Türk qadınına univeristetin qapısını tanıdan şuşalı xanım - Foto, Video
Bizi izləyin

Qırmızı.az

Türk qadınına univeristetin qapısını tanıdan şuşalı xanım - Foto, Video

Türk qadınına univeristetin qapısını tanıdan şuşalı xanım

Qüdrətli fikir və parlaq əməllər adamı olan Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti bu günlərdə yenidən diqqət mərkəzinə gəldi. Mərhum professor Əziz Mirəhmədovun qızı Dilarə Əlizadə atasının heç yerdə çap edilməmiş 14 çap vərəqi həcmində “Əhməd bəy Ağaoğlu” monoqrafiyasını ictimaiyyətə təqdim etdi.

Əziz Mirəhmədov ədəbiyyatşünas və tənqidçi olub, Azərbaycan ədəbiyyatı üçün canını şam kimi əridib. Amma məsələ ondadır ki, Ağaoğlu ailəsi haqqında iri araşdırmalar aparılsa da bu günün azərbaycanlısı sanki bu möhtəşəm qarabağlı ailəsi və ailənin başçısı olan Əhməd Ağaoğlu haqqında yetərincə məlumatlana bilmir.

Şəksiz bir həqiqət odur ki, Ağaoğlular ailəsi milli dəyərlərimizdəndir və Türkiyənin inkişafı naminə gördükləri işlərin sayı-sanbalı yoxdur.

Ailənin ikinci övladı olan Tezər Taşkıranın qızı Suna Taşkıranın əri, məşhur fotoqraf Ara Gülər,Türkiyənin məşhur qəzetçisi Sənəm Altanla söhbətində haqlı olaraq deyir ki, Ağaoğlu ailəsi olmasaydı, Türkiyə Respublikası qurulmazdı. Həyatı boyu bir milyondan artıq fotoşəkil çəkmiş , dünyanın ən qüvvətli fotoqraflarından sayılan Ara Gülər ermənidir.

Taleyin belə gərdişləri var. 20-ci əsrin əvvələrində “Difai”təşkilatı yaradıb erməni daşnaklarına qarşı silahlı mübarizə aparan, adı gələndə ermənilərin kin və qəzəblərini gizlədə bilmədiyi böyük Azərbaycan kişisinin nəvəsi məşhur erməni fotoqrafına ərə gedib. Amma bu da var ki, Ara doğulub boya başa çatdığı İstanbulun şəhər ritminə çox bağlı olub və dünyanın fotosərgilərini bəzəyən fotoları Türkiyənin mədəni irsi sayılır, Ermənistanın yox. Ara Gülər Ağaoğlular ailəsinə hörmətini gizlətməyən şəxslərdəndir. O danışır ki, türkçülüyün canını öz ruhunda saxlayan bu ailə Türkiyədə başdan-başa “ilk”lərə imza atmış bir ailədir.

Əhməd Ağaoğlu “Anadolu” Xəbər Agentliyinin ilk baş direktoruluğu ilə yanaşı, başqa ilklərə də imza atıb. Bu haqda Ağaoğlularla bağlı başqa bir yazıda söhbət açacağıq.

Sürəyya Ağaoğlu Türkiyənin ilk qadın vəkili olub. Tezər Taşkıran Türkiyədə ilk qadın məktəb direktoru olub. Gültəkin Ağaoğlu Türkiyənin ilk qadın uşaq həkimi olub.

Türkiyə mətbuatında hərdən belə fikirlər səslənir ki, ailə masonluğa bağlı olduğu üçün böyük uğurlara imza atıb. Atatürkün özü kimi, yaxın çevrəsini də masonçu düşüncə və əməllərə bağlamaq cəhdləri səngimir...

Bizsə o nəsnələrdən söhbət açmaq istəyirik ki, fəxr və qürur duyğusu dadızdırır...

Ailənin ilk övladı olan Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşa şəhərində anadan olub. Ailə 1910-cu ildə İstanbula köçür. Respublikanın ilk illərində ailə o zamankı türk elitası ilə qaynayıb qarışmışdı. Sürəyya Ağaoğlu Atatürklə bağlı köhnə xatirələrindən söz açaraq yazrıdı ki, mən Atatürkü çox gənc yaşlarımdan tanımışam. İlk tanışlıqlar Ankarada bu böyük insanı yaxından seyr etmək sevincindən ibarətiydi. O danışır ki, Mustafa Kamal Paşa həyat yoldaşı Lətifə xanımla evimizə tez-tez gələrdilər. Bacımızla etdiyimiz nadincliklərə baxıb ucadan gülərdilər. Sürəyya xanım respublika elan olunana qədər Türkiyədə iztirablı günlər yaşadıqlarını söyləyərdi.

İstanbul işğal olunan vaxt oxuduqları litseyin üzərindəki türk bayrağını götürüb, yerinə ingilis bayrağı asmışdılar. Bununla barışmayan Sürəyya dostları ilə bir yerdə gecəyarısı ingilis bayrağını çıxarıb, türk bayrağını yerinə asır.

“Biri gəib sizin ölkənizi işğal etsə, siz də eyni davranışı sərgilərdiniz... “, deyəcək qədər cəsur bir qızdı Sürəyya xanım .

İstanbul Qız Litseyini üzağardan qiymətlərlə başa vurduqdan sonra, İstanbul Darülfununun (Universitetinin) Hüquq Mədrəsəsinə daxil olmaq istəsə də, istəyi baş tutmamışdı.

Hüquq Mədrəsəsi qızların üzünə bağlıydı. Amma Ağaoğlu bu fakültəni açdırmaq və qadınların da orada təhsil almaları niyyətindəydi. Rəfiqələri Medya və Bedia ilə fakültənin açılmasına nail olur. Şərt belə olur ki, qızlarla oğlanlar bir yerdə təhsil ala bilməzlər. Günortayadək oğlanlar, günortadan sonra isə qızlar hüquq fakültəsində təhsil almağa başlayırlar.1925-ci ildə hüquq fakültəsini əla qiymətlərlə bitirir. 1927-ci ildə Ankara Vəkillər Kollegiyasına qəbul edilərək Türkiyənin ilk qadın vəkili adına sahib olur.

Universitetdə təhsil aldığı dönəmlərdə Atatükün həyat yoldaşı Lətifə xanımla yaxın münasibətlər saxlayırdı. Lətifə xanım Mustafa Kamal Paşa ilə Ankaraya gəldikdən sonra Sürəyya xanım Ağaoğlu qadınlarla bağlı türk cəmiyyətində hökm sürən növbəti bir qadağanın aradan qalxmasının səbəbkarı olur.

Keçmiş Ankara xatirələrini vərəqləyən ilk qadın vəkil deyir ki, o dövrdə Ankarada dövlət qulluğunda çalışan qadınların nahar etməsi əməlli-başlı problemə çevrilmişdi. Ümumiyyətlə, qadınlar yeməkxanalara gedə bilməzdilər.

“...Çünki o dövrdə Ankarada “İstanbul lokantası”ndan savayı nahar etmək üçün başqa bir yer yox idi və bütün millət vəkilləri də nahar etmək üçün oraya gəlirdilər. Bir gün atamdan icazə alıb rəfiqəmlə oraya getdik. Münasib yerdə əyləşib nahar etməyə başladıq. Hamı heyrət içində bizə baxırdı...İki gənc qız təkbaşına lokantada əyləşib yemək yeyirdi...

Sabahısı gün bütün Ankara bu hadisədən bəhs edirdi. ..Atamın da qulağına dedi-qodular çatmışdı”.

Bir dəfə Qazi ( Cümhuriyyətin qurulduğu ilk illərdə Mustafa Kamal Paşanı belə adlandırırdılar) Əhməd Ağaoğlunun evinə gələrkən Sürəyya yeməkxana hadisəsini ona anladır.

Ertəsi gün Mustafa Kamal Paşa ilə birgə bir neçə millət vəkili və həyat yoldaşı Lətifə xanım Sürəyyanı və onun rəfiqələrini nahara dəvət edirlər. Yazılmamış qadağa sınır və bir neçə nazirin və millət vəkilinin həyat yoldaşları yeməkxanada nahar etməyə başlayırlar. Mustafa Kamal Paşa bu addımıyla qadınların cəmiyyət içərisində hərəkət sərbəstliyini qorumaq istədiyini göstərdi...

Ailəsi yenidən İstanbula köçdüyü üçün Sürəyya Ağaoğlu 1936-cı ildə Ankara Vəkillər Kollegiyasından çıxaraq, İstanbul Vəkillər Kollegiyasına üzv olur.

İngilis və fransız dillərində sərbəst danışan Sürəyya Ağaoğlu vəkil kimi çalışdığı müxtəlif illərdə Türkiyəni beynəlxalq hüquq konfranslarında ləyaqətlə təmsil edib və 1946-cı ildə təmsil etdiyi İstanbul Vəkillər Kollegiyasını müstəsna fəalliyət nümayiş etdirərək Beynəlxalq Vəkillər Kollegiyasına üzv etdirib və 1946-1960 –cı illərdə İstanbul Vəkillər Kollegiyasının sədri kimi də çalışıb.

1952-ci ildə isə Beynəlxalq Qadın Hüquqşünaslar Birliyinə üzv seçilir və 1960-cı ildə isə bu qurumu Birləşmiş Millətlər Təşkilatının Cenevrə Komitəsində təmsil etməyə başlayır.

1960-cı ildə Yassıadada Demokrat Partiyasının məhkəməsi zamanı bu iqtidarın hakimiyyəti dövründə, baş nazirin müavini, nazir vəzifələrini daşımış, Manisadan millət vəkili seçilmiş və sonucda məhkəmədə müttəhimlər kürsüsündə əyləşən qardaşı Səməd Ağaoğlunun vəkili olur.

Səməd Ağaoğlunu diktatura rejimini quranlara yardım etməkdə, Konstitusiyanı pozmaqda, hakimiyyətdən maddi qazanc naminə sui-istifadə etməkdə təqsirləndirirdilər. Sürəyya xanım başqa bir vəkillə qardaşının müdafiəsinə qalxır.

Cövdət Sunayın prezidentliyi dövründə -1964-cü ildə Səməd Ağaoğlunu həbsdən azad edirlər. Bir müddət siyasətdə də özünü sınayır azərbaycanlı vəkil xanım . O, 1960-cı ildə Yeni Türkiyə Partiyasının qurulmasında iştirak edərək, partiyanın İstanbul bölümünə rəhbərlik edib.

Onun Türkiyədə vətəndaş cəmiyyətinin qurulmasında və qadınların ictimai həyata cəlb olunmasında da ölçüyəgəlməyən fəaliyyətləri olub. O, bütün fəaliyyəti ilə türk qadınların sosial həyatda rol almasına çalışırdı. Türkiyə tarixində ilk dəfə qadının əlindən tutub onlara universitet qapısını tanıdan da aqzərbaycanlı Sürəyya xanım olmuşdu. Qadınlar üçün Universitetdə hüquq fakültəsinin açılmasına cidd-cəhdlə çalışıb nail olmaqla.

O deyirdi ki, əsrlər boyu Bizans və İslam mədəniyyətindən təsirlənən türk qadınının ictimai həyatda, dövlət işlərində təmsil olunması cəmiyyətə yalnız fayda verə bilər.

Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin qurulmasını təşkil edir, Ali təhsillii Qadınlar və Fikirləri Azad Yayma cəmiyyətlərini yaradır. O, 1948-ci ildə Türk Amerika Univeristetləri Dərnəyi ilə birgə Uşaqların Dostu Dərnəyini qurur. Beləcə, Türkiyədə bu gün də fəaliyyət göstərən bir sıra tanınmış ictimai təşkilatların yaradıcısı olur.

Bu dərnəyi yaratmaq ideyası onun ağlına Amerika Birləşmiş Ştatlarında səfərdə olan zaman gəlmişdi. Amerikada da belə bir dərnək vardı və bu təşkilat sahibsiz uşaqların problemləri ilə birbaşa məşğul olurdu. Ölümündən bir il sonra şuşalı vəkilin yaratdığı Uşaqların Dostu Dərnəyinə onun adı verilir və bu gün də fəaliyyət göstərən dərnək Sürəyya Ağaoğlu adına Uşaqların Dostu Dərnəyi adlanır.

O,1950-ci ildə alman hüquqşünası Verner Taçenberqlə ailə qurur, onların evlilik həyatı 60-illərə qədər uzanır. Sürəyya Ağaolu boşanmağa qərar verir. Onların uşağı olmur. Uşaqların Dostu Dərnəyinin fəaliyyətinə həssaslıqla vaxt ayırması və can yandırması Sürəyya xanımın övladsız olması ilə də bağlıydı. Şəxsi həyatındakı boşluğu sahibsiz uşaqlara göstərdiyi qayğı ilə doldurmaq istəyirdi.

60-cı illərin türk mətbuatı yazırdı ki, Atatürkün fəaliyyətləri sayəsində maarifçilik alovu türk qadının həyatına bir günəş kimi doğdu və bütün bunlara yaxından şahidlik etməklə, öz həyatında yaşamaqla,yeniliklərə baş vurmaqla Sürəyya xanım Ağaoğlu modern türk qadınının əsl nümunəsini göstərdi.

Xanım Ağaoğlu 65 illik vəkillik fəaliyyəti boyu hüquqa və hüquqi müdafiə məsələlərinə aid çoxsaylı elmi əsərlər və məqalələr işləyib hazırlamışdı.

Onun publisistik dildə yazmış olduğu “Londonda gördüklərim” və “Bir ömür də belə keçdi” kitabları oxucular tərəfindən indi də xüsusi heyranlıqla oxunur.

Təəssüf ki, Ağaoğluların yazdıqları kitabların heç biri bu günədək doğma Azərbaycan dilinə tərcümə edilməyib.

Yazıçı –jurnalist Vasif Quliyevin müəllifi olduğu “Ən yaxın dost” kitabında Sürəyya xanım Ağaoğlunun ölümünə bir il qalmış vətənlə bağlı duyğuları və öz dilindən söylədikləri əksini tapıb. O, vətənlə bağlı düşüncələrini yaxın qohumu Nigar Axundova ilə paylaşıb;

“Məndən soruşsalar ki, vətənin haradır? Cavab verirəm: Şuşada doğulmuşam, orada dil açmış, ilk addım atmış, yeriməyə başlamışam. Ulduzlu səmanı ilk dəfə orada seyr etmişəm, güllərinin ətrini ilk dəfə orada duymuşam. Azərbaycan dilində bir söz, söhbət, musiqi eşidəndə uşaqlıq xatirələrim məni öz qoynuna alır”.

Uzun ayrılıqdan 73 il keçdikdən sonra Bakıya gəlmişdi. Şuşanı görmək istəyirdi. Şərait yaradılmadı. 1989-cu ildə Bakıya gəlmək istəyirdi. Atasının 120 illik yubileyi münasibətilə keçirilən sesseiyada iştirak etmək üçün. Ölüm imkan vermədi.

1989 –cu ilin 29 dekabrında İstanbulda “Qadın hüquqları və müasirləşmə“ adı altında keçirilən konfransdan çıxarkən qəfildən beyninə qan sızır və keçinir...

İstanbulun atası və qardaşının uyuduğu Fəriköy məzarlığında dəfn edilir.Sürəyya xanımın adı Türkiyədə yüksək tutulur.

Adına İstanbulda böyük bir küçə var. Poçt markalarında ,medalyonlarda şəkilləri təsvir edilir.İzmirdə yerləşən Türkiyənin Qadın muzeyində öncül qadınlar salonunda Sürəyya Ağaoğluya da aid bölümün olması fəxarətvericidir

Öncül Azərbaycan xanımı həqiqətən böyük əməlləri ilə hörmətə layiqdir.

Teymur Mahmudov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm