircə məqamını necə də kövrək şəkildə ifadə edib misralarında:

Gözəl yurdum, dağlarını

Uzaqdaln görəsim gəlir.

Kəskin əsən yellərinə

Başımı verəsim gəlir...

“Aləm cənnətə dönsə yaddan çıxmaz Qarabağ!” harayının, səslənişinin məntiqi davamı, son ümid, güman yeri deyilən bu kövrək misralar. “Gözəl yurdum, dağlarını uzaqdan görəsim gəlir” istəyini, diləyini bir qarabağlı köçmən etməyib də kim edə bilərdi ki?!

Tarixin qaçılmaz gerçəkliyidi ki, 1896-cı il tarixli əhalinin qeydiyyataalma dəftərində Göl Qarabağı əhalisinin məskunlaşdığı bölgə Bozulsa tabe və Bolvadin qəzasına bağlı olmuşdur. Eyni zamanda Qarabağ kökənli insanların Anadoluya gəlişi Bozulusun tarixiylə yaxından bağlıdır.

Bozulus Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin ən önəmli ərazilərindən biri idi. 1540-ci ildə Bozulusun çox önəmli bir qisminin Səfəvi dövlətinin idarəçiliyində yer alması da bir gerçəklikdi. Səfəvi sarayında xüsusi mövqe qazanan Bozulusluların həm Azərbaycandan, həm də Anadoludan köçərək İrana getdiklərini tarixi qaynaqlar isbatlayır. Tarixçi İbrahim Şirinin də xüsusilə vurğuladığı kimi, Anadoluda Qarabağ kökənli icmanın söz konusu olması 1540-cı ilə təsadüf edir. Qarabağ aşireti həmin tarixdən etibarən Diyarbəkir, Sival və Ədirnə yaxınlığındakı Çirmen qəzasında həm oturaq, həm də köçəri həyat tərzi keçirən Qarabağ mühacirlərinin hansı səbəbdən İrana köçmə səbəbi özgə bir söhbətin mövzusudu. Əsas olan odur ki, Səfəvi dövlətinə köçmək zorunda qalan, hətta bu dövlətin qurulmasında aparıcı rol oynayan Türkmənlərin çoxu Qaraqoyunlu və Ağqoyunlu bakiyesi olan Bozulusdu. Və bunlar tarixən Qızılbaş tayfası olaraq anılmışdılar.

Bu tarixi olaylar haqqında deyilənləri dinlədikcə uzun illər boyu heç unutmadığım bir şerin misraları ürpədir yaddaşımda: “Qərib durnalara daş atma, oğlum, qəribələr atılan daşa dillənmir...”

O vaxt-bu vaxt, talelərinə mühacir ömrü yazılıb elə bil...

Sultan məmurları tərəfindən sayğısızlıq görüb, yaylaq yerlərini itirmələri səbəbindən Səfəvi dövlətinə sığınmışdılar. Osmanlı dövlətində Ağqoyunlu təbbəəsi olaraq etibar edilməyən, bu səbəbdən Səfəvi dövlətinə pənah aparan türkmən toplumu Şah Abbas dönəmində əks münasibətilə üzləşdi, başda Bozulus və digər Türkmən elləri, təbii ki, Qarabağ mühacirləri də daxil olmaqla əvvəlcə Qarabağa, sonra Anadoluya üz tutmalı oldular...

Edilən məruzələri, çıxışları dinlədikcə həmin dönəmdə Aydın və Manisaya yerləşib, Aydın və Sarıhanda yarımköçəri həyat sürən Qarabağ insanlarının heyvandar həyatı gözlərim önündən kino lenlti kimi keçməkdə idi. Yaylaq-qışlaq həyatı bu ellərə doğmaların doğmasıydı. Ancaq get-gedə artıb-çoxalmaları səbəbindən yer-yurdlarının sınırları daralmış, nəticədə mənbələrdə qeyd olunduğu kimi Qarabağ mühacirləri 1702-ci ildə Qarahisarın Sahib sancağına bağlı Barçıklı qəzasına bağlı olan Sivri Karkin köyünə yerləşmiş, Sivrihisar yaxınlığında Candan Körpüsü, Ali Tan, Zabdalı, Ömər Hacı və Mastar köylərində məskunlaşmağa başlamışlar. 1785-ci ildə Qarabağ toplumunun bir qismi müqavilə ilə Bolvadin mənzilinə yerləşməsi oldu. Bir qismi İncirliovaya bağlı Qarabağ köyündə oturaq həyata keçdi. Muğlaya gedənləri oldu. Bir qrupu Turqutrəis Qarabağ kəndinə bağlı yaylaq və qışlaq yerlərində ömür sürdülər. Kars Digor Qarabağ və Kağızman Qarabağ adlı kəndlərin qurcuları oldular. Konyada, Əksişəhər qəzalarında, Aryen vilayəti civarında ömür etdilər, Bolvadinə bağlı Böyükqarabağ, Ortaqarabağ, Dərəqarabağ, Sultandağında Yeni Qarabağ kəndlərində məskunlaşdılar. Çukurcağ və Qaraçinar kəndlərinin də Qarabağlı ərənlər tərəfindən qurulduğu takrixin bir gerçəkliyidi. Deyilənlər, tarixi fakt kimi göstərilənlər könül küsündürür, qəlb yaralayır; 1966-cı ildən başlayaraq Qarabağlıların iş dalınca Avropaya üz tutanları çoxalır. Öşzəlliklə də Almaniya və Belçikaya. 1969-cu il Ortaqarabağlılar üçün sıxıntılı bir il olur; Ebir gölünə bağlı bir gölün daşması səbəbindən Qarabağlılar köçmək zorunda qalırılar. 1973-cü ilə qədər çadırlarda yerləşirlər, sonra Bolvadində hazırda yaşadıqları Qarabağ və Müslümana məhəlləsinə yerləşirlər, Türkiyənin dörd bir yanına üz tutanları da olur.

Deyilənləri dinlədikcə, yazılanlarla tanış olduqca ustad Hüseyn Cavidin misralarını anıram:

Örtünmə, dur! Kimsən, nerəlisən sən?

Gözəl qaçqın, başı bəlalı qaçqın.

Gülümsə, nur saçılsın üz gözümdən,

Ey hər halı mələk ədalı qaçqın.

Sən döyüldükcə və öldükcə yaşadın.

Emirdağ və Bolvadinə sığındığın, məskunlaşdığın anda belə Qarabağlı olaraq tarixən mənsub olduğun, odlar yurdu Azərbaycana bağlı yer-yurd adlarını unutmadın, oturduğun oymaqlara, yurdlara daşıdın. Nə Ağdamlı, Şuşalı olduğunu, nə Gəncəli, nə Göyçəli olduğunu unuda bildin. Bademlidə, Davulğada Çıraxlı kəndini qurdun, Cocuqlu deməkdən heç usanmadın.

Qarabağdan ayrılaraq Anadolu ellərini dolaşdınız, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin təməlinə daş qoydunuz, İrana sürüldünüz, ancaq Qarabağlı kökənizə sahib olaraq yaşadınız.

Qarabağ sizdən ötrü Oğuz babalarınızın gəlib-keçdiyi bir coğrafiyadan öncə bir yurd, vətən oldu. İbrahim Şirin tam haqlıdı ki, coğrafiyanın vətənə dönməsinin ən önəmli reallığı o torpaq üzərində yaşayanların özlərini o torpaqların özlərinə aid olduğunu hiss etmələridir.

Mənim Qarabağlı qardaşım-bacım, üstündən 300 il keçməsinə baxmayaraq qəlbiniz qan ağlayır ki, indi erməni tapdağı altında qalan Qarabağ köyləri sizin köyünüzdü. Bu hiss sizin qan yaddaşınızdan gəlir. Bizi bu yaddaş birləşdirir. Sizin doğma Qarabağdan ayrılmağınızın üstündən 300 il keçməsinə baxmayaraq yenə də fərqindəsiniz ki, o doğma yerlər sizin ata-baba yurdlarınızdı. Qarabağ önəmli bir türk vətənidi. Qarabağ Oğuz köçlərinin qapısı olaraq doğmadı bizə. Heç vaxt Azərbaycandan köçürüldüyünüzü, doğma Qarabağa bağlılığınızı unutmadınız, unuda bilmədiniz. Balanın ananı unuda bildiyi olurmu heç?.. Tarixi qaynaqlar bir haqqı, həqiqəti dönüb-dönüb önə çəkməkdə heç yanılmadı: “Bolvadində yaşayan Qarabağlıların bugünkü Qarabağdan Anadoluya köçürüldükləri, burada məskunlaşdırıldıqları tarixin gerçəyidi. Köçürülmüşlər, Anadolu, İran arası yürüməyə məcbur edilmişlər, ancaq heç bir halda hər hansı toplum içində əriyib getməmişlər. Öz kəndlərini qədim yurd yerlərinin adına uyğun olaraq yenidən qurmuşlar, o doğma adlardan vətən, doğma yurd qoxusu ala-ala yaşamışlar. Bu, tam bir Qarabağ insani əxlaqığı.

Bədnam ermənilər tərəfindən qaçqın və köçkün taleyi yaşamağa başladıqları bugünün özündə belə yenə də Azərbaycanın bütün bölgələrində məskunlaşdığı məkanlara doğma kəndlərinin, yurd-yuvalarının adını qoyublar; müvəqqəti yaşayış yerləri Xocalı, Xocavənd, Xankəndi, Şuşa, Laçın və s. olaraq adlanmaqdadı. Anadoluda məskunlaşan Qarabağ insanlarının 300 ildən artıq bir zaman məsafəsində doğma ellərinə bağlı qalmaları etibarlı bir möhürbənddi ki, Qarabağ köklü türk torpaqlarıdı, Türk yurdudu.

Bu gün Azərbaycan türklərinin, Dağlıq Qarabağın köklü azərbaycanlı əhalisinin qanına susayan erməni vandalları 1845-ci il tarixli varidat dəftərinin, Bolvadin Qarabağ toplumu bəyi Mehmet bəyin nüfuz qeydinə nəzər salsalar görərlər ki, Vətən unudulmur, vətən unutmur. Görərlər ki, orda bir köy var, gedə bilsək də bilməsək də o köy bizim köyümüzdü.

Görərlər ki, o gözəlim Qarabağ torpaqlarının hər qədəmi “Ey türk, titrə və özünə dön!” səslənişi etməkdədi günün hər saatında.

Görərlər ki, Qarabağ köçkünü, qaçqını olan hər bir Azərbaycan insanının dil ucunda “Göynən gedən beş durnalar, bizim ellər yerindəmi? Bir-birindən xoş durnalar, bizim ellər yerindəmi?” sorağının heç əksik olduğu zaman olmayıb.

9 mart 2014-cü il tarixdə Bakıdakı Park İni mehmanxanasında keçirilən “Bizim Qarabağlarımız” simpoziumunda edilən məruzələri, səsləndirilən mahnılaırı dinləyə-dinləyə bu düşüncələr kino lenlti kimi keçirdi yaddaşımdan...

Anadolu-Cənubi Azərbaycan-İran arası didərgin ömrü yaşayan Qarabağlı soydaşlarımızın ağrı-acılı taleləri zəhərli bir ox kimi canımdan-qanımdan keçib gedirdi.

Yüzillər boyu tərki-diyar olmuş, Afyon vilayətinə bağlı Bolvadin qəzasında məskunlaşmış Qarabağ türklərinin hər səhər Qarabağ, Ağdam, Göyçə, Cocuqlu, Çıraçqlı kəlməsinə açılan dilləri, doğma yer-yurd adları nə deyir özlərini qanun, müstəqillik qarantı kimi bəyan edən aparıcı dünya dövlətlərinə?

Bu adların fərqinə varmaq istərlərmi?

Xəbər lenti

DAHA ÇOX XƏBƏR